Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3210/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “təhsil haqqından azadetmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “təhsil haqqından azadetmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Dövlət Universitetinin dil-ədəbiyat fakültəsində təhsil aldığı 2020-2021-ci tədris ili üçün təhsil haqqından azad edilməyi vəzifəsinin Sumqayıt Dövlət Universitetinin üzərinə qoyulması və təhsil aldığı 2020-2021-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinin hesabına ödədiyi 900 manat təhsil haqqının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür. 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin dil-ədəbiyat fakültəsinin ödənişli bölməsinə qəbul olmuşdur. İllik təhsil haqqı 1800 manat təşkil edirdi. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad edilmişlər. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2011-ci il tarixli, 1722 №li Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. O, universitetə qəbul olunanda məcburi köçkün vəsiqəsini almadığına görə universitet ondan 1-ci kursun təhsil haqqını ödəməyini tələb etmiş, valideyləri məcbur olub onun 1-ci kurs üzrə yarım illik 900 manat təhsil haqqını universitetin hesabına ödəmişdir. Anası X1 və X6 ürə Dövlət Komitəsinə müraciətinə əsasən Qaçqınların və X6 ürə Dövlət Komitəsi Sumqayıt Dövlət Universitetinə onun məcburi köçkün olması barədə məktub və arayış göndərmişdir. Daha sonra isə ona məcburi köçkün vəsiqəsi verilmişdir. Məcburi köçkün vəsiqəsi ona təqdim ediləndə artıq o, 2-ci kursda təhvil almışdır. O, məcburi köçkün vəsiqəsini təqdim etdikdən sonra Universitet onu 2-ci kursun təhsil haqqından azad etmişdir. Lakin Sumqayıt Dövlət Universiteti onu 1ci kursun təhsil haqqında azad etmir, onun ödədiyi 900 manat təhsil haqqını ona qaytarmır, əksinə ondan 1-ci kurs üçün ödənilməyən 900 manat təhsil haqqını tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Bildirir ki, iddiaçı Universitetdə təhsil almaq üçün Universitetlə müqavilə bağlayarkən onun məcburi köçkün vəsiqəsi olmamışdır. Bu səbəbdən də ondan təhsil haqqının ödənilməsi tələb edilmişdir. İddiaçı onlara məcburi köçkün olmasına dair vəsiqəni təqdim etdikdən sonra o, təhsil haqqından azad eedilmişdir. Lakin, artıq müqavilə bağlandığı üçün 1-ci kursun ödənişinin geri qaytarılması və eləcə də qalıq borcdan azad edilməsi qeyri-mümkündür. Həmçinin bildirir ki, iddiaçının təhsil almasına heç bir maneə törədilmir və onun dərslərə buraxılmasında heç bir problem yoxdur. Dərslər hibrid, yəni mühazirələr online, seminarlar isə əyani keçirilir. Hal-hazırda məhkəməyə təqdim etdiyi dərs jurnalından çıxarışlardan da görünür ki, İddiaçı dərslərdə iştirak edir və onun dərslərdə iştirakına heç bir maneə yaradılmır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarına olan: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7196/2021 saylı xx.xx.2021-ci il tarixli qərarın məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Abdullayevə Xanım Araz qızına «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qət edilmişdir. Qaçqınların və X6 ürə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 467483 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbə biletinin surətindən görünür ki, İddiaçı Filologiya fakültəsi, 930 saylı qrupun tələbəsidir. Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № T-51/5 Əmrin surətindən görünür ki, İddiaçı, Filologiya fakültəsinin ə/ş, İİ k, 930 saylı qrup tələbəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi” barədə xx.xx.2003-cü il tarixə 1308 saylı sərəncamına əsasən Füzuli rayonundan məcburi köçkün olduğu üçün təhsil haqqından azad edilmişdir. İddiaçı ilə Sumqayıt Dövlət Universiteti arasında bağlanılmış Sumqayıt Dövlət Universitetində Tələbələrin ödənişli əsaslarla təhsil alması haqqında 06 oktyabr 2020-ci il tarixli 160 saylı müqavilədən görünür ki, ödənişli əsaslarla təhsil alan tələbələr təhsil müddətində hər il üçün 1800 manat universitetin hesabına köçürürlər. Kapital Bank ASC tərəfindən aparılmış hesab əməliyyatında görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı 900 manat Sumqayıt Dövlət Universitetinin hesabına ödəniş etmişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat” fakültəsinə qəbul olunmuş, iddiaçı ödənişli əsaslarla təhsil almaq hüququ qazanmışdır. Təhsil haqqı hər il üçün 1800 manat təşkil etmiş, iddiaçı 2020-2021-ci tədris ili üçün təhsil haqqının yarısını – 900 manat ödəniş etmişdir. Müvafiq məhkəmə qətnaməsinə əsasən iddiaçıya məcburi köçkün statusu verildiyindən cavabdeh təşkilatın 05 mart 2022-ci il tarixli əmrinə əsasən iddiaçı Füzuli rayonundan məcburi köçkün olduğu üçün təhsil haqqından azad edilmişdir. Hazırda iddiaçı 2020-2021-ci tədris ili üçün ödənilmiş 900 manat ödənişin geri qaytarılmasını və həmin tədris ili üçün qalıq qalmış 900 manat təhsil haqqından azad edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etməyərək etirazın əsası olaraq 2020-2021-ci illərdə iddiaçının məcburi köçkün statusunun olmadığını göstərdi. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1.-ci maddəsinə əsasən, normativ hüquqi aktin geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşilaşdiran, hüquqi məsuliyyətini aradan qaldiran və ya yüngülləşdirən normativ hüquqi aktin qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqinda aktda birbaşa göstərilib-göstərilməməsindən asili olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azaddırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 2-ci maddəsinə əsasən heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan təmin olunmalı, İddiaçı Sumqayıt Dövlət Universitetinin dil-ədəbiyat fakültəsində təhsil aldığı 2020-2021-ci tədris ili üçün təhsil haqqından azad edilməli, təhsil aldığı 2020-2021-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinin hesabına ödədiyi 900 manat təhsil haqqı cavabdeh Sumqayıt Dövlət Universitetindən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt Dövlət Universitetinin dil-ədəbiyat fakültəsində təhsil aldığı 2020- 2021-ci tədris ili üçün təhsil haqqından azad edilsin. İddiaçı təhsil aldığı 2020-2021-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinin hesabına ödədiyi 900 (doqquz yüz) manat təhsil haqqı cavabdeh Sumqayıt Dövlət Universitetindən alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3210/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3210/2022
31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver