Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2778/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sarşəri (Cavadova) Samirə Əsgər qızına qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sarşəri (Cavadova) Samirə Əsgər qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 123 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan xx.xx.1998-ci il tarixdə Ağsu rayonu, Padar İcra nümayəndəliyində bağlanmış və 11 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulub. Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 123 saylı mənzili birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla, paylı mülkiyyət olub. 06 aprel 2022-ci ildə cavabdeh öz payını iddiaçıya bağışlayıb və aralarında eyni tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanıb. xx.xx.2022-ci ildə iddiaçı göstərilən mənzilə tam mülkiyyət hüququ ilə çıxarış əldə etmişdir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, hazırda həmin mənzildə yaşamır. Onun mənzildə qeydiyyatı formal xarakter daşıyır, onun mənzillə bütün bağlılığı itirilib. Cavabdehin mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarımını pozur. Belə ki, iddiaçıcavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1972-ci ildə, Ağsu rayonu, Nəmirli kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1981ci ildə anadan olmuşdur. Cavabdeh də mübahisəli mənzildə qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh mübahisəli mənzil üzərində olan ½ hissədə olan payını iddiaçıya bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 11 saylı Mənzil Kommunal Sahəsinin 1531 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 123 ünvanında qeydiyyatdadır. Lakin, o həmin ünvanda yaşamır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-708/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.1998-ci il tarixdə, Ağsu rayonu Padar İcra nümayəndəliyində bağlanmış və 11 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətinə xx.xx.2022-ci ildə keçmişdir. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4.). Göründüyü kimi tərəflər arasında nikah xx.xx.2018-ci il tarixində pozulmuşdur. Cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzil üzərində olan payını xx.xx.2022-ci il tarixində iddiaçıya bağışlamışdır. Mübahisəli mənzilə hazırda tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan və tərəflər arasında olan ailə münasibətlərinə xitam verildiyindən iddia təmin edilməli, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Müəyyən edilmişdir ki, cavabdeh artıq mübahisəli mənzildə yaşamır və onun başqa yaşayış yeri vardır. Cavabdehin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sarşəri (Cavadova) Samirə Əsgər qızının Sumqayıt şəhəri, 17-ci mikrorayon, 67 saylı evin 123 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2778/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2778/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver