Məhkəmə qərarları › İş №2(060)-2753/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2753/2021

02.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2753/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının, Onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh onunla qonşudur. Cavabdehin bacısının onun anasına borcu olmuşdur. Bununla əlaqədar anası polisə şikayət eləmiş və dələduzluqla cavabdehin bacısına cinayət işi qaldırılmışdır. Bu ərəfədə cavabdeh bacısını cinayət məsuliyyətindən azad etmək üçün onlara olan borcunu ödəməyi öz üzərinə götürmüş və bildirmişdir ki, bankdan kredit götürüb pulunu qaytaracaq. Amma bunun üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O, da pulunun qaytarılması üçün razılaşaraq cavabdehə 3000 manat pul vermişdir. Lakin müəyyən müddət keçsə də, cavabdeh nə kredit götürmüş, nə anasının borcunu qaytarmış, nə də ondan aldığı 3000 manatı qaytarmamışdır. Hər dəfə istədikdə isə bir bəhanə ilə pulu qaytarmaqdan imtina etmişdir. Nəhayət növbəti dəfə həmin pul mübahisəsi üstündə cavabdehin oğlu onu döymüş, amma istintaqda cavabdehin oğluna deyil, ona cinayət işi qaldırmışlar. Çünki o, cavabdehin oğlunu vurmağını etiraf etmiş, cavabdehin oğlu isə onu döyməyini etiraf etməmiş və məsuliyyətdən kənarda qalmışdır. Bu vaxta qədər qonşuluğa görə cavabdehdən məhkəməyə şikayət etməmişdir. Amma bu cinayət hadisəsindən sonra qərara gəlmişdir ki, məhkəmə qaydasında cavabdhehdən pulunu tələb etsin. Cavabdehin ondan pul alıb qaytarmadığını şahidlər də bilir və telefon yazışmaları zamanı cavabdeh özü də etiraf etmişdir və pulu qaytaracağına söz vermişdir. Amma bu vaxta qədər də qaytarmamışdır. Ona görə də, həmin pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, o, iddiaçıdan hər hansı bir məbləğdə pulu borc almamışdır. Hesab edir ki, iddiaçının bununla bağlı heç bir sübutu yoxdur. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin məhkəmə iclasında araşdırılan halları və iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı məhkəmə iclasında iddia tələbini əsaslandıra bilməmiş, Cavabdeh 3000 manat məbləğində pulu iddiaçıya ödəməsi öhdəliyinin olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar