Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-316/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı «əmr icraatı qaydasında pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh "xxxx" MMC-nin xeyrinə 6963 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.03.2020-ci il tarixli İD ******* alqı-satqı müqaviləsinə əsasən borcluya 6 ay müddətinə ümumi qiyməti 10463 manat dəyərində olan “İnşaat-taxta” satılmışdır. Borclu alqı-satqı müqaviləsinə əsasən ödəməyi öhdəsinə götürdüyü malın dəyərindən ilkin ödəniş 3500 manat etməklə hər ay üçün 1160,5 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bugünədək 3500 manat ödəniş etmiş və qalan 6963 manat əsas borcun indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8800/2021 saylı 13.10.2021-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu məhkəmə əmrinə etiraz vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8800/2021 saylı 28.10.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Onunla iddiaçı arasında qeyd olunan alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, qəbul aktında imza ona məxsus olsa da göstərilən məhsulu o, götürməmişdir. O, müqaviləni, aktı oxumadan imza etmişdir. Cavid adlı tanışı ona bildirmişdir ki, müqavilənin qiyməti 5000 manat dəyərində olacaq, o, 3500 manat ödəyəcək, qalan 1500 manat isə hissə-hissə ödəniləcək. O, müqavilənin 10463 manat dəyərində olmasını bilməmişdir. Həmin puldan ona cəmi 1000 manat verilmişdir. Qalan məbləğ Cavidə aiddir. Göstərilənlərə əsasən o, 1000 manat həcmində iddianı qəbul edir və həmin pulu qaytarmaqdan imtina etmir. Məhkəmə cavabdehin izahatını dinləyərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 09.03.2020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və əlavədən görünür ki, "xxxx" MMC Cavabdeh alqısatqı qiyməti 10463 manat olan “İnşaat-taxta” materiallarının dəyərini 3500 manat ilkin ödəniş etməklə 6 ay müddətə ödəmək şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 09.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10463 manat əsas borcundan cəmi 3500 manat ödəniş etmiş, 6963 manat əsas borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı–satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6963 (altı min doqquz yüz altmış üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6963 (altı min doqquz yüz altmış üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-316/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-316/2022
01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver