Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2947/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı hüquqi varisin hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı hüquqi varisin hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 1986-cı ilin mart ayından 2014-cü ilin sentyabr ayının 10-a kimi keçmiş “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”ndə müəllim işləmiş, “Avtomobilin quruluşu” və “Yol hərəkəti qaydaları” fənnini tədris etmiş, işlədiyi müddətdə bilik və bacarığını yüksək səviyyədə şagirdlərə çatdırmışdır. Cavabdeh onun işindən razı qaldığı üçün sonrakı illər 2017-ci ilin mart ayına kimi onunla müqavilələrini yeniləmişdir. “Könüllü Hərbi Vətənpərvərlik Texnik İdman Cəmiyyəti”nin Sumqayıt Avtomobil məktəbi 1992-ci ildən 2012-ci ilə kimi ona əmək məzuniyyətlərinin pulunu ödəmədiyindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəl filialında işləyərkən həmin müəssisənin və “Hərbi Vətənprvərlik və X1” MMC-nin rəhbərindən həmin dövr üçün əmək məzuniyyət pullarının ona ödənilməsini tələb etmişdir. Müəssisənin hər iki rəhbəri ona bildirmişdir ki, müəssisənin imkanı yoxdur, imkan olan kimi 1992-2012-ci illərdə işlədiyi müddət üçün ödənilməyən əmək məzuniyyətinə görə kompensasiya ödəniləcəkdir. Çünki, Cəmiyyətin əmlakı dövlətə verilmiş, dövlətin əmlakına da Maliyyə Nazirliyi sərəncam verir. O, almadığı dövr üçün məzuniyyət pullarının ona ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə rəsmi ərizə ilə müraciət etmiş, Nazirlik onun yazdığı ərizəni araşdırılıb tədbirlər görülməsi üçün Sumqayıt şəhərində fəaliyyət göstərən 7 saylı region üzrə X4 göndərmişdir. Yazdığı ərizəyə cavab olaraq həmin müfəttişlikdən bildirilmişdir ki, 1992-2014-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə İddiaçı məzuniyyət pulları ödənilməmiş qalmışdır. 08.06.2015-ci il tarixli yoxlama aparılması haqqında qərara əsasən 09.06.2015-ci il tarixli yoxlama aktı yazılmış, 12.06.2015-ci il tarixli yoxlamanın nəticəsi üzrə icrası məcburi olan qərar qəbul edilmişdir. Qərarda 3 ay müddətində istifadə olunmayan illər üçün məzuniyyət pullarının hesablanıb ona ödənilməsi filial müdirinə bildirilmişdir. Buna baxmayaraq, bu günə kimi 19 ilin məzuniyyət pulları hələ də ona ödənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq onun əmlakı bu Fərmanın 1-ci bəndi ilə yaradılmış “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsi, Fərmanın 6-cı bəndinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 3-cü hissəsi ilə Cəmiyyətə verilən əmlakın siyahı üzrə qəbul etməsi, qəbul edilmiş əmlakın qiymətləndirilməsini təmin etməsi, cəmiyyətin nizamnamə kapitalı formalaşdırılarkən qiymətləndirilmiş əmlakın dəyərini nəzərə alınması, 8-ci bəndində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görülməsi qərara alınmışdır. Fərmanın qeyd olunan bəndlərinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyi üçün əmlakı yeni hüquqi şəxs yaradılmış “Hərbi Vətənprvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilmiş və Vergilər Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən yeni yaradılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialında yenidən təşkil edilmiş əvvəlki Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Teniki İdman Cəmiyyətinin (KHVTİC) hüquqi varisi hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ləğv edilmiş təşkilatın əmlakı yeni yaranmış təşkilata keçib, köhnə işçilər yeni yaranmış Cəmiyyətdə işə götürülüb, Prezidentin Fərmanına əsasən Cəmiyyət ləğv olunmayıb, hüquqları yeni yaranmış Cəmiyyətə keçib.Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının şikayətinə əsasən Əmək Müfəttişliyi yeni yaranmış Cəmiyyətə, yəni cavabdehə cərimə tətbiq edib, hüquqi şəxs Prezidentin Fərmanına əsasən ləğv edilmir, bu məsələlər Mülki Məcəllənin tələblərinə əsasən yerinə yetirilir, yeni yaranmış Cəmiyyətin balansı yaradılır, kimin nə tələbi varsa, həll olunur. Əlavə olaraq bildirdi ki, nizamnamədə nəzərdə tutulmayıbsa, o demək deyil ki, Cəmiyyət ləğv olunmuşdur. Hüquqi şəxsin ləğv edilməsi, əmlakın dövlətdən alınması və ya nizamnamədə yazılması ilə müəyyən olunmur. Hüquqi şəxsin ləğvi haqqında mütləq qərar qəbul olunmalı, ləğv olunmalı, onun ləğv edilməsi haqqında göstəriş verilməli, ləğvetmə komitəsi yaradılmalı, hesabat tərtib olunmalı, ləğvetmə barədə 15-20 gün əvvəl məlumat dərc olunmalıdır. Qeyd olunan tələblərin heç bir yoxdur, ona görə də hesab edir ki, yeni Cəmiyyət yaranıb, sadəcə olaraq adı dəyişdirilib, yeni yaranmış Cəmiyyət həmin inzibati binada qalıb, əmlaklar da ona təhvil verilib, həmin işçilər də öz fəaliyyətlərini davam etdiriblər, sadəcə könüllü təşkilat MMC-yə çevrilib. Fərmana əsasən yeni Cəmiyyət yaranıb, Fərmanda da birbaşa göstərilmişdir ki, əmlaklar köhnə Cəmiyyətdən alınıb, yeni Cəmiyyətə verilməlidir, hesab edir ki, yeni yaranmış MMC hüquqi varisdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, 13 iyul 2012-ci ildə təşkilat ləğv edilərək yeni Cəmiyyət yaranıb, əmlaklar dövlətə təhvil verilib, Prezidentin Fərmanına əsasən yeni MMC yaradılıb, əmlaklar da yeni yaranmış Cəmiyyətə verilib. Köhnə ləğv edilən Cəmiyyət İdman Cəmiyyəti olmuşdur, hazırki Cəmiyyət isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə tabedir. Əmək Müfəttişliyinin yoxlamasına dair qərar onlara gələndən sonra məsələ qaldırılıb, bildirilib ki, varislik yoxdur və hazırki dövrə düşən pul ödənilməlidir. Ona görə həmin məbləğ 2016-2017-ci illər ərzində iddiaçıya ödənilmişdir. Hazırki məsələ Əmək Müfəttişliyində, Əmlak Komitəsində, Prezident Aparatında və Məhkəmədə mübahisələndirilib, yeni yaranmış Cəmiyyət varis tanınmamışdır. Əvvəlki təşkilatdan işçilər kadr olduqlarına görə yeni Cəmiyyətə işə götürülüblər, həmin işçilər də ötən dövr üçün məzuniyyət pullarını almayıblar. Əvvəlki təşkilat İctimai Təşkilat olub, öz statusundan imtina edib. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən iş materiallarında olan tərəflərin təqdim etdikləri aşağıdakı sübutlara, məhkəmə iclasında tərəflərin çəkişmə prinsipi əsasında verdiyi izahatlarına istinad edilmişdir; İş materiallarına İddiaçı məxsus İT-İ №0175604 nömrəli əmək kitabçasının surətləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin yoxlamanın nəticələri üzrə 005552 nömrəli, 12.06.2015-ci il tarixli qərarının surətindən görünür ki, 1992-2014-cü illər ərzində məzuniyyət pullarının hesablanaraq vətəndaş İddiaçı ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 7 saylı region üzrə X6nin 10.06.2015-ci il tarixli, 232/1 saylı məktubunun surətindən görünür ki, DƏMX-nin 07/M-934 nömrəli, 25.05.2015ci il tarixli ərizəsinə dair İddiaçı müraciəti əsasında araşdırma aparılmış, onun işləmiş olduğu 1992-2014-cü illərdə istifadə olunmamış məzuniyyətləri qalmış, lakin 10.09.2014cü il tarixli 38 nömrəli əmrlə o, həmin filialdan işdən azad olunmuşdur. Son haqq-hesab hesablanarkən məzuyniyyətdə olmadığı illərin məzuniyyət pulları hesablanmamış və ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 7 saylı region üzrə X6nin 29.05.2018-ci il tarixli, 95/1 saylı məktubunun surətindən görünür ki, DƏMX-nin ümumi M-832 nömrəli, 15.05.2018-ci il tarixli ərizəsinə dair İddiaçı müraciəti əsasında “Hərbi Vətənpərvərlik və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 nömrəli filialı onun həmin müəssisədə 13.07.2012-ci il tarixindən işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya pulunun ödənilməsini cəmi 890 (səkkiz yüz doxsan) manat təmin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 03.07.2018-ci il tarixli, **********64 saylı məktubunun surətindən görünür ki, İddiaçı müraciətində qeyd olunan məsələ ilə bağlı Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əmlakı Azərbaycan Respublikası Prezidentinin 13.07.2012-ci il tarixli, 681 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan “Hərbi Vətənpərvərlik və X1” MMC-yə verildiyindən aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 29.01.2019-cu il tarixli, **********40 saylı məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X1” MMC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2012-ci il tarixli, 681 nömrəli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlət verdiyini nəzərə alaraq, onun əmlakı Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və X1” MMC-yə verilmişdir. İş materiallarına “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 05.04.2019-cu il tarixli, **********8 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq, 2015-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət əsasında araşdırma aparılarkən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməməsi səbəbindən “Hərbi Vətənpərvərlik və X1” MMC-nin direktoru həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.5-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəld edilməsi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(060)-7461/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialına qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi və s. tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli, 2(105)-4418/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(060)-7461/2018 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.04.2019-cu il tarixli, 2(102)-2182/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, “Hərbi Vətənpərvərlik və X1” MMC-nin nizamnaməsində hüquqi varislik müəyyən edilmədiyi iddiaçı, onun nümayəndəsi və vəkili, cavabdeh orqanın nümayəndəsi ilə birlikdə müzakirə edilmiş, iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisə edilən digər bir hall ondan ibarət olmuşdur ki, varislik nəzərdə tutulmadığı halda, iddiaçıya ödənilən vəsait ilə bağlı mülahizələri, işin mübahisə edilməyən halı olub, varislik olmadığı və həmin dövrə düşən pul ödənilməsi öz təsdiqini tapmışdır. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər (MM 43.1-43.3) Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir (MM 55.1-552). Məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimliyən normalarla bağlı iddiaçı tərəfindən öz pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları iş materiallarına əlavə edilmiş, iddia tələbinin formal mülhaizələrdən başqa bir sübutlarla müdafiəsi hazırki iddia tələbində mümkün olamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56-cı maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilatihüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və X1” MMC-yə qarşı hüquqi varisin hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2947/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2947/2021
26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver