Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3311/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “Nissan Tida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 2300 manatın və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq «xxxx» ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “NİSSAN Tida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC-də AZ/EXPR/17/0240 nömrəli şəhadətnamə ilə 11.04.2017-cu il tarixdən 11.04.2018-cİ il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmışdır. Cavabdeh1 24.06.2017-ci il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri Tbilisi prospekti ilə idarə etdiyi “İVECO” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək X2 məxsus “NİSSAN Tida” markalı, **-XP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Bakı şəhər DYPŞ tərəfindən qeydə alınmış, cavabdehin barəsində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 718656 nömrəli, 14.06.2017-ci il tarixli protokol tərtib edilmişdir. “xxxx” MMC tərəfindən “Nissan Tida” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, avtomobilə vurulmuş ziyan 3074 manat məbləğində müəyyən edilib, həmin məbləğdən azaldılma məbləği çıxılaraq, “xxxx” ASC sığorta ödənişi kimi avtomobilin sahibinə 2300 manat vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi Cavabdeh1 təqsiri ucbatından baş verdiyi üçün kompleks sığortası şəhadətnaməsi ilə sığortalanmış avtomobilə vurulmuş zərərə görə sahibinə verilmiş 2300 manat məbləğində «xxxx» ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb etmək hüququ yaranır. “İVECO” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibliyindədir. Cavabdeh1 Cavabdeh2 işçisi olaraq həmin cəmiyyətin tapşırığını yerinə yetirildiyi zaman yol nəqliyyat hadisəsi törətdiyinə görə AR MM-in 1099.1-ci maddəsinə əsasən «xxxx» ASC-yə “NİSSAN Tida” markalı **-XP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə görə verilmiş 2300 manatı ASC-yə ödəməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli Qətnaməsi ilə Cavabdeh1 Cavabdeh2 MMC-nin işçisi olduğu sübuta yetirilmiş, “NİSSAN Tida” markalı **-XP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Mahnur Hacıyevanın iddiası qismən təmin edilərək, onun avtomobilinə vurulmuş maddi ziyana görə ödənilməmiş hissəsi, 774 manatın cavabdeh “xxxx” Məhdud məsuliyyətli cəmiyyətindən tutularaq, iddaçıya verilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh2 MMC-nin sürücüsü işləmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman ona məlum olmuşdur ki, idarə etiyi “İVECO” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını sığortasız olmuşdur. Hesab edir ki, idarə etiyi avtomobil şirkət tərəfindən sığortalanmalı idi. Ona görə də, iddianın ona qarşı rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia ərizəsində onların cavabdeh kimi qeyd edilməsi qanunsuzdur. Onlar avtomobilin mülkiyyətçisi olsalar da, “İVECO” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını faktiki olaraq Cavabdeh1 idarə etmiş və yol nəqliyyat hadisəsini də Cavabdeh1 törətmişdir. Bundan başqa iddiaçı hazırda onlardan subroqasiya qaydasında pul tələb edir. Halbuki, qanunvericiliyə əsasən belə olan halda avtomobilin mülkiyyətçisi mülki məsuliyyət daşımır. Ona görə də, iddianın onlara münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X4 dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2041/CM-100/2017 nömrəli, 22.06.2017-ci il tarixli sığorta aktının surətindən görünür ki, X2 məxsus “NİSSAN Tida” markalı **-XP-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil 11.04.2017-ci il tarixdən 11.04.2018-ci il tarixə kimi «xxxx» ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 4637 nömrəli, 22.06.2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X1 bank hesabına 2300 manat pul ödənilmişdir. İş materiallarında olan AC 106317 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İVECO” markalı, 99 SE 818 dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 MMC-yə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş KYP 718656 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2753/2020 saylı, 10.06.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, avtomobilin istismara yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 774 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısının ödənilməsi məqsədi ilə 15 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş və Cavabdeh2 MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2300 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 2300 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3311/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3311/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver