Məhkəmə qərarları › İş №2(060)-315/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-315/2023

23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-315/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" BOKT MMC və Sumqayıt şəhər İcra Şöbəsi) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 2021/00953 №-li kredit və 2021/00953 İP №-li ipoteka müqavilələrinin icrası ilə bağlı Sumqayıt şəhər 4 saylı Notariat ofisində verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Bokt MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00953 №-li kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 32% hesablanmaq şərti ilə 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı1 qıznın mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 63.0 kv.m, yaşayış sahəsi 47.1 kv.m, üç otaqdan ibarət olan 53 saylı mənzili ipoteka predmeti kimi onun ilə "xxxx" Bokt MMC ilə xx.xx.2021-ci il tarixli, 2021/00953 İP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən xx.xx.2021- ci il tarixində likvid dəyərinə əsasən 65000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Müqavilə bağlandıqdan sonra öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir. Öhdəliklərini icra etmədiyi müddətdə də banka məlumat vermişdir ki, kredir müqaviləsinin müddəti bitənə qədər borcu tam bağlayacaqdır. Lakin 3-cü şəxs olan "xxxx" Bokt MMC müqavilə öhdəliklərinin bitməsinə iki ildən çox müddət qalmasına baxmayaraq, onlara bildiriş göndərmədən cavabdeh 4 saylı Sumqayıt şəhər Notariat Ofisinə ərizə ilə müraciət edərək icra qeydinin verilməsinə nail olmuşlar. İcra qeydi verilərkən heç bir araşdırılma aparılmamış, ödənilən məbləğlər nəzərə alınmamış və doğru hesablanmamışdır. Həmçinin faiz və dəbbə pulu düzgün hesablanmamışdır ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnmişdir. Onlar "xxxx" Bokt MMC ilə danışıqlar apararaq hesab edirlər ki, bu məsələni öz aralarında həll edəcəklər. Lakin icra qeydinin icraya yönəldilməsi onları əlavə maliyyə sanksiyasına məruz qoyur və məcburi icra tədbirlərinə rəvac verir. Ən azından faizlərin və dəbbə pulunun bu cür hesablanması qanunsuz və əsassızdır. Ona görə də hesab edirlər ki, icra qeydi ləğv edilməlidir. İddiaçıların nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs "xxxx" BOKT MMC və Sumqayıt şəhər İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və üçüncü şəxslərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı2 ilə "xxxx" Bokt MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00953 №-li müqaviləyə əsasən bank borcluya 36 ay müddətinə, illik 32%-lə, 35000 manat kredit vermişdir. Kreditin cavabdehə verilməsini işdə olan eyni tarixli ödəniş tapşırıqları da təsdiq edir. - "xxxx" Bokt MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı2 33179.09 manat əsas, 7295.88 manat faiz borcu və 8190 manat cərimə olmaqla, cəmi 48664.97 manat borcu vardır. - xx.xx.2021-ci il tarixli, 2021/00953 İP №-li ipoteka müqaviləsindən görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 63.0 kv.m, yaşayış sahəsi 47.1 kv.m, üç otaqdan ibarət olan 53 saylı mənzili İddiaçı2 kredit öhdəliklərinin təminatı olaraq "xxxx" Bokt MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" Bokt MMC-nin tələbi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlak tutmaya yönəldilmişdir. Öhdəliyi müəyyən edən 2021/00953 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 33179.09 manat əsas borc, 7295.88 manat faiz borcu, 8190 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 48664.97 manat təşkil edir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 53 saylı mənzilinin mülkiyyətçisi İddiaçı1dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 53 saylı mənzili "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2023-cü il tarixli, 9/875 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 ilə "xxxx" Bokt MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borcluya 36 ay müddətinə, illik 32%-lə, 35000 manat kredit verilmiş, öhdəlik borclu tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisi tərəfindən icra qeydi verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ipoteka müqaviləsi üzrə tərəf İpoteka saxlayan- "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan – İddiaçı1 və borc alan İddiaçı2 ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/875 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı2 ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00953 saylı kredit müqaviləsi üzrə borcalanın kreditora ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 33.358,66 manat, faiz borcu üzrə 5.104,25 manat müəyyən olunur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın İİ bölməsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilmişdir ki, icra qeydi almaq üçün təqdim olunur: müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci bəndinin 1-ci hissəsində göstərilmişdir ki, icra qeydi təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, icra qeydinə əsasən yönəldilən tutmanın (borcun) məbləği mübahisəsiz olmadığından, eləcə də bu sənəd borclunun bank hesabından çıxarış və təfsilatı maliyyə arayışı təqdim edilmədən verildiyindən, iddia əsaslıdır. Belə ki, ekspert rəyindən aydın olur ki, tələbkarın faiz borcu reallığa uyğun olmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, hesablanmış dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmiş və tərəflərin qarşılıqlı mənafeyinə uyğun deyildir. Qeyd edilənlər isə məhkəməyə borcun mübahisəsiz olmadığı nəticəsinə gəlməyə əsas verir. Həmçinin notariat işində qanunvericiliyə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər - müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022ci il tarixli, 8İ-13279 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisindən 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 8İ-13279 nömrəli icra qeydi ləğv edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisindən 50 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar