Məhkəmə qərarları › İş №2(060)-3280/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3280/2024

19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3280/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, cərimələrin silinməsi, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin barəsində inzibati icraatın başlanması barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etmiş olduğu çıxarışa əsasən qanunçuluqda nəzərdə tutulmuş məlumatların verilmədiyi, uçot sənədləri saxtalaşdırıldığı üçün İddiaçı qarşı cərimə formasında tətbiq olunmuş tənbehin əsassız hesab edilməsini, onun məsuliyyətdən azad edilməsini, qərarların ləğv olunmasını, cərimələrin silinməsini, İddiaçı tərəfindən edilmiş müraciətlərə “Vətandaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun qaydada baxılaraq tədbirlər görülməsinin Azərbaycan Respublikasının Baş Prokrorluğunun üzərinə qoyulmasını, Sumqayıt psixdispanserinə polis tərəfindən məcburi qaydada gətirilmiş xəstələrin qəbulu və müalicə prosesinin təşkilinə polisin müdaxiləsinə yol verilməsinin araşdırılması və müvafiq tədbirlər görülməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Baş prokurorluğunun üzərinə qoyulmasını, BDYPİ-də Azərbaycan Respublikası vətəndaşlarına qarşı genişmiqyaslı cinayətlər törətdiyi faktlarının mövcud qanunların tələblərinə uyğun araşdırılması və cinayətkarların məsuliyyətə alınması məqsədilə əsaslı araşdırmalar aparılmasının Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsini və yol polisi şöbəsini qoymaqla həmin orqanlara qarşı tələblər irəli sürmüşdür. İddiaçının Maliyyə Nazirliyinə qarşı tələbi ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsindən ibarətdir. Digər tələbləri isə ona cərimə tətbiq edilməsi ilə bağlı tənbeh tədbirinin ləğv olunmasından, etdiyi müraciətlərə cavab verilməsinin, polisin müdaxiləsinin araşdırılmasının və Baş Dövlət Yol Polisi İdarəsinin törətdiyi cinayətlərin araşdırılmasının Baş Prokurorluğunun üzərinə qoyulmasından ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Mübahisələrin ümumi, mülki, kommersiya və.s məhkəmələrə aid olması əsasları qanunvericiliklə imperativ olaraq tənzimlənmişdir. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit edilmişdir. Həmin normaya əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi ümumi məhkəmələrdə baxılan mübahisələr üzrə tərəflər bərabər olmaqla biri digərinə qarşı hakimiyyət səlahiyyətini tətbiq etmir. Lakin hazırki halda isə iddiaçı inzibati orqanlara qarşı iddia qaldıraraq müəyyən tələblər irəli sürmüşdür. Halbuki inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və bu qanun inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Fiziki şəxslərin inzibati orqanların faktiki xarakterli hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, həmin orqanlar tərəfindən vurulmuş ziyanın ödənilməsi və.s ilə bağlı tələblərinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanlar mülki dövriyyənin iştirakçısı qismində hərəkət etdikləri hallarda onlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış mübahisələr ümumi məhkəmənin araşdırma predmetinə daxil ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırki işdə isə iddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsinə və digər orqanlara qarşı tələbinin onlar arasında sonuncuların mülki dövriyyənin iştirakçısı olaraq bağladığı müqavilələrdən və ya hərəkətlərdən (hərəkətsizlikdən) irəli gəldiyi müəyyən olunmur. İddiaçının barəsində tətbiq edilmiş tənbeh tədbirlərinin əsassız hesab edilməklə qərarların ləğv edilməsi və.s tələblərinə münasibətdə qeyd edir ki, inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyəti əsasında və ya cinayət təqibi üzrə cinayətprosessual fəaliyyəti əsasında qəbul edilmiş qərarlardan şikayət verilməsi qaydası müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi və Cinayət Prosessual Məcəllə ilə tənzimlənir. Həmin orqanların qeyd edilən fəaliyyətləri əsasında qəbul etdikləri qərarlardan şikayətlərə isə müvafiq olaraq yuxarı orqanlara, inzibati xətalara dair işlərə baxan məhkəmələrə və cinayət prosesini həyata keçirən orqanlara və cinayət mühakimə icraatını həyata keçirən məhkəmələrə müraciət edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, cərimələrin silinməsi, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin barəsində inzibati icraatın başlanması və.s tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar