Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3390/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Əhliman oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əhliman oğluna qarşı evə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Cavabdeh Əhliman oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin narahatçılıq gətirən hərəkətlərinə son qoyulması, istifadələrində olan yoldan itlərin götürülməsi və iddiaçının ünvan 1 ünvanında yerləşən 11 saylı evdə daimi yaşadığı otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların qardaşıdır. İddiaçılar və cavabdeh ünvan 1, ev 11-də yaşayırlar. 11 saylı ev mülkiyyət hüququ ilə mərhum atalarına məxsus olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2007-ci il tarixli qətnaməsinə əsasən mübahisəli ev hər bir vərəsənin payı 1/7 olmaqla bütün vərəsələr arasında bölünmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2010- cu il tarixli, 2(060)-3199/2010 saylı qətnaməsi ilə iddiaçının və digər iddiaçıların iddiası təmin edilmiş, iddiaçıların Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül qəsəbəsi, ev 11-in həyətindən küçəyə olan darvazadan istifadə hüquqlarının tanınması və həmin darvazanın ümumi istifadə üçün açılması qət edilmişdir. Məhkəmənin bu qətnaməsi qanuni qüvvə almış və qətnamə icra olunmuşdur. Lakin cavabdeh istifadə hüquqlarının həyata keçirilməsinə öz hərəkətləri ilə maneçilik törədir. Beləki, cavabdeh istifadələrində olan yolda it saxlayaraq ailə üzvlərinin narahatçılığına səbəb olur. İddiaçı2 ikinci qrup əlildir, aşağı ətrafları hərəkətsizdir. Cavabdeh onları bezikdirib mülkiyyətçisi olduqları evdən qaçırmaq üçün bu yola əl atmışdır. Dəfərlərlə cavabdehə xəbərdarlıq etmiş, itləri (onların sayı 4 ədəddir) yoldan götürməyi xahiş etmişlər. İtlər narahatlığa səbəb olur, natəmizlik yaradır. Lakin cavabdeh onların iradlarına məhəl qoymur. Yuxarıda adı çəkilən məhkəmə qətnaməsinə əsasən İddiaçı2 digər vərəsələr kimi miras əmlakda payı 1/7 hissədədir. Cavabdeh iddiaçıya məxsus otaqdan onu döyüb çıxarmışdır. Dəfələrlə mənzilinə qayıtmaq istəsə də, cavabdeh buna imkan verməmişdir. Əlacsız qalıb qardaşı İddiaçı1 mənzilinə sığınmışdır. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, digər iddiaçı onunn bacısı, cavabdeh isə qardaşıdır. Bir həyətdə iki ev var. Ümumi həyətin çıxışı isə birdir. Ata mülkü olan evin yanında iddiaçı özü ayrıca ev tikib ailəsilə birgə yaşamağa başlamışdır. Ata mülkü olan evdə bacısı əvvəllər qardaşının ailəsi ilə birgə yaşayırdı. Aralarında olan münaqişədən sonra isə bacısı evdə qalası olmamış, iddiaçının yanıma köçmüşdür. Cavabdeh hazırda onu evə buraxmır və ümumi istifadələrində olan yolun qarşısına, darvazanın yanına itlər yerləşdirərək oradan keçməklərinə maneçilik törədir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ata mülkü olan evdə 1 otaq və 1 mətbəx atası tərəfindən ona verilmişdi. Digər otaqlarda isə cavabdeh olan qardaşı ailəsi ilə birlikdə yaşayırdı. İddiaçı olan qardaşı isə özünə bu evin yanında ev tikmişdi. Ata mülkü olan evdə cavabdeh və onun ailəsi iddiaçıya yaşamağa imkan vermədiyindən, iddiaçı olan qardaşının yanına köçməli olmuşdur. 15 ildir ki, orada yaşayır. Çıxarıldığı evə köçürülməyini istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Bacısı əvvəl harda yaşayıbsa, indi də orada, yəni iddiaçı olan digər qardaşının yanında yaşayır. Evlərin elə ikisi də ata mülküdür. Evin birində o, ailəsilə yaşayır. Digərində isə qardaşı öz ailəsi il yaşayır. Bacısı elə əvvəldən qardaşının yanında yaşayıb. Elə indi də orada yaşayır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 xx.xx.1966-cı ildə, digər İddiaçı2 isə xx.xx.1974-cü ildə anadan olmuşdur. Onlar hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. Cavabdeh xx.xx.1968-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-3199/2010 saylı qətnaməsi ilə İddiaçı2, İddiaçı1 və X1 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Perekuşkül qəsəbəsi, ev 11-in həyətindən küçəyə olan darvazadan istifadə hüquqlarının tanınması və həmin darvazanın ümumi istifadə üçün açılması qət edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 11 X2 və digərlərinin paylı mülkiyyətindədir. Həmin ev üzərində digər şəxslərlə yanaşı iddiaçıların və cavabdehin hər birinin 1/7 hissədə payları müəyyən edilmişdir. İş üzrə mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Pereküşkül küçəsində yerləşən 11 saylı evin həyətində 2 tikili mövcuddur. Tikililərin birində Cavabdeh Əhliman oğlu öz ailəsi ilə birlikdə qalır. Həmin tikili 2 otaq və 1 mətbəxdən ibarətdir. Digər tikilidə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayırlar. Həmin tikili də 2 otaq və 1 mətbəxdən ibarətdir. İddiaçı1 bildirmişdir ki, özünün yaşadığı həmin tikili əvvəllər 1 otaqlı olsa da, sonradan onun tərəfindən artırılıb. Həyətdə Cavabdeh Əhliman oğlu tərəfindən bir neçə itin saxlanıldığı da müəyyən olunmuşdir. İtlərdən bəziləri bağlı şəraitdə, bəziləri isə həyətdə açıq şəraitdə saxlanılır. İş materiallarına Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 11 saylı fərdi yaşayış evinin texniki pasportu əlavə edilmişdir. Texniki pasportda həyətdə iki otaq və bir mətbəxdən ibarət 78 kv.metr sahəsi olan “A” tikilisi və bir otaqdan ibarət olan 23 kv.metr sahəsi olan “B” tikilisinin olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (215.4.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 11 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) üzərində iddiaçılar və cavabdehlə yanaşı digər şəxslərin də payları mövcuddur. Həmin ev “A” və “B” tikililəri olmaqla iki tikilidən ibarətdir. İddiaçılar “B” tikilində, cavabdeh isə “A” tikilisində yaşayırlar. Hazırda İddiaçı2 özünün “A” tikilisinə köçürülməsini istəyir. Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi, Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həll edilir. Mübahisəli ev üzərində hazırkı iş üzrə tərəflərdən başqa digər şəxslərin də mülkiyyət hüquqları olduğundan İddiaçı2 “A” tikilisinə köçürülməsi digər mülkiyyətçilərin də razılı ilə baş verə bilərdi. İddiaçı2 həmin mülkiyyətçilərə müraciət edərək imtina cavabı aldıqdan sonra onları da cavabdeh kimi göstərməklə məhkəməyə müraciət etməli idi. Lakin, iddiaçı yalnız tələbini Cavabdeh qarşı yönəltmişdir. Eyni zamanda mübahisəli ev naturada bölünmədiyindən həmin evin hansı hissələrinin iddiaçılara, hansı hissələrinin cavabdehə məxsus olması müəyyən edilmir. İddiaçı2 hal hazırda “B” tikilisində yaşayır və onun paylı mülkiyyətində olan evdən istifadə hüquqları pozulmamışdır. Bu səbəbdən onun evin naturada bölgüsü və ya satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddialar qaldırması istisna deyildir. Mübahisəli evin həyətində cavabdeh tərəfindən saxlanılan itlərin götürülməsi ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (171.2.). Mübahisəli evə baxış keçirilən zaman evin həyətində cavabdeh tərəfindən itlərin saxlandığı, lakin onların ev itləri olmaqla, insan üçün təhlükə törətmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Əhliman oğluna qarşı cavabdehin narahatçılıq gətirən hərəkətlərinə son qoyulması, istifadələrində olan yoldan itlərin götürülməsi və iddiaçının ünvan 1 ünvanında yerləşən 11 saylı evdə daimi yaşadığı otağa köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3390/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3390/2022
30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver