Məhkəmə qərarları › İş №2(060)-3165/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3165/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3165/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı tikilinin və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 onun qızı, Cavabdeh2 kürəkəni, Sevda Muradova isə onların qızı, yəni iddiaçının nəvəsidir. Oğlu Ədalət 1983-cü ildə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsini tutmuş və çəpərə almışdır. cavabdehlər iddiaçının yazılı razılığı olmadan onun əkib becərdiyi torpaq sahəsinə daxil olmuş, keyfiyyətli bar verən ağacları kəsdirmişlər. Hətta ondan 26.12.2019cu ildə şər-böhtanlarla iddia ərizəsi yazdırmışlar. Eləcə də cavabdehlər qonşuları da bezdirmişlər. Cavabdehlər iddiaçnın şərəf və ləyaqətini alçaltmış və onu təhqir etmişlər. Onlar iddiaçını tutdurmaqla hədələmiş, oğurluq və narkomanlıqda təqsirləndirmişlər. 102yə zəng edib onu tutdurmaqla hədələyirlər. Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh1 onun qızı, Cavabdeh2 kürəkəni, Sevda Muradova isə onların qızı, yəni iddiaçının nəvəsidir. Oğlu Ədalət 1983-cü ildə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsini tutmuş və çəpərə almışdır. iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində qeyd edilən torpağı ona anasının verdiyini, ərazinin dövlətə məxsusu olduğunu və həmin torpaq sahəsində tikiliyə dair eskiz layihəsinin olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçının tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-52/2020 saylı 16.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X1 qarşı gözəllik salonu və evin sökülməsi, maddi və mənəvi zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddiası təmin edilməmişdir. - Həmin qətnamədə müəyyən edilmişdir ki, cavabdehlərin inşa etdikləri tikili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına məlumatlandırma icraatı qaydasında məlumat verilmiş və həmin orqan tərəfindən bununla bağlı cavabdehlərə etiraz edilməmişdir. - Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Sevda Muradovaya aid tikilinin eskiz layihəsindən görünür ki, həmin sahədə bir mərtəbəli tikilinin inşası nəzərdə tutulmuşdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sevda Muradovaya ünvanlanmış 22.06.2018-ci il vcvtarixli məktubunda Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 102 kv.metr sahədə tikilinin inşası məqsədilə müraciətə baxıldığı qeyd edilmişdir. - Sumqayıt Bələdiyyəsinin İddiaçı ünvanlanmış 29.03.2019-cu il tarixli, 872 nömrəli məktubundan görünür ki, onun torpaq sahəsinin fərdi ev tikintisi üçün rəsmiləşdirilməsi barədə müraciətinə cavab olaraq sahəyə yerində baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi şəhərin baş planına əsasən fərdi ev tikintisi üçün nəzərdə tutulmamışdır. Bu səbəbdən müraciətin müsbət həlli Sumqayıt Bələdiyyəsinin imkanı xaricindədir. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 13.11.2018-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə idarəyə müraciət etdikdən sonra onun müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli tikilinin yerləşdiyi ərazi zəbt olunmuş torpaq sahəsi olmaqla tərəflərdən heç birinin mülkiyyətində deyildir. Onların həmin torpaq sahəsi və tikililərə dair hər hansı hüququ yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı tikilinin sökülməsi barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbi ilə çıxış etmək üçün öncə həmin tikililərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində, icarəsində və ya digər qanuni əsaslarla istifadəsində olduğunu və yaxud həmin tikililərin onun hər hansı hüquqlarını pozduğunu sübut etməlidir. Lakin, tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi olmaqla, nə iddiaçının, nə də ki, cavabdehlərin mülkiyyətindədir. Yəni, iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yoxdur. Eyni zamanda iddiaçı cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş gözəllik salonunun və kanalizasiya xəttinin onun hansı hüquq və maraqlarına toxunduğunu, həmin tikililərin inşa edilməsi nəticəsində onun hansı hüquqlarının pozulduğunu əsaslandıra bilməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Vurulmuş maddi və mənəvi ziyanla bağlı iddia tələbinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ona dəymiş zərərin məbləğini göstərməmişdir. Eyni zamanda iddiaçı ona cavabdehlərin hansı təqsirli hərəkətləri nəticəsində maddi, eləcə də mənəvi ziyan dəydiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia əsaslı sayıla bilməz və təmin edilməmişdir.. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı gözəllik salonunun və kanalizasiya xəttinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar