Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3395/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə və Cavabdeh1nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə və Cavabdeh1nə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin ünvanda olan 72 nömrəli fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 17/01 №-li protokolun etibarsız hesab olunması, "xxxx" BOKT MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC-yə mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin ünvanda olan 72 nömrəli fərdi yaşayış evini ipotekaya qoyaraq pul götürmüşdür. Ölkədə baş verən devalavasiya iddiaçının maddi durumuna mənfi təsir göstərmişdir. Bu səbəbdən o, kreditin aylıq ödənişlərini ödəyə bilməmişdir. Bununla bağlı "xxxx" BOKT MMC iddiaçıya qarşı məhkəmədə iddia qaldırmadan, 3 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə icraya yönəldilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli, 10/16 saylı sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən ipotekaya qoyulmuş iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin ünvanda olan 72 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə hərrac keçirilmişdir. Keçirilən hərrac haqqında iddiaçının heç bir məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya məlum omuşdur ki, əmlak 05 aprel 2023-cü il tarixdə satılaraq "xxxx" BOKT MMC -nin mülkiyyətinə verilmişdir. Bundan başqa qiymətləmdirilmə qeyri-obyektiv aparıldığı kimi, hərrac da qeyri-obyektiv aparılmışdır. Hərracın keçirilməsi barədə cavabdehlər tərəfindən iddiaçıya və ailəsinə məlumat verilməmiş və keçirilən heç bir hərracda iştirak etməmişdir. İddiaçı hərracın keçirilməsi barədə məlumat aldıqdan sonra Sumqayıt Şəhər Məhkəməsində "hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsinin ərizəsinə əsasən "xxxx" BOKT MMC-nin iş üzrə üçüncü şəxs statusuna xitam verilərək cavabdeh kimi cəlb edilmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir: İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə, Ağdam rayonu, İmamqulubəyli kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 17/01 nömrəli yekun protokoluna əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin ünvanda olan 72 nömrəli fərdi yaşayış evinin (bundan sonra – ipoteka predmeti olan əmlak) ilkin hərrac qiyməti 40 000 manat, təkrar hərracda satış qiyməti 34 000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti olan əmlak hər iki hərracda satılmadığı üçün ipoteka saxlayan "xxxx" BOKT MMC tərəfindən 25500 manata əldə edilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhər 3 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli, 8İ-13547 reyestrli icra qeydi və ona aid olan sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, "xxxx" BOKT MMC iddiaçı ilə bağlanmış krdit və ipoteka müqavilələri və digər sənədlər əlavə edilməklə, icra qeydinin verilməsi barədə ərizə ilə Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydində iddiaçının "xxxx" BOKT MMC-yə olan 14680,08 manat borcunun ödənilməsi üçün iddiaçıya məxsus olan ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi təklif edilmişdir. Məhkəmə sorğusu əsasında "xxxx" MMC tərəfindən iddiaçıya məxsus əmlak üzrə keçirilmiş hərraclarla bağlı sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlakla bağlı birinci hərrac xx.xx.2023-cü il tarixində, ikinci hərrac xx.xx.2023-cü il tarixində keçirilmişdir. Bundan sonra xx.xx.2023-ü il tarixli məktubda ipoteka predmeti olan əmlak ipoteka saxlayan "xxxx" BOKT MMC-yə təklif edilmiş və ipoteka saxlayan tərəfindən əmlak əldə edilmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir (42.1.). Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.7.). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (43.8.). İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi barədə hərrac təşkilatçısı tərəfindən ona heç bir məlumat verilməmişdir. Lakin, ipoteka predmeti olan əmlaka dair keçirilmiş hərraclarla bağlı sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlakla bağlı birinci hərrac xx.xx.2023-cü il tarixində keçirilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixində göndərilmiş bildiriş yaşadığı və qeydiyyatda olduğu ünvanlarda rəsmi qaydada alınmışdır. Əmlakla bağlı ikinci hərrac xx.xx.2023-cü il tarixində keçirilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixində bildiriş göndərilmş və yaşadığı və qeydiyyatda olduğu ünvanlarda xx.xx.2023-cü il tarixind rəsmi qaydada alınmışdır. Bundan sonra xx.xx.2023-ü il tarixli məktubda ipoteka predmeti olan əmlak ipoteka saxlayan "xxxx" BOKT MMC-yə təklif edilmişdir. Həmin məktub iddiaçıya göndərilmiş və xx.xx.2023-cü il tarixində iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvanlarda rəsmi qaydada alınmışdır. Eyni zamanda hərrac barədə qəzetdə də elan verilmişdir. Göründüyü kimi hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatçısı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi iş materialları ilə müəyyən edilmir. İddiaçı keçirilmiş hərraclar barədə ona məlumat verilmədiyini iddia etsə də, həmin dəlilini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" BOKT MMC-yə və Cavabdeh1nə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 0,03 hektar torpaq sahəsi və həmin ünvanda yerləşən 72 nömrəli fərdi yaşayış evinin satılmasına dair xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 17/01 №-li protokolun etibarsız hesab olunması və "xxxx" BOKT MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3395/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3395/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver