Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-310/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rütəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı öhdəliyə xitam verilməsi və icra qeydinin ləğvi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında Sumqayıt Asan Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə xitam erilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1ə Səxavət qızı iddiaçıya xx.xx.2023-cü ildə borc tələbi ilə bağlı bildiriş göndərmiş, borcu 20 gün müddətində ödəmədiyi halda borc məbləği barəsində icra qeydi aparılacağını bildirmişdir. İddiaçı da xx.xx.2023-cü ildə ona cavab məktubu yollayaraq aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin əsas borc və faiz hissəsində yekunlaşdığını, hazırda müqavilə üzrə heç bir borcum qalmadığını bildirsə də cavabdeh xx.xx.2023-cü ildə iddiaçıdan 5025 manat pulun tutulması barədə icra qeydi almışdır. İddiaçı qapı qonşusu Sahilə müəllimənin vasitəçiliyi ilə cavabdehin anası Dilarə xanım ilə tanış olmuş, tanışı Təhməzova Şəlalənin qızının müalicəsi üçün cavabdehdən 2018-ci ilin noyabrında 2000 manat, xx.xx.2018-ci ildə 3000 manat pul borc pul götürmüş, 4500 manat faiz borcu ilə ödəməyə razılaşmışdır. Mən növbəti 18 ay ərzində 4500 manat faiz ödəmiş, 5000 manat isə cavabdehə xx.xx.2022-ci ildə tam olaraq ödəmişdir. Ödədiyi bütün borc və faiz pullar cavabdehin Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2, 36 saylı mənzilində videokamera altında ödənilmişdir. İddiaçı cavabdehə olan borclarını ödədikdən sonra yenidən borc pul almaq üçün ona müraciət etmiş, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 21000 (iyirmi bir min) manat borc pul götürmüş və həmin pulu da tam olaraq ona ödəmişdir. Göründüyü kimi iddiaçının Cavabdeh1 borcu qalmamışdır. Həmin kredit müqaviləsindən də göründüyü kimi iddiaçı krediti xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Əgər iddiaçı cavabdehdən aldığı krediti qaytarmamışdırsa,onda necə olur ki,o xx.xx.2023-cü ildə iddiaçıya bu məbləğdən də 4 dəfə artıq məbləğdə yenidən kredit verir və iddiaçı da həmin ödənişləri ona ödəmişdir. Bundan əlavə Cavabdeh1 iddiaçıya xx.xx.2023-cü ildə zəng etmiş, iddiaçını təhdid edərək onun 2-ci dəfə bağladıqları kredit müqaviləsi üzrə borcu tam ödədiyi halda iddiaçıdan banka olan borclarını da ödəməyi tələb etmişdir. İddiaçı borcu tam ödədiyi halda o iddiaçıya qarşı icra qeydi əsasında müqavilənin icrası ilə bağlı müraciət etmişdir. İddiaçının borcunun olmamasına baxmayaraq kredit müqaviləsinə əsasən iddiaçıdan həmin borcun tələbi ilə bağlı icra qeydinin verilməsi tam əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 5000 manat pulu borc verir. Borc verən bu məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borc alan krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 21000 manat pulu borc verir. Borc verən bu məbləği borc alana notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Borc alan krediti xx.xx.2026-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Cavabdeh1 xeyrinə İddiaçı xx.xx.2021-ci il tarixinədək ödənilməli olan lkin bugünkü tarixədək ödənilməmiş 5000 manat, əlavə olaraq borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 5025 manat pul tutulması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallardatələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının İİ-ci bəndinə əsasən Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması görə İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; [5] b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçı öhdəliyin tam icra olunması ilə əlaqədar icra qeydinin ləğvini tələb etsə də, kredit müqaviləsi üzrə borcunu ödədiyi, kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etdiyi barədə heç bir sübut təqdim etmədiyindən icra qeydi əsaslıdır, odur ki, icra qeydinin ləğvi üçün əsas yoxdur. Göründüyü kimi İcra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmamışdır. Odur ki, İddiaçı onunla Cavabdeh1 arasında Sumqayıt Asan Xidmət Mərkəzində xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə xitam erilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğvi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı onunla Cavabdeh1 arasında 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə xitam erilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğvi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-310/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-310/2024
16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver