Məhkəmə qərarları › İş №2(060)-310/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-310/2021

12.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-310/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Ruslanovna Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 850 manat maddi zərər, 2500 manat mənəvi zərər və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh adlı şəxs onun etibarından suiistifadə edərək pulunu mənimsəmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə özünün nişan mərasimində şəkil və video çəkiliş edən şəxs axtarmaq üçün instaqram səhifəsindən Cavabdeh adlı şəxslə əlaqə saxlamış və razılığa gəlmişlər ki, sözügedən şəxs onun nişanında fotoşəkillər çəksin. O, Cavabdeh beh olaraq 50 manat pulu onun bank hesabına ödəmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə onun nişan mərasimində fotoşəkillər çəkmişdir. Cavabdeh özünü çox tərifləyərək ona bildirmişdir ki, o, tanınmış adamlarla işləyir, lakin tanınmış adamların tədbirlərindən çəkilmiş videoları ona göstərə bilməz, çünki bu, qeyri-etikdir. O, nişan ilə toyu arasında qısa zaman olduğu üçün Cavabdeh işi ilə tanış ola bilməmişdir. Öz aralarında razılığa gəlmişlər ki, o, xx.xx.2019-cu il tarixdə toy şənliyini videoya çəkəcək və bütün bunların müqabilində o, cavabdehə cəmi 850 manat ödəyəcəyək. O, cavabdehə 850 manat ödəsə də o, öhdəsinə götürdüyü işi görməmişdir. Cavabdeh çox yarıtmaz iş görərək söz verdiyi kimi toy şənliyini dronla çəkməmişdir. Toy günü həyətdə və şadlıq sarayında ümumiyyətlə drondan istifadə etməmişdir. O, cavabdehə drondan istifadə etmədiyinə görə pulların geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə çəkiliş olub bitdiyini, artıq gec olduğunu 3-4 günə düzəlişlər edib verəcəyini bildirmişdir. O, cavabında xx xxxxxx 2019-cu il tarixdə xaricə getməli olduğunu odur ki, göstərilən tarixdən əvvəl materialı ona çatdırmalı olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını 3 günə videonu düzəldib verəcəyini bildirmişdir. Lakin sonradan Cavabdeh ona bildirmişdir ki, dronla çəkiliş edə bilməmişdir və pulları da geri qaytarmağa imkanı yoxdur. Bundan sonra Cavabdeh telefonunu söndürərək yalnız xx xxxxxx 2019-cu il tarixdə onun xaricdə olduğunu düşünərək telefonu açmışdır. Cavabdeh hərəkətlərindən məlum olmuşdur ki, o, “instagram” sosial şəbəkəsi səhifəsində özünü reklam edərək ayrayrı şəxslərin və o cümlədən onun etibarından sui-istifadə edərək pulunu mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh üzərinə götürdüyü xidmətləri razılaşdırılmış şərtlərlə yerinə yetmirməmiş, ümumiyyətlə nə nişan, nə də toy mərasimlərinin video çəkiliş materiallarını ona verməmişdir. Cavabdehin təqsirindən onun üçün xüsusi əhəmiyyət kəsb edən bu mərasimlərin heç birinin video görüntüsü yoxdur. Bununla bağlı o, gərginlik keçirmiş və mənəvi zərərə məruz qalmışdır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddianı qəbul etmir. Onunla iddiaçı arasında olan şifahi razılaşmaya əsasən o, iddiaçının nişan və toy mərasimlərində çəkilişlər etmiş və bunun müqabilində iddiaçı ona cəmi 850 manat ödəniş etmişdir. O, çəkiliş materiallarını iddiaçıya təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının xeyrinə xidmətlər göstərməli, yəni iddiaçının nişan və toy mərasimlərinin çəkilişini aparmalı və bununla bağlı materialları iddiaçıya verməli, iddiaçı isə həmin xidmətin müqabilində razılaşdırılmış haqqı cavabdehə ödəməli idi. İşin araşdırılmış və eləcə də cavabdehin etirafından da göründüyü kimi xidmətin göstərilməsinə görə razılaşdırılmış pul məbləği iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilmədiyini, razılaşdırılmış xidmətin göstərilmədiyini, ona heç bir çəkiliş materiallarının təqdim olunmadığını iddia edir və ödənilmiş pul məbləğinin əvəzi olaraq vurulmuş zərərin tutulmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək işlərin görüldüyünü bildirmişdir. Azərbayan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə şərh olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. İddiaçının xidmətlərin göstərilməsi ilə bağlı cavabdehə 850 manat ödəməsi, lakin cavabdeh tərəfindən razılaşdırılmış işlərin görülmədiyi, çəkiliş materiallarının təqdim olunmadığı məhkəmədə sübuta yetirildi. Belə ki, cavabdeh iddiaya etiraz edərək işlərin görüldüyünü göstərsə də bununla bağlı məhkəmə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin etirazın əsası olaraq istinad etdiyi hallar yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Odur ki, məhkəmə cavabdeh tərəfindən işlərin görülməməsi barədə iddiaçının göstərdiklərini inandırıcı hesab edir. İddiaçı mənəvi zərərin əvəzi olaraq 2500 manat məbləğində pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi qismən təmin olunmaqla, mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 300 manat tutulmalıdır. Bu qənaətə gələrkən məhkəmə aşağıda göstərilənlərə əsaslanmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Göründüyü kimi mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin təmin edilməsi üçün zərərçəkənin, yəni hazırki iş üzrə iddiaçının şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqları və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması, bu pozuntu nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi tələb olunur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Plenum eləcə də izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması...., anlaşılır. Qeyd edilən Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Plenum qərarının 8-ci bəndində tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmədə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir və bununla bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi hissədə iddiaçının tələbi əsaslı hesab edilmişdir. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin tutulması zərərçəkənin şəxsin cavabdehdən həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudliyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır». Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarının 10-cü bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçının həyatında xüsusi əhəmiyyət kəsb edən mərasimlərlə bağlı çəklişlərin aparılaraq materialların ona təqdim edilməməsi nəticəsində onun mənəvi sarsıntı, iztirab keçirməsi şübhə doğurmur. Bu qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin əvəzi olaraq 300 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 16,20 manatı iddiaçıya aid edilməli, 13,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 850 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,80 manat iddiaçı X1 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 850 (səkkiz yüz əlli) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,80 (on üç manat səksən qəpik) manat iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar