Məhkəmə qərarları › İş №2(060)-3461/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3461/2023

11.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3461/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktının ilkin qeydlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktının ilkin qeydlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Ədliyyə Nazirliyi Qubadlı rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında övladlığa götürmə haqqında aparılmış 06 saylı, xx.xx.1973-cü il tarixli vətəndaşlıq vəziyyəti aktının ilkin qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının xahiş etdiyi tələbə xüsusi icraat qaydasında mülki qaydada baxılması mümkün olmamaqla, qanunvericiliyin tələbinə əməl etməklə aidiyyəti üzrə müraciət etməlidir. Həmçinin İddiaçı diqqətinə çatdırılmalıdır ki, Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı olan fəsil 09 iyul 2021-ci il tarixli qanuna əsasən Azərbaycan Respublikasında qüvvədə olan Mülki Prosessual Məcəllədən çıxarılmışdır. Bundan əlavə iddia ərizəsində İddiaçı qeydiyyatda olduğu ünvan Sumqayıt şəhəri, 2ci mikrorayon, ev-36/20A, mənzil-8 ünvanı olaraq göstərilmişdir. Lakin AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının yaşayış yeri barədə məlumatlar müəyyən edilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinə düzgün olmayan məlumat qeyd etməklə məhkəməyə müraciət etməsi, iddia ərizəsinin forma və məzmun, aidiyyət tələblərinə əməl etmədən məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı yuxarıda qeyd olunan tələblərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı vətəndaşlıq vəziyyəti aktının ilkin qeydlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar