Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2738/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ailələrinə dəymiş 550 manat məbləğində maddi zərərin və 2000 mant məbləğində mənəvi zərərin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 45,50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, qızı, Mustafayeva Leyla Pərviz qızı Sumqayıt şəhəri, 21 nömrəli orta məktəbin 7-ci sinif şagirdidir. X9 isə qızının sinif yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qızı Mustafayeva Leyla öz sinif otaqlarında (6cı dərs) ədəbiyyat dərsində idi. Ədəbiyyat fənnini tədris edən Sevda müəllimə dərsin bitməsinə təqribi 15 dəqiqə qalmış otaqdan çıxıb qarlı hava şəraiti ilə bağlı olaraq məktəbin müdiriyyətindən dərsi tez yekunlaşdırmaq üçün icazə almaq məqsədilə sinif otağından çıxmışdır. Uşaqların izahatından da göründüyü kimi müəllimin otaqdan çıxması ilə uşaqlar ayağa qalxmış və sinif otağında gəzməyə başlamışdır. Bu zaman qızının sinif yoldaşı X2 quş düzəldərək onu sinif otağında uçururmuş. Babayev Rəşid düzəltdiyi kağızdan quşu qızı Leylanın başının üzərində uçurduğu zaman qızı kağızı tutmuş, Babayev Rəşid isə kağızı onun əlindən sərt tutub çəkdiyi üçün kağız cırılmışdır. Rəşid qızına kağızı niyə cırdığını soruşduqda, Leyla “mən cırmamışam’’ deyə cavab vermişdir. Bu zaman X3 Leylanı üz nahiyyəsindən sillə ilə vurmuşdur. Müəllimə sinif otağına qayıtdıqda qızı müəllimə olanları danışdıqda müəllim ona inanmamış və dərsə davam etmişdir. Qızı evə gələndən sonra ona olanları danışmışdır. Daha sonra o, qızını təcili həkimə aparmış, həkim müayinəsindən keçdikdən sonra isə qızı Mustafayeva Leyla əməliyyat olunmuşdur. Hadisə ilə bağlı olaraq o, qızı ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 1 -ci Polis Bölməsinə müraciət etmişdir. X4 hələ yetkinlik yaşına çatmadığına görə barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən rədd edilmişdir. Lakin nəzərə çatdırmaq istəyir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 45 saylı ekspert rəyində Mustafayeva Leyla Pərviz qızının bədəni üzərində qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcəsinə görə sağlamığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Həmçinin, qızının səhhətinə vurulmuş ziyana görə ailələrinin 550 manat xərci çıxmışdır. Bundan əlavə, bu hadisə qızına mənəvi, psixoloji cəhətdən də zərər vermişdir. Həmçinin onun özü də qızının səhhətinə qulluqla bağlı olaraq da o, özü də neçə dəfə işindən qalmışdır. Buna görə də onların ailə büdcəsinə xeyli ziyan dəymişdir. X4 hələ yetkinlik yaşına çatmadığından sözügedən maddi və mənəvi zərəri ondan tələb etmək mümkün deyildir. Ona görə də, hesab edir ki, ailələrinə dəymiş maddi və mənəvi zərər X7 valideynlərindən tutularaq ona ödənilməlidir. İddiaçı və nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, oğlu X1 Leyla Pərviz qızı ilə Sumqayıt şəhər 21 nömrəli orta məktəbin 7-ci sinif şagirdləri olaraq sinif yoldaşıdılar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində məktəbdə oğlu və digər şagirdlər sonuncu dərsdə olmuşlar. Ədəbiyyat fənnini tədris edən Sevda müəllimə dərsin bitməsinə 15 dəqiqə qalmış otaqdan çıxmışdır. Oğlu kağızdan quş düzəldib uçurtmuş və düzəltdiyi kağız quş Leylanın başı üzərindən keçdikdə Leyla həmin quşu tutub cırmış, o, da ona yaxınlaşıb ondan onun kağız quşunu nə üçün cırdığını soruşmuş, o ona heç bir söz deməmiş, o, kağız quşu onun əlindən alıb atmaq istədikdə bilmədən əli onun sifətinə dəymiş, Leyla isə onun ayağına təpiklə vurmuşdur. Həmin vaxt sinif yoldaşları Fərhad, Əsəd, Aysel, İmran sinifdə onların yanında olmuşlar. Oğlu Leylanın burnuna xəsarət yetirməmişdir, sadəcə kağızı atdıqda əli onun sifətinə dəymişdir. Müəllimə sinifə daxil olduqda dərsi normal davam etdirmişdir və dərs bitdikdən sonra hamını yola salmışdır. İki gün sonra tanımadığı nömrədən təhqir və təhdid məzmunlu zənglər gəlmişdir. Danışıqdan başa düşmüşdür ki, oğlunun sinif yoldaşı ilə iki gün qabaq mübahisəsi olmuşdur. Oğlundan soruşanda nə baş verdiyini, o eyni məzmunlu izahat vermişdir. Bundan sonra məktəbə getmiş və orada müəllimə ona video görüntünü göstərmiş və sonra onlar biryerdə Sumqayıt şəhərində yerləşən xəstəxanaya getmişlər. X10 Pərviz qızını burun çəpəri əyriliyini əməliyyat edən 8 ay öncədən həkim bildirdi ki, Leylaya və anasına gülümsəyərək bildirdi ki, Leyla çoxdandır əməliyyat olduqdan sonra gəlmədiyinə görə burnunda şişlər əmələ gəlmişdir. Qızın hadisədən bir xeyli qabaq əməliyyat olduğunu orada öyrənmiş və orada həkim müayinəsindən sonra evlərinə getmişlər. Əgər orada qızın burnundan belə qan damcısı gəlsəydi həmən dərhal nə lazım idisə onlar öz tərəflərindən hər bir ana kimi qarşılayacaydır. Lakin, qızın atası İddiaçı hadisədən sonrakı gün yəni 12.0.2023-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 13-radələrində 2010-cu il təvəllüdlü qızı Mustafayeva Leyla Pərviz qızının oxuduğu Sumqayıt şəhər 21 saylı tam orta məktəbin sinifində qızı ilə yaşıd olan sinif yoldaşı Rəşad tərəfindən döyülməsini bildirmişdir. Həmin materiallar xx.xx.2023-cu il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və müstəntiq X6 icraatına verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərararı mühüm əhəmiyyətli pozuntular ilə tərtib edilmişdir. Birincisi, hamıya məlum hadisəni əks etdirən video görüntülər var. Həmin video görüntü ilə həm o, həm onun qardaşı, həm zərərçəkmiş şəxs və müstəntiq tanış olmuşlar. Orda açıq aydın görünür ki, oğlu Əli ilə Leylanın üzünə təsadüfən dəyir, nə şillə vurulur nə də ki döyür. Video da görünür ki, hadisə bir neçə saniyə olur və uşaqlar davam edir öz oyunlarına, Leyla isə təpik vurur və acıqlı öz partasına oturur. Hal-hazırda həmin videogörüntünü o, məhkəməyə təqdim etmək üçün müstəntiqdən istəsə də, o ancaq vəkil və ya məhkəmə sorğuna əsasən onları verə biləcəyini bildirmişdir. İkincisi, iş üzrə aparılmış “Məhkəmə- Tibii Ekspertiza və Pataloji Anatomiya Birliyi”-nin xx.xx.2023-cü il tarixli, 45 saylı ekspert rəyində Mustafayeva Leyla Pərviz qızının bədəni üzərində qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yarandığı xəsarətlərin dərəcisinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olduğu göstərilmişdir. Halbuki, məhkəmənin diqqətinə onu çatdırır ki, aparılmış ekspertiza hadisədən 2 (iki) həftə sonra təyin edilmişdir və müayinə edilmişdir. Qeyd etdiyi kimidə, Sumqayıt Hospitalda qızı əməliyyat edən həkim onlara bildirmişdir ki, xanımlar uzun müddətdi müayinəyə gəlmədiyindən onun burnunda şişlər yaranmışdır. Hesab edir ki, həmin ekspertiza rəyi etibarsızdır. Eyni zamanda Leyla hadisədən sonra hər gün məktəbə xəsarətsiz heç bir iz olmadan şikayətlənmədən məktəbə gəlirmiş. Necə ola bilər ki, təsnifatına görə az ağır sayılan xəsarətlər uzun müddət sağlamlağını pozmamışdır. Və valideyinləri tərəfindən niyə məktəbə müvafiq tibbi sənədlər təqdim edilməmişdir. Bunlar hamısı həmin ekspertiza rəyi əsassız və etibarsız sayılması üçün əsasdır. Üçüncüsü, ibtidai istintaqı aparan müstəntiq, işi hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, qərardan görünür ki, iş üzrə iki şəxs dindirilmişdir. Halbuki, şahidlər siyahısı daha genişdir. Həmin gün dərs deyən Sevda müəllimə və göstərilən sinifdə olan şagirdlər dindirilməmişdir. Bu isə oğlunun və onun hüquqlarını pozur və oğlunun barəsində ədalətli araşdırma prinsipinə zidd etmədiyi əmələ görə təqsirli göstərir. Video materialları təqdim etməyən və eyni zamanda onunla bağlı qərarda qeyd verməyən müstəntiq qərəzli şəkildə oğlunun gələcəyi ilə oynayaraq onlara da bir ailə kimi stress və sarsıntı yaşadır. Qızın ekspertizaya gec təqdim edilməsi qanuna ziddir və tək onun əsasında oğluna ittiham irəli sürülə bilməz. Bundan əlavə qeyd edir ki, Mustafayeva Leyla 12-13 yaşında burun əməliyyatı keçirmişdir. Həmin əməliyyatın o yaşda keçirilməsi, yetkinlik yaşına çatmadığına görə sümükləri incə və zəif olduğundan əməliyyatdan sonra həkim nəzarəti altında olması mütləqdir. Hadisə günü əməliyyatı icra edən həkimin sözlərinə görə burnun içində şişlər yaranmışdır. O, şişlərin yaranma səbəbi onun oğlu deyil, valideynlərin məsuliyyətsizliyidi, hansı ki hal-hazırda onların hesablarına düzəltmək istəyirlər. Əgər dəymiş zərər sağlamlığını mühüm dərəcədə pozmuşdursa, niyə dərhal sonra əməliyyat edilməmişdir. Göstərilən halların bir-birinə uyğun olmadığını və onların hesablarına əsassız varlanmaq niyyəti olmaqlarına qənaətinə gəlir. Bildirmək istəyir ki, oğlu müəllim və şagirdlər qarşısında hadisəni təsadüfən baş verməsini qeyd etmişdir və hamının qarşısında Leylanı incitdiyinə görə üzr istəmişdir. Lakin oğlu aldığı psixoloji travmadan bir müddət məktəbə belə getməkdən çəkinmişdir. Qızın atası, anası və digər qohumları onlara dəfələrlə zəng edərək təhdid edərək pul istəmişlər. Ailə olaraq həm o, həm atası 2-ci qrup əlil olaraq çox sarsıntı yaşadılar. Ona görə də hesab edir ki, iddia ərizəsi əsassızdır və iş üzrə digər şahidlərin iştirakı təmin edilməlidir. Həmçinin oğlunun ona ittiham elan edilmiş əməlini istisna edən video materiallar məhkəməyə təqdim edilməlidir və göstərilən maddi ziyan həkimin iştirakı ilə və ya tibbi sənədlər ilə məhkəməyə sübut kimi təqdim edilməlidir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X13 oglu hadisə zamanı L.Mustafayevanı vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun çəpərinin əyilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirdiyinə görə Rəşid Babayevin əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibi yaranmışdır. X15 xx.xx.2010-cu il təvəllüdlü olduğu üçün 14 (on dörd) yaşına çatmadığından CM-nin 20-c maddəsinə əsasən barəsində CM-nin 127.1-ci maddəsi ilə cinayət tərkibi başlanıla bilməz. Odur ki, X9 yetkinlik yaşına çatmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən rədd edilmişdir. İşə əlavə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məlumat verilməsi haqqında məktubdan görünür ki, xəstə xx.xx.2010-cu il təvəllüdlü Mustafazadə Leyla Pərviz qızı xx.xx.2021-ci il tarixində "xxxx" MMC klinikasında “Adenoid hipertrofiyası İİİ dərəcə, burun çəpərinin əyrliyi” diaqnozu ilə “Adenoidektomiya, Septoplastika” əməliyyatları icra olunmuşdur. Klinikanın xəzinədarlığına 500 (beş yüz) manat əməliyyat, 23 (iyirmi üç) manat isə rentgen müayinəsi üçün ödəniş edilmişdir. İşdə olan “Lor Center”-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2010-cu il təvəllüdlü Mustafazadə Leyla Pərviz qızı xx.xx.2023-cü il tarixində “Lor Center” klinikasına Residiv postravmatik burun çəpərinin əyriliyi “diaqnozu ilə daxil olmuş və xəstədə həmin tarixdə “Residiv Septoplastika” əməliyyatı aparılmışdır. İş materiallarında olan AZ-İİ № 450321 saylı, xx.xx.2010-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mustafazadə Leyla Pərviz qızı xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərin surətindən görünür ki, "xxxx" MMC-yə ümumilikdə 550 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, iddiaçıya qızının əməliyyatı üçün 550 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, tələb olunan maddi ziyana görə 550 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının mənəvi ziyana görə 2000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçıya müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 100 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh maddi zərərə görə 550 (beş yüz əlli) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat, cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 550 (beş yüz əlli) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat, cəmi 696 (altı yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2738/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2738/2023
12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver