Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3444/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X1 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin noyabr ayının 2-də Sumqayıt şəhər sakini Qala qəsəbəsi N №-li hərbi hissədə qulluq edən 1994-cü il təvəllüdlü cavabdeh iddiaçıdan təcili olaraq kreditini bağlamaq üçün 1200 manat pul istəmiş və noyabr ayının 15-dək deri qaytaracağını vəd etmişdir. İddiaçı isə ürək əməliyatı keçirmək üçün hissə-hissə yığdığım vəsaiti ona kömək məqsədi ilə vermişdir. Bu məsələnin üstündən 3 ay keçsə də, iddiaçı cavabdehlə mütəmadi olaraq zəngləşib və görüşürdü. Bundan sonra iddiaçı şübhələnməyə başlamış və aradan 5 ay keçdikdən sonra cavabdehə yenidən zəng edərək iş ilə maraqlanmışdır. Cavabdeh problemləri olduğunu bildirərək, bir müddətlik ezamiyyətdə və başqa yerlərdə olduğunu bildirib. İddiaçı artıq aldandığını başa düşərək cavabdehin gəlişini gözləyib. Lakin, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, onun oğlu da hərbçidir. Cavabdeh onun oğlunun iş yoldaşıdır. Pulun bir qismini o, biq qismini isə oğlu cavabdehə borc kimi veriblər. Lakin, cavabdeh borcu qaytarmaqdanimtina edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxnayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, hazırda Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna Bağlar massivi, Hərbi şəhərcik, ev 177-də qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatları haqqında elektron çıxarışdan görünür ki, cavabeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29, mənzil 48-də yaşayır. Məhkəmə sorğusu əsasında Bakı Hərbi Prokurorluğundan iddiaçının ərizəsi əsasında toplanmış sənədlərin surətləri məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İddiaçı öz tələbində cavabdehə borc kimi 1200 manat pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Hazırkı halda cavabdehə iddia ərizəsində göstərilən məbləğdə borc pul verdiyini, cavabdehin isə həmin borcu qaytarmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İddiaçı cavabdehə 1200 manat pul verdiyini, lakin cavabdehin onu aldatdığını və pulunu geri qaytarmadığını bildirsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Bakı Hərbi Prokurorluğunun məhkəmə sorğusuna cavab olaraq məhkəməyə göndərdiyi materiallarda isə cavabdehin istintaq orqanında borcun etirafı ilə bağlı ifadə verməsi barədə hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı cavabdehdən 1200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3444/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3444/2021
24.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver