Məhkəmə qərarları › İş №2(060)-3477/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3477/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3477/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İsgəndər qızının Cavabdeh qızına qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndər qızı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24880 manat əsas, Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcunun, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə verərək, 24880 manat əsas, 1550 manat faiz borcunun, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 24880 manat borc almışdır. Cavabdehə dəfələrlə borcunu qaytarmasını bildirsə də, hər dəfə bəhanə gətirərək borcu qaytarmaqdan yayınmışdır. Buna görə də məhkəməyə müraciət etməyinə məcbur olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş edərək qeyd etmişdir ki, iddiaçı cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin pulu qaytarmamışdır, bundan sonra iddiaçı cavabdehdən borc barədə iltizam yazmağını tələb etmiş və sonuncu 12.02.2018-ci il tarixdə iltizam yazaraq iddiaçıdan aldığı 24880 manat pulu 2018-ci ilin may ayına qədər qaytarmağı söz vermişdir. Həmin iltizam onlar tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdr. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. -12.02.2018-ci il tarixli əlyazmada qeyd olunur ki, Cavabdeh qızı adlı şəxs İddiaçı İsgəndər qızından 2014-cü ildən 2018-ci ilin fevral ayına kimi 24880 manat borc almışdır və bu pulu 2018-ci ilin may ayına kimi qaytaracaqdır. Əlyazma 12.02.2018-ci il tarixlə imzalanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən - borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin məcəllənin 740.2ci maddəsinə əsasəm - Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 24 iyun 2005-ci il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 413-cu maddəsi – Borcun etirafı məcəllədən çıxarılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı təqdim etdiyi əlyazmanın həqiqətəndə cavabdeh tərəfindən icra edilməsini sübut edə bilmir, digər sübutlar isə mövcud deyil. İddiaçının tələbinin əsas borc hissəsi sübutunu tapmadıqı üçün məhkəmə tələbin faiz borcu və mənəvi zərər hissəsini araşdırmağı məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 24880 manat əsas, 1550 manat faiz borcunun, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 24880 manat əsas, 1550 manat faiz borcunun, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar