Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-308/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydi tərtib edilərək icraya yönəldilmişdir. Həmin icra qeydi qanunsuz tərtib edildiyi üçün ləğv edilməlidir. Belə ki, Cavabdeh2 iddiaçı cəmi 5000 manat borc almış, lakin, o, iddiaçının etibarından istifadə edərək 15000 manat borc müqaviləsinə iddiaçıya imza etdirərək, hazırda iddiaçının ona 15000 manatlıq borc müqaviləsi əsasında 11820 manat borcu olmasını iddia edərək icra qeydi yazdırmış və həmin icra qeydini icraya yönəltmişdir. Hazırda icra qeydi icra edilərək onun əmək haqqısına yönəldilmişdir. Göstərilənlərə əsasən, Sumqayıt şəhər 1 saylı Notariat Ofisində aparılmış xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək iddia tələbi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin tərəflərindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun baldızıdır. İddiaçı onun yaşadığı ünvan 1 ünvanında, yəni ata evində qeydiyyatdadır. Onun ünvanına göndərilən bütün məktublar ona çatır, o, bu barədə iddiaçını məlumatlandırır. Lakin icra qeydinin aparılması haqqında poçt göndərişinin qəbul edilməsi haqqında sənəd onun tərəfimdən imzalanmamışdır. O, belə məktub qəbul etməmişdir.
9. İş materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 30 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir.
10. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydlərinin aparılacağı barədə bildiriş ünvan 1 ünvanına göndərilmiş və “gəlini Cəfərova Rima” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.
11. İş materiallarından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə “icra qeydinin verilməsi barədə” ərizə ilə notariat ofisinə müraciət etmişdir.
12. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, № 8İ/3091 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 11800 manat tutulmalıdır. Bundan əlavə, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu haqq olmaqla, cəmi 11820 manat pul tutulmalıdır.
13. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gündüz Aslanovun xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 3091 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 7 % icra ödənişinin tutulması, icra ödənişinin "xxxx" ASC-nin Sumqayıt filialında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməsi qərara alınmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/182 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Digər qaydada Gəlini “Cəfərova Rima” yazıları qarşısındakı imzanın- X2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1149 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci il tarixli SS646325027AZ saylı poçt göndərişinin verilməsi haaqqında “Xəbərnamə”də “Digər qaydada” qrafasında “X3” yazılarının qarşısında olan imza- X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Sumqayıt şəhər 1 saylı Notariat ofisinin icra qeydi vardır. Hazırda iddiaçı icra qeydinin ləğv olunmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
18. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
19. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır.
20. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir.
21. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir.
22. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür.
23. Məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
24. İddiaçı iddia tələbini icra qeydlərinin aparılmasından məlumatsız olması, yəni bu barədə ona bildiriş göndərilməməsi ilə əsaslandırmışdır.
25. Bu məsələnin araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir.
26. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1149 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli SS646325027AZ saylı poçt göndərişinin verilməsi haqqında “Xəbərnamə”də “Digər qaydada” qrafasında “X3” yazılarının qarşısında olan imza- X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
27. Beləliklə ekspert tədqiqi zamanı xx.xx.2020-ci il tarixli, SS646325027AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnamədə olan imzanın məhkəmə iclasında şahid qismində dindirilmiş X2 tərəfindən icra edilmədiyi öz təsdiqini tapmışdır.
28. Bu isə onu göstərir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edilməmiş, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edildiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş çatdırılmamışdır. Nəzərə alınmalıdır ki, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin çatdırılması borcun mübahisəsiz olmasının təsdiqi üçün əhəmiyyət kəsb edir və borcluya həmin tələb üzrə hər hansı mübahisəsi olduqda, öz etirazını bildirmək və ya məhkəmə müraciət etmək üçün şərait yaradır. Hazırkı halda isə borcluya (iddiaçıya) bu cür bildirişin göndərilməsi və həmin bildirişin borclu (iddiaçı) tərəfindən qəbul edilməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından borclu (iddiaçı) bu imkanından məhrum olmuşdur.
29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən icra qeydinin aparılacağı barədə iddiaçının məlumatlandırılması işdə olan əsaslı mötəbər sübutlarla öz təsdiqini tapmadığından icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir.
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhər 1 saylı Notariat Ofisində aparılmış xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.
31. Məhkəmə onu da qeyd edir ki, icra qeydinin ləğv edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra kreditorun borc müqaviləsi üzrə yaranmış borcun borcludan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat Ofisi və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
39. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin Sumqayıt şəhər 1 saylı Notariat Ofisində aparılmış xx.xx.2020-ci il tarixli, 8İ-3091 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Sumqayıt şəhər 1 saylı Notariat Ofisi və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat Ofisi və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva