Məhkəmə qərarları › İş №2(060)-275/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-275/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-275/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 32500 manat, maddi ziyana və əldən çıxmış faydaya görə 24375 manat, mənəvi ziyana görə 50000 manat, məhkəmədə hüquqularının müdafiəsi üçün çəkilən 500 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun, ümumilikdə 107415 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il iyul ayında cavabdeh ondan 40000 manat məbləğində borc pul almış və bu borcdan 7500 manat hissə-hissə geri qaytarmışdır. Onun 32500 manat əsas borcu qalmışdır. Borcu verdikdən sonra manat dəyərdən düşmüş, 3 il müddətinə əldən çıxmış fayda 24375 manat (32500 manat x 25%) olaraq zərər dəymişdir. Bu işlə bağlı keçirdiyi psixoloji sarsıntıya görə 50000 manat ziyan dəymişdir. Ümumilikdə 107415 manat maddi və mənəvi ziyanın və 40 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə yazılı ərizə təqdim edərək, cavabdehdən onun xeyrinə 32500 manat məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(060)-275/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək 32500 (otuz iki min beş yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(060)-275/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16.02.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən məbləği iddiaçıdan almamış, iddiaçıdan 12000 və 8500 manat, ümumilikdə 20500 manat borc alması barədə ifadə verərkən bildirmişdir ki, iddiaçı ilə aralarında iş birliyi olmuş və həmin dövrlərdə aralarında borc verib alma kimi hallar çox olmuş, lakin dəqiq yadında deyil. Ona görə də cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ondan başqa da bir-neçə nəfərdən də borc alıb qaytarmamışdır. Hər dəfə cavabdehə güzəştə getsə də, yenə borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat vermiş cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçıdan 12000 manat pul almış və həmin pulu 2600 manat əlavə olmaqla geri qaytarmışdır. Bundan əlavə iddiaçıdan 8500 manat da pul almış və həmin pulu da 1300 manat əlavə olmaqla geri qaytarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. 3 saylı Mənzil Kommunal Sahəsindən verilən 20.04.2020-ci il tarixli, 264 saylı arayışdan görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. 13 saylı Mənzil Kommunal Sahəsindən verilən 14.02.2020-ci il tarixli, 121 saylı arayışdan görünür ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 40 manat məbləğində pul ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X1 öz ifadəsində bildirmişdir ki, onun iddiaçı ilə yaxın münasibətləri var. İddiaçının cavabdehə borc pul verdiyini görməmişdir. Lakin, iddiaçı ilə ona cavabdehə 32500 manat borc verdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı digər şahid X2 öz ifadəsində bildirmişdir ki, iddiaçı ilə birgə işləmişlər. Onunla ailəvi dostdurlar. Cavabdehi də iddiaçı vasitəsi ilə tanımışdır. İddiaçı ondan 5100 dollar məbləğində pul istəmişdir ki, Cavabdehla iş birlikləri vardır. Onda olan məlumata görə cavabdeh iddiaçıdan borc pul almış, lakin həmin pulu geri qaytarmamışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İddiaçı cavabdehin ondan 32500 manat borc pul aldığını və borcu qaytarmadığını bildirir və həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllədə göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Hal-hazırda iddiaçı cavabdehin ona iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (106.3.). Göründüyü kimi əvvəlki məhkəmə iclasında cavabdeh iddiaçıdan 12000 və 8500 manat olmaqla ümumilikdə 20500 manat manat borc pul aldığını və həmin pulu qaytardığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan aldığını etiraf etdiyi üçün iddiaçı iddiasını həmin hissədə sübut etmək vəzifəsindən azad edilir. Həmin borcu qaytardığını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Lakin, cavabdeh həmin pulu qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı həmçinin iddianın qalan hissədə, yəni 12000 manat məbləğində pulun cavabdehə verməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Eyni zamanda şahidlər də öz ifadələrində iddiaçının cavabdehə borc pul verdiyini bildirmişlər. Bu səbəbdən iddia 20500 manat hissədə təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsinin verilməsi üçün 40 manat dövlət rüsumu ödəmişdir. Lakin, hazırkı iddia ərizəsi üçün 30 manat dövlət rüsumunun ödənilməsi kifayət etdiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 20500 (iyirmi min beş yüz) manat pul iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar