Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3244/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, qızıl əşyalarının satışı ilə məşğuldur. Cavabdehi Xalidə adlı yaxının tanışı vasitəsilə tanımış, bu səbəbdən ona etibar etdiyindən 2019-cu ilin oktyabr ayında hissəhissə olmaqla ümumilikdə 2200 manat məbləğində qızıl-zinət əşyalarını nisyə vermişdir. Cavabdeh borcunu yaxın müddətdə qızıl əşyalarının dəyərini ödəyəcəyinə söz vermişdir. Cavabdeh ona olan borcundan 300 manat qaytarmışdır. Hazırda cavabdehin ona 1900 manat məbləğində borcu qalmışdır. O, dəfələrlə cavabdehdən borcunun qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina edir. O, cavabdeh tərəfindən aldığı qızıl əşyalarının dəyərinin ödənilmədiyni görüb bu barədə şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin PB-də cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3244/2021 saylı 16 aprel 2021-ci il tarixli sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən əldə olunan materiallardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında araşdırma aparılmış və araşdırma zamanı dindirilən Cavabdeh izahatında göstərmişdir ki, 2019-cu il tarixdən “Karvan” ticarət mərkəzində qızıl satılan cərgədə M.Ruhiyyə adlı şəxsdən 1200 manat dəyərində qızıl əşyalarını nisyə götürmüş və qısa müddətdə götürdüyü qızılın dəyərini qaytaracağına söz vermişdir. Həmin vaxt ödəniş etməmiş, sonradan həmin məbləğdən 300 manat qaytarmışdır. Qalan məbləği isə yaxın günlərdə qaytaracaqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasa da nisyə alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600, 385.1, 442.1 və 448.1-ci maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflərdən birinin digərinə qızıl əşyalarını verməsi, sonuncunun aldığı əşyaların dəyərini ödəməsi ilə bağlı öhdəlik götürməsi işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisə doğuran hal götürülmüş malın dəyərinin müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə sorğusu ilə əldə edilən materiallarından görünür ki, cavabdeh izahatında iddiaçıdan tələbdə göstərilən 2200 manat dəyərində deyil, 1200 manat dəyərində qızıl əşyası götürdüyünü etiraf etmişdir. Eləcə də 300 manat ödəniş edilməsi tərəflərin hər ikisinin təsdiq etdiyi haldır. İddiaçı məbləğin 2200 manat olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən məhkəmə cavabdehin qismən etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 900 (1200-300) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14,20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14,20 (on dörd manat, iyirmi qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3244/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3244/2021
17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver