Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2841/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 2000 ABŞ dolları və 900 manat, Cavabdeh2 isə 21000 manat borcun, 5000 manat mənəvi ziyana görə təzminatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-ci ildə X1 məxsus olan və Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 4 otaqdan ibarət 538 saylı fərdi yaşayış evini 19500 ABŞ dollarına almaq barədə razılığa gəlmiş və ona 9000 ABŞ dolları məbləğində pul ödəmişdir.Aralarında əldə edilmiş razılığa görə satışa qoyduğu və Sumqayıt şəhəri,Xəzər bağlar sahəsində yerləşən evini də satandan sonra ona qalan pulu ödəyəcək.Lakin bir neçə gün sonra Canpolad onunla görüşərək bildirdi ki, ona təcili pul lazımdır ,buna görə də qalan pulu tez bir vaxtda tapıb ona verməlidir,əgər qalan pulu tapıb verə bilməsə,verdiyi pul beh hesab olunacaq və geri qaytarılmayacaqdır.Bundan sonra aldığı evin sənədlərini hazırlayan Sumqayıt şəhər 4 saylı DNK- nun notariusunda işləyən Kifəyət adlı qadının yanına getmiş və vəziyyəti ona bildirmişdir.Kifayət qardaşının pulu olduğunu bildirmiş və demişdir ki, «qardaşı sənə pul verər, sən də evini satanda ona həmin pulu qaytarıb üstündə əlavə hörmət edərsən». Kifayətin tanış etdiyi qardaşı cavabdeh Cabbarla birlikdə Canpoladın yanına getmiş,o evi satan şəxslə danışdıqdan sonra dedi ki, məsələ həll olundu,evin qalan pulunu ödədi.Təxminən 3-4 gündən sonra Xəzər bağlar sahəsində olan evi satıldı və satışdan əldə edilmiş puldan 10000 ABŞ dollarını və üstündə də əlavə 1000 manat pulu cavabdeh Cabbara vermək istədikdə o pulu götürmədi və bildirdi ki, o aldığı evi satacaq,əldə edilmiş gəliri iddiaçı böləcəkdir. İddiaçı əlacsız qalaraq susmuşdur.Lakin bir müddət sonra o iddiaçıya müraciət edərək bildirdi ki, artıq onda pul qalmayıb, iddiaçı evin satışından əldə edilmiş puldan ona vermiş,həmin pul ilə evi təmir etdirsin və baha qiymətə satsın ki,daha çox qazanc əldə etsinlər. iddiaçı bu şəxsə inanaraq 100 manat,2000 ABŞ dolları,800 manat pul vermiş və özü də həmin evə 2000 manat dəyərində təmir-tikinti materialları alıb yığmışdır.Lakin bütün bu xərclər iddiaçı tərəfindən çəkiləndən sonra cavabdeh müəmmalı şəkildə yoxa çıxmışdır. iddiaçı həmin evdə gedən tikinti-təmir işləri ilə maraqlanmağa getdikdə isə tikinti materiallarının,dəmir boruların yoxa çıxdığını,evin dam örtüyünün söküldüyünü görmüşdür.Məsələ ilə maraqlandıqda isə iddiaçıya məlum olmuşdur ki, cavabdeh Cabbar bu evi 21000 manata Raid adlı dostuna satmış və orda olan tikinti materiallarını da daşımışdır. iddiaçı cavabdeh Raidə bildirmişdir ki,o bu evə xərc qoymuş, əgər evi almaq istəyirsə ona 21000 manat pul versin.Lakin Raid əvvəlcə həmin məbləğə almağa razılıq versə də evin pulundan ona xırda-xırda olmaqla hazırki vaxta kimi cəmi 2500 manat pul vermişdir ki, həmin pul da sənədləşmə işlərinə sərf edilmişdir. Cavabdeh Raid bildirdi ki,onun satılası əmlakları vardır,həmin əmlakları da pulunu verəcəkdir,lakin artıq vəd verdiyi vaxtdan xeyli müddət keçmiş, bu həmin pulu ona ödəməmişdir. Belə hesab edir ki,Cavabdeh1 2000 ABŞ dolları və 900 manat, pul, Cavabdeh2 isə 21000 manat(evin dəyəri) və 5000 manat mənəvi ziyana görə təzminat alınaraq ona qaytarılmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, o, xairci ölkədə olduğu zaman tanışı zəng etdi ki, satışa çıxarılmış ev var. O, xarici ölkədən qayıtdıqdan sonra həmin evi almaq üçün iddiaçıya görüşmüş və iddiaçı ona təklif etmişdir ki, həmin evi alaq, daha sonra onu yenidən bərpa edib sataq və pulu bölək. İddiaçı ilə razılaşmış və həmin evə baxmağa getmişlər. Həmin evdə ev yiyəsi Canpolad adlı şəxs onları qarşılamışdır və 10.500 manat pulu Canpolada vermiş və iddiaçı Canpoladdan bununla bağlı əlyazma almışdır. Daha sona evi onlarda evə dair hər hansı sənəd olmadan satışa çıxarmışlar. İddiaçı 1000 manat pul verərək hasarı və darvazanı düzəltdirmışdir. Bir müddət satışda qalmasına baxmayaraq ev satılmamışdır. Digər cavabdeh onun uşaqlıq dostudur. O, ona bu evi almağı təklif etmiş və onunla evi 20.000 manata razılaşmışlar. Həmin evi birlikdə satmaq üçün iddaçını çağırmış və ona çatacaq payı götürməyi və qalan hissəni Raidlə özü həll edəcəyimi bildirmişdir. İddaçı onunla və Raidlə razılaşmışdır. Daha sonra bu məsələ ilə bağlı nə baş veribsə məlumatı yoxdur. İddiaçı ona 2000 ABŞ dolları və 900 manat verməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin ona aid hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, digər cavabdeh onun uşaqlıq dostudur. İddiaçını isə Cabbar vasitəsi ilə tanımışdır. Cabbarın təklifi ilə onlardan ev almaq qərarına gəlmışdir. Onlarla evi 20000 manata razılaşmışlar. Həmin pulun 10000 manatının iddiaçıya qalan hissəsin isə Cabbara verməli idi. Xanımağa xanima 2800 manat vermiş və 1300 manat isə yoldaşı vermiş və qalan hissəni isə evə dair sənəd verəndə verəcəyini bildirmişdir. O, evin əvvəlki sahibi Canpoladada 1000 manat pulu vermişdir. Canpolad iddiaçıya evə dair sənəd verməli idi, iddiaçıda həmin sənəd əsasında ona sənəd düzəltməli idi və bundan sonra o, iddiaçıya qalan vəsaiti ödəməli idi, lakin ona sənəd verilmədi və oda qalan məbləği ödəmədi. Odur ki, məhkəmədən iddia tələbinin ona aid hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -09 sentyabr 2020-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarda olan İddiaçı izahatından görünür ki, 2017-ci ilin avqust ayınadək Cavabdeh2 ona 2500 manat vermiş, sonuncu dəfə isə oğlu vasitəsi ilə 100 manat göndərmişdir. - İddiaçı 2017-ci il tarixli əlyazmasından görünür ki, Cavabdeh2 ona 7500 manat borcu qalmışdır, həmin məbləğ isə iyun, iyul və avqust aylarında ona ödəniləcək, Rahid İsmayılovun həmin ərazidə ev tikməyinə etiraz etmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı 2014-ci ildə X1 məxsus olan və Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 4 otaqdan ibarət 538 saylı fərdi yaşayış evini 19500 ABŞ dollarına almaq barədə razılığa gəlmiş və ona 9000 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra həmin evi Cavabdeh1la birlikdə sonuncunun tanışı Cavabdeh2 20000 manat satmışlar. Həmin pulun 10000 manatını Cavabdeh2 iddiaçıya, qalan hissəsini isə Cavabdeh1 verməli idi. İddiaçıya Cavabdeh2 tərəfindən verilməli olan 10000 manat borcdan müvafiq olaraq 2500 manat və 100 manat ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası ,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş aldığı evə görə borclu pul ödəməyinə dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik Cavabdeh2 tərəfindən tam yerinə yetirilməmiş, borcundan 7400 manat ödənilməmişdir. Ona görə də iddia tələbi bu hissədə qismən əsaslı olduğundan təmin edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh1la birlikdə könüllü olaraq razılığa gəlmiş və evi R.İsmayıova satmışlar. Cavabdeh1 iddiaçıya borcunun olmasına dair gətirdiyi arqumenti məhkəmə inandırıcı hesab etmir. Belə ki, tərəflər arasında pul öhdəliyinin yaranması ilə bağlı hər hansı bir borc müqaviləsi mövcud deyil, iddiaçı bu barədə hər hansı sübut təqdim etməmişdir və qeyd edildiyi kimi, iddiaçı Cavabdeh1la evi digər iddiaçıya satmaqa razılaşarkən Cavabdeh1la həmin zamana qədər olan münasibətləri bəyənmişdir. Məhkmə iddia tələbinin mənəvi ziyanla bağlı olan hissəsini araşdırarq, hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki,Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri,əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda qeyd olunan mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair iddiaçılar tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddianın 5000 manatlıq mənəvi zərər tələbi ilə bağlı olan hissəsidə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi 500 manatdan artıq olduğu üçün Cavabdeh2 ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 7400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 7400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2841/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2841/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver