Məhkəmə qərarları › İş №2(060)-355/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-355/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-355/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən sığortalanmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 66A saylı mənzilə vurulmuş maddi ziyana görə ödənilmiş 515 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən RAZ********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək sığortalanmış Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 66A saylı mənzilə xx.xx.2017-ci il tarixdə yuxarı mərtəbədə yerləşən, cavabdehin sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində tədris mərkəzi kimi istismar olunan qeyd olunan mənzilə maddi ziyan dəymişdir. “xxxx” MMC tərəfindən icbari sığorta ilə səğortalanmış həmin mənzilə yerli baxış keçirilərək rəy tərtib edilmiş, su basma nəticəsində vurulmuş ziyan 751 manat məbləğində müəyyən edilmiş, həmin zərərdən 235 manat azaldılma məbləği çıxılaraq iddiaçı tərəfindənc mənzilə vurulmuş ziyana görə mənzil sahibinə 515 manat məbləğində sığorta ödənişini edilmişdir. Hal-hazırda həmin məbləğ subroqasiya qaydasında cavabbdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5-də yerləşən 66A saylı mənzil xx.xx.2010-cu il tarixdə X4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. xx.xx.2014-cü il tarixli 5 il müddətinə bağlanmış icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi, ev 5-də yerləşən 66A saylı qeyriyaşayış sahəsi X5 tərəfindən X2 icarəyə verilmişdir. xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsinin təfsilatından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-in altında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sığortalanmışdır. 15 saylı Mənzil Kommunal Sahəsinin baş mühasibi Gülnaz Vəliyeva, sahə ustaları Ələddin Hüseynov və Kubra Məmmədova, “Ümid” təhsil mərkəzinin inzibatçisi Nərgiz Əhmədova tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2017-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Cavabdeh səhlənkarlığı üzündən təzə təmir edilmiş “Ümid” Təhsil Mərkəzinin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin tavanına, döşəməsinə, divarlarına, lampalarına, işıq xəttinə zərər dəymişdir. Əmlakın qiymətləndirilməsinə dair 968 saylı rəydən müəyyən olunur ki, X3 məxsus qeyri-yaşayış sahəsinə subasma nəticəsində 751 manat məbləğində ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli, 4310/FS/CFİ-0195/2017 saylı sığorta aktından görünür ki, iddiaçı tərəfindən daşınmaz əmlakın icbari sığortası qaydasında sığortalanmış X3 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-in altında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2017-ci ildə subasma nəticəsində sığorta hadisəsinə uğramışdır. Sığorta hadisəsi nəticəsində qeyri-yaşayış sahəsinə dəymiş ziyan 751 manat müəyyən edilmişdir. 235 manat azadolma məbləği çıxılmaqla sığortalıya 515,23 manat sığorta ödənişi edilmişdir. İş materiallarına “Ümid” təhsil mərkəniə aid bir neçə fotoşəkillər əlavə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən daşınmaz əmlakın icbari sığortası qaydasında sığortalanmış daşınmaz əmlak sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində iddiaçı tərəfindən daşınmaz əmlakın sahibi olan X3 515,23 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı 515 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1.). İş üzrə tədqiq edilmiş sübutlarla X1 istifadəsində olan qeyri-yaşayış sahəsinə cavabdehin yaşadığı mənzildən su axıdılması nəticəsində ziyan vurulması müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İlhamə Səmədovaya maddi ziyan dəydiyi üçün iddiaçı İlhamə Səmədovaya ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir (49.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 515 (beş yüz on beş) manat məbləğində sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar