Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2777/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə nikah dövründə əldə etdikləri və onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,6 kv.metr, yaşayış sahəsi 51,3 kv.metr, yardımçı sahəsi25,3 kv.metr olan 3 otaqdan ibarət mənzilin naturada ayrılması, bu mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər, yəni iddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2006-cı ildə nikahdan kənar, xx.xx.2008-ci ildə isə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 25 fevral 2008-ci ildə İsmayıl, 12 fevral 2011-ci ildə Binyamin və 29 may 2018-ci ildə İbrahim adlı 3 uşaqları anadan olmuşdur. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, hər üç uşağın cavabdehin yanında qalması müəyyən edilmiş, iddiaçıdan cavabdehin xeyrinə 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 450 (150+150+150) manat məbləğində alimentin tutulması qərara alınmışdır. Buna baxmayaraq 2021-ci ilin dekabr ayından 25 fevral 2008-ci il təvəllüdlü X7 və 12 fevral 2011-ci il təvəllüdlü X3 dediklərinə görə anaları, yəni Cavabdeh onları döyüb-incitdiyinə görə qaçıb iddiaçının yanına gəlmişlər və hazırda da iddiaçının yanında yaşayırlar.Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 07,02.2023-ci il tarixli 2(060)-39/2023 saylı qətnaməsinə əsasən 25 fevral 2008-ci il təvəllüdlü X7 və 12 fevral 2011-ci il təvəllüdlü X3 anaları Cavabdeh alınıb iddiaçıya verilmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə ünvan 1 ünvanında ümumi sahəsi 76,6 kv metr, yaşayış sahəsi 51,3 kv metr, yardımçı sahəsi 25,3 kv metr olan 3 otaqdan ibarət mənzil əldə etmişlər. Bu mənzil Cavabdeh adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 üzərində 1/2 hissədə iddiaçının, yəni İddiaçı Təvəkkül oğlunun, 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Mənzil üzərində olan payları müəyyən edildiyindən iddiaçı halhazırda paylı mülkiyyətdəki paylarının naturada ayrılmasını, bu məqsədəuyğun olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun Cavabdeh ilə iddiaçının arasında paylarına mütənasib surətdə bölünməsini istəyir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28 ünvanında yerləşən 73 saylı mənzilin naturada ayrılması mümkün deyildir, eyni zamanda həmin mənzilin satılmasını da istəmir. Məhkəmə, iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDX DƏDKR-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 73 saylı mənzilinin mülkiyyətçisi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdehdır. İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5753/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2008-ci il tarixdə bağlanmış, 418 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, 18 iyun 2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 450 manat miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6234/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-39/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 Cavabdeh alınıb ataları İddiaçı Təvəkkül oğluna verilməsi qət edilmişdir. Qətnamə qanüni qüvvəsini almışdır. MŞS/MT030/2023-00422 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1-ün xx.xx.2023-cü il tarixinə bazar dəyəri 63000 (atmış üç min) manat təşkil edir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3543 №-li ekspert rəyindən görünür ki, ünvan 1-ün planlı yerləşməsini, o cümlədən dörd mərtəbəlibinanın dördüncü mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx və bir sanitar qovşaq olduğunu nəzərə alaraq həmin mənzilin ½ paya uyğun naturada bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak tərəflərin ½ nisbətində paylı mülkiyyətindədir. Əmlakın naturada bölgüsü mümkün olmamış, iddiaçının öz payının dəyərinin ödənilməsi təklifinə, cavabdeh müsbət cavab verməmişdir. Məhkəmə həmçinin, iddiaçının cavabdehə mediasiya təklifini, sonuncunun mediasiya sessiyasının davam etdirilməsindən yayınmasını tərəflər arasında paya uyğun kompensasiya barədə razılığın olmamasının bir daha təsdiqi kimi qiymətləndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin onlar arasında paylarına uyğun bölünməsi tələbi, bu növ iddialar üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun mərhələlərin adlanılmasına riayət olunduğundan əsaslıdır. Belə ki, iddia maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilən hüquqi mövqenin şərtlərinə cavab verir. Azərbaycan Resoublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 73 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul mənzilin paylı mülkiyyətçiləri, yəni İddiaçı və Cavabdeh arasında ½ hissədə mütənasib bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2777/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2777/2023
10.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver