Məhkəmə qərarları › İş №2(060)-2991/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2991/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2991/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllədə yerləşən 68 saylı evin 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və mənzilə qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehin sözügedən ünvana istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllədə yerləşən 68 saylı evin 25 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun oğludur. Oğlu həmin ünvanda qeydiyyatda olsa da faktiki olaraq uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Lakin, cavabdehin mənzildə qeydiyyatda olmağı onun mənzil barəsində sərəncam vermək hüquqlarını həyata keçirməyə maneə yaradır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, cavabdeh 2012-ci ildə ölkəni tərk edərək Rusiya Federasiyasına getmişdir. Sözügedən mənzil vərəsəlik qaydasında qaynanasından ərinə, sonuncudan isə ona qalmışdır. Cavabdeh Azərbaycanda yaşayarkən ona ayrıca mənzil almışdırlar. Hazırda cavabdehin həyat yoldaşı və övladı həmin mənzildə yaşayır. Mənzil order əsasında verilmiş, sonradan özəlləşdirilmişdir. Cavabdeh də sözügedən mənzildə doğulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllədə yerləşən 68 saylı evin 25 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq Sumqayıt şəhər texniki iventarlaşdırma bürosu dövlət reyestrində 14 nömrəli kitabda qeydiyyata alınmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 26/4 saylı evin 50 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 14416692 nömrəsi qeydiyyata alınmışdır. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən xx.xx.1997-ci il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən, 68/38 evin, 25 saylı mənzilinin icarədarı İddiaçıdır. - Həmin orderdən görünür ki, İddiaçı icarədər, Cavabdeh - İddiaçı oğludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllədə yerləşən 68 saylı evin 25 saylı mənzilinin icarədarı xx.xx.1997-ci il tarixli orderə əsasən iddiaçı olmuşdur. Cavabdeh iddiaçının oğludur və o, 2012-ci ildə ölkəni tərk edərək Rusiya Federasiyasına getmişdir. Cavabdeh mübahisəli mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Cavabdehə məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 26/4 saylı evin 50 saylı mənzili vardır. Cavabdehin mənzildə pasport qeydiyyatında formal olmasına baxmayaraq, həmin mənzildə yaşamır, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt həmin yaşayış sahəsinin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh altı aydan artıq müddətdə sözügedən mənzili daimi yaşamaq üçün başqa ünvana köçməsi ilə əlaqədar könüllü tərk etdiyindən, eləcə də mülkiyyətində ayrıca ev olduğundan onun bu mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Odur ki, iddia əsaslıdır. Belə ki, cavabdehin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 26-cı məhəllədə yerləşən 68 saylı evin 25 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar