Məhkəmə qərarları › İş №2(060)-33/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-33/2021

22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-33/2021 22.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «bağ sahəsindən çıxarılma tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun dövlət notariusu C,Q.Rüstəmov tərəfindən təsdiq olunmuş və 4Ə/460 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 seriyalı ******* nömrəli 23 iyun 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsi 1419 D nömrəsi ilə 28.10.2011 -ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi tdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1419 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində və həmin alqı-satqı müqaviləsi və 76/77901-2 reyestr nömrəli, 28.06.2011-ci il tarixli bölgü planı əsasında 0.06 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına 28.10.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Nəriman Abıyev tərəfindən 2(060)-1069/2018 nömrəli 05 fevral 2018-ci il tarixli qiyabi qətnamə qəbul olunmuşdur. Lakin, ərizəsi əsasında qiyabi qətnamə ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə Cavabdeh ona qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmçinin zəbt olunmuş sahədə cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilməkdədir. Tərəfindən cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxması, orada inşa etdiyi tikililəri sökməsi təklif edilsə də bu heç bir nəticə verməmişdir. Cavabdeh, qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş və hal- hazırda qanunvericilkilə qorunan hüququndan istifadə edilməsinə imkan vermir. Bütün bunları nəzərə alaraq, o, öz hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməyi lazım bilmişdir. Göründüyü kimi cavabdehin hər hansı bir qanuni əsas olmadan mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi həmin torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi) kimi qiymətləndirilməlidir. Belə olan halda cavadehin sözügedən torpaq sahəsindən çıxarılması və hüququnu məhdudlaşdıran hərəkətlərin aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsi vardır. 2011-ci il tarixdə İddiaçı ona pul torpaq lazım olduğunu, pulunu isə qısa müddət ərzində tam ödəyəcəyini bildirmişdir. Cavabdeh özünə məxsus olan torpaq sahəsindən 0,06 ha sahəsini notariat kontorunda iddiaçıya satmışdır. Hazırki vaxtadək cavabdeh iddiaçıdan pulunun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır və cavabdehi aldadır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Cavabdeh nümayəndəsi və vəkili X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində 28.10.2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsusu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satıb, alıcı isə həmin qiymətə alıb. Müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1663/2020 saylı, 28.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 28.06.2019-cu il tarixli arayışından görünür ki, Mirzəliyeva Gülnisə Həsənbala qızı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, 2 paralel küçə, məhəllə 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Cavabdeh özünə məxsusu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndindən məlum olur ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satıb, alıcı isə həmin qiymətə alıb. Müqavilənin 5-ci bəndində birbaşa göstərilmişdir: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Hazırda cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419D saylı, 0,06 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1663/2020 saylı, 28.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçılar iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.10.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən çıxarılsın və torpaq sahəsində inşa edilmiş tikililər cavabdehin hesabına sökülsün. İddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar