Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-341/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1967-cı təvəllüdlü Cavabdeh1, xx.xx.1992-ci təvəllüdlü Cavabdeh2, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh6 ona məxsus ünvan 1 ünvanından yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzildə ailəsi ilə birlikdə qeydiyyatdadır və orada daimi yaşayır. Mənzil onun adına vərəsəlik yolu keçmişdir. Lakin onlardan başqa mənzildə keçmiş arvadı, övladları, bacısı, bacısının övladları qeydiyyatdadır. Həmin şəxslər formal olaraq qeydiyyatdadırlar. Hər birinin özlərinə məxsus mənzilləri vardır. Onlar onun evində qeydiyyatda olsalar da 1991-ci ildən həmin mənzildə yaşamırlar. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalması onun hüquqlarının pozulmasına, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə. öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçı onun qardaşıdır. O, sözügedən mənzildən 1992-ci ildə ailə həyatı qurduqdan sonra çıxmışdır. Qeydiyyata düşməyə ünvan olmadığı üçün iddiaçının mənzilindən qeydiyyatdan çıxmamışdır. Bundan əlavə, cavabdeh kimi göstərilən övladlarının da sözügedən mənzildən çıxarılmasına etiraz etmədiyini bildirərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh6 iddia tələbini qəbul edərək bildirdi ki, o, hazırda ailə həyatı quraraq Məştağa ərazisində kirayədə yaşayır. Mübahisəli mənzildə heç bir vaxt yaşamamışdır. Sözügedən ünvanda yaşamadığı üçün qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 və qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xalası oğlu olduğundan qohumluq münasibətlərinə üstünlük vermişlər. 1995-ci ildən boşanmağa məcbur olmuş və həmin tarixdən oğlu Cavabdeh2lə birlikdə məcburi köçkün düşmüş Sumqayıt şəhəri, 15-ci məhəllə, 85 saylı Texniki Peşə məktəbində (hazırda 2 saylı yataqxana) məskunlaşan valideynlərinin himayəsinə sıxınmalı oldular. Valideynləri rəhmətə getmiş, onlar isə həmin binada 30 ilə yaxındır ki, qeydiyyatsız yaşayırlar. Qeydiyyatsız yaşamaqlarının səbəbi isə obyektiv olaraq həmin yataqxananın qəzalı vəziyyətdə olması və digər onlara məlum olmayan səbəbdən dövlət tərəfindən rəsmi qeydiyyata alınmamaqlarıdır. Böyük oğlu Cavabdeh5 isə təxminən 5 ilə yaxın müddətdir ki, ailə münaqişəsi zəmnində atası, yəni iddiaçı tərəfindən ailəsi ilə birlikdə onlarda çölə atılmışdır. Hazırda 4 nəfər ailə üzvi ilə ağır şəraitdə yaşayırlar. İddiaçının atası rəhmətə gedəndən bir müddət sonra mənzilin onun mülkiyyətinə verilməsinə notarial qaydada razılıqda vermişlər. Bu gün isə iddiaçının əsas məqsədi övladlarının həmin mənzilə olan bütün imtiyazlardan məhrum etməklə mənzili satıb mənimsəməkdir. Onların həmin mənzilə qediyyatları itirilmiş hesab ediləcəyi halda “Yaşayış Yeri və yaxud Qediyyat Haqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra olunmasından, sosial müdafiə, pensiya təminatı və digər hüquq və azadlqlarının həyata keçirilməsindən məhrum edəcəkdir. Qeyd olunanları, İİ qrup əlil olmağı, ağır şəraitdə qəzalı binada yaşamaqları, bu gün digər mənzil qeydiyyata düşməkləri qeyri-mümkün olmasını, eyni zamanda Sumqayıt şəhər, Polis İdarəsinə qediyyata götürülmənin dayandırılmasını nəzərə alaraq, onun və oğlu Cavabdeh2 yeni ünvan tapıb qeydiyyata düşməkləri üçün 3 ay müddətinə vaxt verilməsinə möhlət hüququnu tanınmasını və həmin müddətdən sonra onların iştirakları olmadan iddiaya mahiyyəti üzrə baxıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, ünvan 2 ünvanında yaşamış, xx.xx.2010-cu ildə vəfat etmiş X3 vərəsəsi: ünvan 1-də qeydiyyatda olan oğlu İddiaçı mirasdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, MH ******* seriya nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68,09 kv.m yaşayış sahəsi 47,31 kv.m olan 3 otaqlı, 3 nömrəli mənzildən ibarətdir. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, №0020811 saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 9E nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,03 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 2-də qeydiyyatdadırlar. İş materiallarında olan İİ-JQ №296297 saylı, xx.xx.1997-ci il tarixli “Boşanma haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X2 arasında olan nikah xx.xx.1997-ci il tarixdə pozulmuşdur. İşə əlavə olan S.M.Səfərov, P.Y.Mirzəyev və Y.Z.Bayramovun imzası ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 2-də 1991-ci ildən yaşamırlar. Məhkəmə cavabdehlərə münasibətdə də iddianı əsaslı hesab edir və bununla bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, sözügedən mənzil xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras qalmışdır. Mənzildə cavabdehlərə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatda olmaları iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki: -Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas alan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun iddiaçının oğlu ilə nikahları pozulması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci abzasına əsasən, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə bağlı 12 mart 1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər 1991-ci ildən mübahisəli mənzili tərk etmişlər və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Qeyd edilməlidir ki, əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisə predmetinə daxil olan mənzili tərk etməklə uzun müddətdir ki həmin mənzilə yaşamırlar və həmin mənzildən istifadə etmirlər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşamaması və həmin mənzildən istifadə etməməsi halları, yalnız onların başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması ilə izah oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini və cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iddia tələbini qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər xx.xx.1967-cı təvəllüdlü Cavabdeh1, xx.xx.1992-ci təvəllüdlü Cavabdeh2, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh6 ünvan 3-də yerləşən 3 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-341/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-341/2024
22.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver