Məhkəmə qərarları › İş №2(060)-320/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-320/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-320/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə vermiş olduğu 3.000 ABŞ dolları məbləğində borc pulun və əlavə olaraq mənəvi zərərə görə 1.500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh 2853 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı il tarixdən X1 ilə tanış olmuş, bir ildən sonra daha da yaxın rəfiqə olub, biri-birilərinin yaşayış ünvanlarına getmişdirlər. O, rəfiqəsi Nərgizin anası Hicranla tanış olmuşdur. Bu müddət ərzində onunla rəfiqəsi Nərgiz arasında heç bir mübahisə olmamışdır. 2020-ci il tarixdə rəfiqəsi Nərgizin anası Hicran ona müraciət edərək, bildirmişdir ki, ona iki-üç ay müddətinə 3000 ABŞ dolları məbləğində pul lazımdır. O, həm rəfiqəsi Nərgizi, həm də onun anası Hicranı tanıdığına görə cavabdehə 2020-ci ilin fevral-mart aylarında, hissə-hissə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Üç ay sonra o, cavabdehdən ona verdiyi 3000 ABŞ dolları məbləğində pul vəsaitini tələb etsə də, cavabdeh ona hələ ki maddi imkanının olmadığını, qısa müddətdə pulu qaytaracağını söz vermişdir. Sonradan o, dəfələrlə cavabdehlə telefon əlaqəsi yaratsa da, ondan verdiyi borc pulu tələb etsə də, cavabdeh, ona verilən 3000 ABŞ dolları məbləğində pul vəsaitini qaytarmır. O, da cavabdeh barədə AR Daxili İşlər Nazirliyinə rəsmi şikayət ərizəsi ilə müraciət etmiş, AR DİN Nərimanov RPİ-nin 12.07.2021-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə, şikayət ərizəsi üzrə toplanmış araşdırma materiallarında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 12.07.2021-ci il tarixli Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Möhsüm Cabbarovun qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçıdan 2020-ci ildə, hissə-hissə 3000 ABŞ dolları məbləğində pul borc alaraq, iki-üç ay müddətinə qaytarmaq şərtilə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh iddiaçıya borc aldığı pulu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia əsaslıdır. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 2853 ABŞ dolları İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 2853 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar