Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-291/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 5100 manat məbləğində borcun, 1000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya qatarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 5 il bundan qabaq iddiaçıya müraciət edərək ona pul lazım olduğunu bildirmiş və iddiaçıdan 5100 manat pulu 2020-ci ilin noyabr ayının 10-na kimi qaytarmaq şərtilə almış, lakin bu vaxta kimi həmin puldan iddiaçıya bir manat da olsun qaytarmamışdır. Cavabdehin iddiaçını aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onu get-gələ salması nəticəsində ona mənəvi ziyan da dəymişdir ki, iddiaçı həmin ziyanı 1000 manat məbləğində qiymətləndirir. Cavabdeh tərəfindən məhkəməyə 22.10.2021-ci ildə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir . Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunanlar tam əsassızdır. Belə ki, cavabdeh iddiaçıdan 5 il bundan əvvəl, yəni 2016-cı ildə 3000 manat məbləğində borc almışdır. Həmin borcu iddiaçı cavabdehə verdiyi zaman həmin borca görə əlavə faiz də alacağı barədə iddiaçıya heç bir məlumat verməmişdir. Cavabdeh iddiaçıya olan borcunu aldığı gündən sonra bir il ərzində tam ödəsə də, iddiaçı ondan əl çəkməyərək ona verdiyi borc pulu faizə verdiyini bildirərək, cavabdehdən əlavə pul istəmişdir. Cavabdeh buna dəfələrlə etirazını bildirmişdir. İddiaçı bacıları ilə cavabdehin işlədiyi yerə gələrək onun ünvanına nalayiq sözlər işlədərək dəfələrlə onu döyməyə çalışsalar da, iş kollektivi buna imkan verməmişdir. Bu barədə cavabdeh polis orqanına da şikayət ünvanlamışdır. İddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Hazırki iddia tələbi üzrə iddiaçı 3 il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, cavabdehdən tələb etdiyi pul məbləğini 2017-ci ilin mart ayında ona vermişdir. İddiaçı 2018-ci ildən ağır xəstədir. O, 2018-ci ilin axırlarında borcunu ödəməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 2019-cu ilin fevral ayında əsas borcunu yox, faiz borcunu qaytarmışdır. Cavabdeh ona bildirmişdir ki, iş yeri açılsın, qalan borcunu da tam şəkildə ödəyəcək. O, yalnız 2019-cu ilin fevral ayına qədər ödəniş edib. İddiaçı tək qadındır, yataqxanada yaşayır. Cavabdehə verdiyi borcu özünə ev almaq üçün yığmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddia ərizəsində müddət səhv göstərilib. Əslində borc pul iddiaçı tərəfindən cavabdehə 2016-cı ildə verilib. Cavabdeh pandemiya ilə əlaqədar olaraq iddiaçıya olan borcunu ödəməkdə çətinlik çəkmişdir. İddiaçı isə borcun cavabdehdən tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu ildə, Xaçmaz rayonu, Mirzəmməd kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 08.06.1965-ci ildə, Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. 1 saylı mənzil Kommunal sahəsinin 3707 saylı, 27.09.2021-ci il tarixli arayışına əsasən cavabdeh ünvan 2 ünvanında yaşayır. İş materiallarına cavabdeh tərəfindən yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Cavabdeh Afətdən 5100 m almışam. 10 ayın faizi 1600 man. Yanvarın 31 veiləcək. 10 noyabrda pulun verilməsi razılaşdı”. Əlyazma imzalanmışdır. Əlyazmada pulun Nəzakət Nəsirova və Səadət Heydərovanın şahidlikləri ilə götürüldüyü, 10 noyabrda pulun verilməsini razılaşdırıldığı qeyd edilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş əlyazmada cavabdeh iddiaçıdan 5100 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdehin nümayəndəsi həmin əlyazmanın və imzanın cavabdehə məxsus olduğunu məhkəmə iclasında mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş materiallarında olan əlyazma cavabdeh iddiaçıya borcu olduğunu etiraf etdiyi üçün həmin iltizama borcun etirafı haqqında müqavilə kimi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh həmin iltizamla cavabdehə 5100 manat borcunun olduğunu etiraf etdiyi üçün iddia həmin pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Cavabdeh iddiaçıdan 3000 manat məbləğində borc aldığını, həmin borcu iddiaçı cavabdehə verdiyi zaman həmin borca görə əlavə faiz də alacağı barədə iddiaçıya heç bir məlumat vermədiyini bildirsə də, qeyd edilən halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mənəvi ziyanın tutulması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçı cavabdehin öz öhdəliyinin icrasını gecikdirməsi səbəbindən mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia mənəvi ziyanın tutulması hissəsində təmin edilə bilməz. Cavabdehin tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). Göründüyü kimi iş materiallarında olan əlyazmada iddiaçı tərəfindən cavabdehə borc pulun konkret hansı tarixdə verildiyi qeyd edilməmiş, pulun əvvəlcə yanvarın 31-də, daha sonra isə 10 noyabrda qaytarılması razılaşdırılmışdır. İddiaçı cavabdehə pulu 2017ci ilin mart ayında verdiyini iddia edir. Buradan belə nəticə çıxır ki, pulun əvvəlcə 2018-ci ilin yanvar ayında, daha sonra isə noyabr ayında qaytarılması razılaşdırılmışdır. Yəni, iddiaçı öz hüququnun pozulmasını 2018-ci ilin noyabr ayında bilmiş, məhkəməyə isə 2021-ci ilin oktyabr ayında müraciət etmiş və iddia müddətini buraxmamışdır. Cavabdehin nümayəndəsi iddiaçının pulu 2016-cı ildə cavabdehə verdiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 5100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5100 (beş min yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-291/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-291/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver