Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2981/2025 25.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 47ci məhəllə, ev 15-də yerləşən 27 saylı mənzildir. Bu mənzil Sumqayıt şəhər İH-nin MQBDŞ-nin verdiyi 4/220 saylı, xx.xx.1995-ci il tarixli orderə əsasən iddiaçıya və 3 nəfər ailə üzvünə ayrılmışdır. Cavabdeh iddiaçının oğludur. O, 2012-ci ilin oktyabr ayından bu ünvanı tərk etmiş, daimi olaraq köçüb getmiş və həmin vaxtdan iddiaçı ilə əlaqəni kəsmişdir. Cavabdeh 12 ilə yaxındır ki, bu mənzildə yaşamadığı üçün o, mənzilə olan istifadə hüququnu itirmişdir. İddiaçı həmin mənzilə dair order üzrə mənzilin əsas kirayəçisi kimi bu mənzili özəlləşdirmək istəyir, lakin cavabdehin mənzilə hüququnun itirilmiş hesab edilməsi barədə məhkəmə aktı olmadığı üçün bu hüququ həyata keçirə bilmir, bundan başqa onun qeydiyyatda olması səbəbindən əlavə mənzil kirayə xərcləri ödəyir, halbuki iddiaçı təqaüdçüdür, əlavə məsrəflər iddiaçının maddi vəziyyətinə ağır təsir edir. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15-də yerləşən 27 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 4/220 nömrəli orderə əsasən ünvan 1 İddiaçı verilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı Cavabdeh, X9, X10, X5 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, 27 saylı mənzildə qeydiyyatdadırlar.
9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 20 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X6, qonşular X1, X2, X3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Nəsimov Rafiq Kamal oğlu özünün və qonşuların dediyinə əsasən oğlu Nəsimov Ruslan Rafiq oğlu 2012-ci il oktyabr ayından qeyd edilən ünvanda yaşamır. O, Türkiyədə yaşayır. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər.
10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 20 saylı Mənzil Kommunal Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 313 saylı arayışdan görünür ki, Nəsimov Ruslan Rafiq oğlu ünvan 1 ünvanında qonşuların dediyinə əsasən 15 ildən artıqdır yaşamır.
11. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatdan keçməməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-1472/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15 ünvanında yerləşən 27 saylı mənzilin hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15 ünvanında yerləşən 27 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil 1995-ci ildə dörd nəfər ailə tərkibi ilə İddiaçı istifadəsinə verilmiş, mənzilin icarədar İddiaçıdur. Cavabdeh icarədarın ailə üzvü kimi həmin ünvanda yaşamış, lakin hazırda həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, xeyli müddətdir ki, (on altı ilə yaxındır) həmin mənzildən köçüb getmişdir. Hazırda iddiaçı cavabdehin sözügedən mənzilə istifadə hüququnun itirilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
14. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
17. Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
18. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi Cavabdeh 15 ildən artıqdır ki, mübahisə predmeti olan mənzildə yaşamır. Cavabdeh özünə başqa yaşayış yeri seçməklə bu ünvanda qeydiyyatı formal xarakter daşıyır.
19. Məhkəmənin hesab edir ki, cavabdehin mübahisəli mənzildən uzun müddət və davamlı olaraq könüllü istifadə etməməsi yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15 ünvanında yerləşən 27 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15 ünvanında yerləşən 27 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva