Məhkəmə qərarları › İş №2(060)-3456/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3456/2024

29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3456/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat və Cavabdeh2 tərəfindən ona borclu qaldığı 300 manat və tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu olmaqla 10423 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Bəxtiyar oğlu və Cavabdeh2 ilə 2021-ci ilin əvvəllərində Sumqayıt şəhərində təsadüfən görüşüb tanış olub. Söhbət əsnasında onlar özlərini ona nüfuzlu, hər yerə əliçatan bir şəxs kimi təqdim etmişdilər. O, da onların ona qarşı səmimi münasibətlərinə inanıb etibar etdiyinə görə bir xeyli danışdıqdan sonra oğlu X1 Şabran rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəltmək istədiyini bildirmişdir. Söhbət zamanı Cavabdeh1 Cavabdeh2 tanışlarının vasitəsilə oğlu X2 rayon Polis Şöbəsinə işə düzəldəcəyinə söz vermiş və bunun müqavilində ondam 12000 manat pul istəmişlər. O, da onların hər ikisinə inanaraq 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında əvvəlcə 8000 manat, daha sonra isə 2022-ci ilin oktyabr ayının sonunda yenə də, Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vermişdir. Bir sözlə, bu işə görə onlara ümumilikdə 12000 manat pul vermişdir. Bundan xeyli müddət keçəndən sonra onlar verdikləri vədə əməl etmədilər. Bir sözlə, oğlu Nüsürü Şabran rayon Polis Şöbəsinə işə düzəltmədilər. O, hər dəfə onlarla telefon əlaqəsi yaradıb görüşərək işin nəticəsi ilə bağlı maraqlananda hər dəfə müxtəlif bəhanələr gətirərək nə oğlunu işə düzəltmiş, nə də onlara verdiyi pulu ona qaytarmaq istəməmişlər. O, cavabdehlərin ona qarşı etibarından istifadə edərək dələduzluq edib 12000 manat pulunu mənimsədiklərinə görə bu barədə ərizə ilə Sumqayıt şəhər Prokurorluğuna və Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində onun ərizəsi əsasında toplanılmış material üzrə onların hər ikisi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin cinayət işinin istintaqı onlar barəsində qeyd olunan maddələrlə tamamlanaraq iş baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsində işə baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilərək o, cinayət məsuliyyətindən azad edildi. Lakin həmin puldan 300 manatı Cavabdeh2 tərəfindən bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Bundan savayı hər iki cavabdeh - Cavabdeh1 və Cavabdeh2 belə hərəkətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurublar. Belə ki, bu 3 il müddət ərzində dəfələrlə işindən ayrılaraq Sumqayıt şəhərinə gedərək onlardan verdiyi pulu tələb etmək üçün, eləcə də, həm istintaqa, həm də məhkəmə baxışına dəfələrlə çağrıldığı zaman çəkdiyi yol və digər xərclərə və itirdiyi vaxta və yaşadığı əsəb və stresə görə 5000 manat maddi, 5000 manat mənəvi ziyan dəymişdir. Bir sözlə, onlar tərəfindən ödənilməmiş 300 manatla birlikdə ümumilikdə 10300 manat (5000 manat maddi, 5000 manat mənəvi, 300 manat qalıq borc olmaqla) məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hər iki cavabdehin atasına ümumlikdə 12000 manat borcundan 300 manat borcları qalmışdır. Tərəflər arasında barışıq olmuşdur, lakin hələ də qalıq borc ödənilməyib. İddiada qeyd edilən məbləğə onun gediş-gəliş xərcləri, maddi və mənəvi ziyan tələbləri aiddir. Hər iki cavabdehin borcu qalmışdır. Yadından çıxdığı üçün növbəti hazırlıq iclasına gələ bilməmişdir. Cinayət işinə baxılarkən atasının borcun ödənilməsi barədə ərizə verməsinin səbəbi işin yekunlaşmalı olması ilə əlaqədar olmuşdur. Ümumilikdə isə borc 300 (üç yüz) manatdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbini təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının iddiası əsassızdır. İddiaçıya olan borcları ödənilib, həmçinin iddiaçının gedib-gəlmək xərcləri də qarşılanıb. Hətta onlar birlikdə yemək də yeyiblər və bunun xərci də digər cavabdeh və onun tərəfindən qarşılanıb. Onu da qeyd edir ki, iddia ərizəsində hazırda Malikin borcunun qaldığı qeyd edilib, onun borcu olması barədə ərizədə hər hansı qeyd yoxdur. Belə ki, cinayət işinə ona aid olan hissədə xitam verilmişdir. Bundan başqa Bəhlul məhkəməyə ərizə ilə müraciət edərək onun Bəhlula olan borcunu tam ödədiyini və ona qarşı iddiası olmayacağını bildirmişdir. O, bu iş üzrə 450 manat da artıq ödəniş etmişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Həmin qəbzləri məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cinayət işi üzrə keçirilən iclasda iddiaçıya görüntülü zəng edilmiş və iddiaçı bu zaman şikayətinin olmadığını, həmçinin dəymiş bütün ziyanın ödənildiyini bildirmişdir. Şəxsən o özünə düşən borcu artıqlaması ilə ödəmişdir. O, şəkər xəstəliyindən əziyyət çəkir. Ürəyinə 22000 manatlıq aparat qoyulub. Hər dəfə məhkəmə iclasına gəldikcə əziyyət çəkir, stres keçirir. Onu qeyd edir ki, bəzi hallarda iddiaçının gedib-gəlmək xərclərini də onlar qarşılayıb. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2,1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri iiə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Cavabdeh1 Cavabdeh2la birlikdə İddiaçı ilə görüşüb, özünü nüfuzlu şəxs kimi tanıtdırıb sonuncunun oğlu X2 rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəldəcəyi barədə danışıqlar aparmaqla onu Cavabdeh2 tanışlarının vasitəsi ilə həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Cavabdeh2 İddiaçı 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni “Asan xidmət” mərkəzinin inzibati binasında 8000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı ümumiilkdə xeyli miqdarda 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Eyni zamanda Cavabdeh2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Cavabdeh2 Cavabdeh1 onun yanına gətirdiyi İddiaçı özünü nüfuzlu şəxs kimi tanıtdırıb oğlu X2 rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəldəcəyi barədə danışıqları aparmaqla onu tanışlarının vasitəsi ilə həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində İddiaçı 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında 8000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı ümumilkdə xeyli miqdarda 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı saylı hökmünün məzmunundan görünür ki, zərərçəkmiş şəxs İddiaçı 21 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Firudun Babayev tərəfindən ittiham atkında göstərilən 12000 manat puldan sonuncuya düşən pay üzrə 6000 manat pulu tam olaraq aldığını, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncu ilə barışdığını bildirərək Cavabdeh1 barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs İddiaçı 06 fevral 2023-cü ii tarixdə məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ümumilikdə 12000 manat məbləğdən 6000 manat Babayev Firudun tərəfindən, 6000 manat isə İbişov Maİik tərəfindən ödənilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Cavabdeh2 barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə hökmünün məzmunundan göründüyü kimi, iddiaçı cinayət mühakimə icraatı çərçivəsində verdiyi ərizələrlə hər iki cavabdeh tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 cinayət nəticəsində vurulmuş ziyandan ödənilməmiş qalan 300 manat pulun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı ona əlavə olaraq 5000 manat maddi ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin hissədə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsi ilə əlaqədar yuxarıda qeyd olunan hüquq normalarına əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehlərdən yaşadığı əsəb və stressə görə əlavə olaraq 5000 manat mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində bu halları əsaslandırmamış, ümumi sözlərlə kifayətlənmiş, o cümlədən məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar