Məhkəmə qərarları › İş №2(060)-2786/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2786/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2786/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 9cu mikrorayon, 57 saylı evin, 23 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 57 saylı evin, 23 saylı mənzil 2001-ci il tarixindən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qızıdır. Nəzərinizə çatdırır ki, qızı Cavabdeh xx.xx.2006-cı il tarixində X2 ilə rəsmi nikaha daxil olmuşdur. Hal-hazırda cavabdeh əri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Sumqayıt şəhəri 14 saylı MKS-nin və qonşuların tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktda təsdiq edir ki, cavabdeh 14 ildən çoxdur ki, həmin ünvanda qeydiyyatda olsada, həmin ünvanda yaşamır. Ona görə də, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırda cavabdehin könüllü surətdə həmin mənzildən istifadə etməməsi onun həmin mənzilə ehtiyacının olmaması qənaətinə gəlməyə əsas verir və bu səbəbdən cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmədə İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X1 bildirdi ki, 2003-cü ildən iddiaçı ilə qonşudur. İddiaçının qızını sözügedən mənzildə yaşayan görməmişdir. İddiaçı mənzilində oğlu və gəlini ilə birlikdə yaşayır. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57, mənzil 23-də qeydiyyatdadır. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57, mənzil 23 İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı mənzil kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57, mənzil 23-də qeydiyyatda olsa da 14 ildən artıqdır ki, orada yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzili daimi olaraq könüllü şəkildə tərk edib və daimi yaşamaq üçün başqa ünvana gedərək orada yaşayır. Hazırda cavabdeh formal olaraq iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, Cavabdeh ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin mənzildən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 57-də yerləşən 23 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar