Məhkəmə qərarları › İş №2(060)-3553/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3553/2022

25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3553/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən mənzilin alqısatqısına görə ödədiyi 20 000 manat behin ikiqat məbləğinin, yəni 40 000 manat pulun, gecikdirməyə görə illik 5% cərimə pulu olaraq 2 000 manat pulun, mənəvi ziyan olaraq 10 000 manat pulun və ödədiyi 240 manat dövlət rüsumunun, ümumilikdə 52 240 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində, Koroğlu prospekti, 656 ünvanında yerləşən mülkiyyətində olan “Çinar” mağazası adlandırılan qeyriyaşayış obyektindən istifadə edir. 2020-ci ildə o, istifadə etdiyi qeyri-yaşayış obyektinin sahəsini genişlətmək məqsədi ilə qonşuluqda yerləşən X1 məxsus tikilini həmin şəxsdən satın alaraq müvafiq təmir-tikinti işlərinə başlamışdır. Bu zaman qonşuluqda iddiaçıya məxsus qeyri-yaşayış obyektinin arxasındakı binanın birinci mərtəbəsində yerləşən mənzildə yaşayan cavabdeh iddiaçıya yaxınlaşaraq apardığı tikinti işlərinin onun və ailəsinin rahatlığını pozduğunu bildirmiş, bunun ardınca müxtlif dövlət qurumlarına iddiaçıdan şikayət ərizələri ünvanlamağa başlamışdır. Aralarında yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə iddiaçı növbəti dəfə cavabdehlə görüşdükdə cavabdeh iddiaçıdan müxtəlif qurumlara ünvanladığı şikayətlərə son qoymaq üçün onun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini almağı iddiaçıya təklif etmişdir. İddiaçı barəsində əsassız şəkildə edilən şikayətlərə son qoyulması üçün cavabdehin təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Aralarında əldə edilmiş razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus mənzili ilkin olaraq 10 000 manat beh verməklə 100 000 manat müqabilində almağı öhdəsinə götürmüşdür. Bunun üçün cavabdeh mənzilin sənədlərini 2- 3 ay müddətinə qaydaya salacağını üzərinə götürmüş, mənzilin sənədləri hazır olduqdan sonra da aralarında alqı-satqı əməliyyatı həyata keçiriləcəkdi. Lakin ilkin razılaşmalarının ziddinə olaraq cavabeh behin miqdarını artıraraq iddiaçıdan 20 000 manat verməyini tələb etmişdir. Cavabdehlə apardığı danışıqlar bir nəticə vermədiyindən iddiaçı əlacsız qalaraq onun tələbini qəbul etməli olmuş və 2020-ci ilin iyul ayında özünə məxsus olan “Çinar” mağazasında cavabdehlə görüşərək qardaşı Sərvərin və mağazanın işçisi Məkan adlı şəxsin iştirakı ilə 20 000 manat məbləğində behi cavabdehə vermişdir. Belə razılığa gəlmişlər ki, cavabdeh 2-3 ay ərzində mənzilin sənədlərini qaydaya saldıqdan sonra iddiaçı qalan 80 000 manat pulu ona ödəyərək alqı-satqını başa çatdıracaqlar. Ancaq behi verdikdən sonra aylar keçməsinə baxmayaraq cavabdehin mənzilin alqı-satqısını həyata keçirməkdə maraqlı olmadığını görmüşdür. Hər dəfə mənzilin sənədlərinin hazır olubolmadığı ilə maraqlandıqda, cavabdeh müxtəlif bəhanələr gətirərək işi uzadırdı. Nəhayət iddiaçı cavabdehin hərəkətlərindən şübhələnərək ondan ya mənzili razılaşdıqları qiymətə iddiaçıya satmağı, ya da ödədiyi behin geri qaytarılmasını tələb etdikdə, cavabdeh mənzili artıq 170 000 manata satmağı qərara aldığını bildirərək iddiaçının ona 120 000 manat ödəməli olduğunu bildirmişdir. Nəticədə cavabdehlə aralarında ona məxsus mənzilin alqısatqısı ilə bağlı daha öncə əldə edilmiş razılaşma cavabdehin təqsiri ucbatından pozulmuş, aralarında olan qonşuluq münasibəti tamamilə korlanmış, cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus qeyri-yaşayış obyektinə müdaxilə etdiyi üçün iddiaçı da aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən faktiki olaraq aldadılaraq maddi zərərə uğramışdır. Aralarında sözügedən mənzilin alqı-satqısına dair bağlanılmalı olan müqavilə cavabdehin təqsiri ucbatından pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı 20 000 manat behi ələ keçirdikdən sonra müxtəlif bəhanələrlə mənzilin alqı-satqısını sənədləşdirməkdən yayınmış, sonradan bundan tamamilə imtina etmişdir. İşin bu halı polis orqanında cavabdehin barəsində cinayət təqibi ilə bağlı aparılmış araşdırma zamanı cavabdehin verdiyi izahatla təsdiq olunmuşdur. Həmin izahatında cavabdeh iddiaçıdan 20 000 manat pulu beh kimi aldığını, sonradan da mənzilin alqı-satqı məbləğini artırdığını etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə yazılı izahat daxil olmuşdur. İzahatda göstərilmişdir ki, 2020-ci ilin aprel ayından başlayaraq iddiaçı yaşadıqları Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6-da yerləşən 16 saylı mənzilin qarşısındakı bir mərtəbəli "Çinar" adlanan ərzaq məhsullarının satışı mağazasının 2-ci mərtəbəsini inşa etməyə başlayıb. Yaşıllıq ərazi kəsildiyindən, anti-sanitariya vəziyyəti yaradıldığından bina sakinləri, eləcə də cavabdeh bu barədə müxtəlif dövlət orqanlarına müraciət etdmişlər. Məhz bundan sonra iddiaçı qonşuluqdakı 4 otaqlı mənzilin sahibi ilə həmin mənzili 150 000 manata alacağı barədə razılaşıb. Cavabdehə məxsus mənzil 5 otaqlı idi. O, iddiaçıya bildirmişdir ki, kreditlə aldıqlarından mənzilin dəyəri 150 000 manat olubdur. Alqı-satqı zamanı bu halın nəzərə alacağı barədə iddiaçı onunla razılaşıb. 2020-ci ilin iyul ayında iddiaçı cavabdehə 20000 manat ödəmiş və qalan məbləği də noyabr ayında ödəyəcəyini bildirmişdir. Noyabr ayında telefonla əlaqə saxladıqda həmin məbləği yanvar ayında ödəyəcəyini bildirib. Eyni qaydada mart ayına qədər gözləməyi xahiş edib. Lakin yenə də cavabdehlə müqavilə bağlanmayıb. Nəhayət, 2021 -ci ilin iyul ayında iddiaçı sənədləri hazırlamağı, ev üçün cavabdehə 100 000 manat ödəyəcəyini bildirmişdir. O, evi adına sənədləşdirməyi tələb etmiş, qalan məbləği isə 2-3 aya ödəyəcəyini bildirmişdir. Cavabdeh də ondan hansı məbləğdə pulu və nə vaxt ödəyəcəyi barədə notariusda təsdiq olunmuş rəsmi sənədi verməyi tələb etmişdir. Lakin iddiaçı bununla razılaşmayıb. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ev beş otaqlıdır. Həmin evin bazar qiyməti təxmini 65000-70000 manat təşkil edir. Evin satılmasında cavabdehin təşəbbüsü olmuşdur. Əvvəl 10000 manat beh verilməsi barədə razılığa gəlinmiş, daha sonra isə cavabdeh behi artıraraq 20000 manat beh verməyi tələb etmişdir. O, məcbur olub 20000 manat behi cavabdehə vermişdir. Evin qiyməti 100 000 manat məbləğində razılaşdırılmışdır. Sonra cavabdeh evin qiymətini 170 000 manata qaldırıb. Sonra cavabdeh ona həmin məbləği vermədiyi təqdirdə binanın zirzəmisində yerləşən ona məxsus olan qeyri-yaşayış sahəsinin qapılarını qaynaq edəcəyini bildirmişdir. Cavabdehə 20 000 manat beh verildiyini özü də etiraf edir. Cavabdeh bildirib ki, mənzil kreditdədir və həmin məbləğ ona krediti bağlayaraq mənzilin sənədlərini hazırlamaq üçün lazımdır. Həmin pul ona iyul ayında verilib. Qeyd edilənlərə əsasən iddiaçı idda tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı sahibkarlıqla məşğuldur. O, “Çinar” mağazasının sahibidir. Tərəflər arasında ilkin razılaşmaya əsasən iddiaçı cavabehə məxsus mənzili ilkin olaraq 10 000 manat beh verməklə almağı öhdəsinə götürmüşdür. Cavabdeh razılaşma şərtlərini pozmuş və razılaşdırılan məbləğdən çox beh istəmişdir. Behi aldıqdan sonra mənzilin qiymətini cavabdeh mənzilin qiymətini qaldırmışdır. Bundan sonra sonra iddiaçı polisə müraciət edib. Cavabdeh iddiaçıdan 20 000 manat beh aldığını polis orqanında verdiyi ifadəsində etiraf edir. Həmin məbləğ cavabdehə beh kimi verilib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi idda tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında məhkəməyə göndərdiyi yazılı izahatla oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçı ilə aralarında yazlı şəkildə razılaşma olmayıb. Belə ki, ilkin razılşma zamanı iddiaçıya bildirib ki, mənzili kreditlə alıb və mənzil ona 150 000 manata başa gəlib. İddiaçı isə ona bildirib ki, narahat olmasın və ona elə bir məbləğ ödəyəcək ki, o narazı qalmayacaq. O, iddiaçıya məmzilin kreditinin bağlanması üçün 20 000 manat pul lazım olduğunu bildirib və iddiaçı həmin məbləği ona ödəyib. Bundan sonra isə iddiaçı ev üçün verdiyi 20 000 manatdan əlavə 80 000 manat olmaqla, cəmi 100 000 manat pul ödəyəcəyini bildirib. O, bununla razılaşmadıqda iddiaçı mənzili adına keçirdikdən sonra 20 000 manat da ödəyəcəyini bildirib. O, iddiaçıya bununa bağlı notarial qaydada öhdəlik götürməsini təklif etsə də iddiaçı bununla razılaşmayıb. 20 000 manat pul verilərkən orada heç bir şahid olmayıb. Qeyd edilənlərə əsasən cavabeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qonşu mənzili alıb. O, cavabdehin mənzilini almaq üçün cavabdehə 20 000 manat pul verib. Həmin məbləğ cavabdehə mənzilin kreditini bağlamaq üçün verilib. Tərəflər arasında yazılı razılaşma olmayıb. Həmin məbləğ beh hesab edilə bilməz. Belə ki, beh müqaviləsi yazılı formada bağlanmalıdır. Mənəvi ziyana gəldikdə isə, mənəvi ziyan iddiaçıya yox, cavabdehə dəyib. İddiaçının apardığı tikinti işləri nəticəsində cavabdehin mənzilinə işıq düşmür və divarda çatlar əmələ gəlib. Müqavilənin pozulmasında təşəbbüskar iddiaçıdır. İddiaçı polisə müraciət edib. Cavabdeh 2 sutka həbs alıb, stress keçirib. İddiaçı sadəcə olaraq vaxt əldə etmək istəyib. Onun mənzili almaq niyyəti olmayıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə, Qubadlı rayonu, Boynəkər kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya mübahisə mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi Tural Əhmədli tərəfindən qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında cavabdehin iddiaçıya qarşı xeyli miqdarda dələduzluq etməsi və özbaşınalıq etməsi kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyindən və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.4 və 322.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, cavabdehin cinayət prosesində təqsirləndirilən şəxs kimi iştirakına xitam verilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Hazırkı iddiada iddiaçı cavabdehlə aralarında beh müqaviləsi bağlandığını, cavabdehə 20 000 manat beh verdiyini bildirir və cavabdehin öz öhdəliyini pozduğu üçün behin ikiqat məbləğinin geri qaytarılmasını tələb edir. Cavabdehin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 20 000 manat pulu ona beh kimi verməmiş, həmçinin tərəflər arasındakı razılaşma iddiaçının təqsiri ucbatından pozulmuşdur. Məhkəmə hesab edir ki, öncə tərəflər arasında olan münasibətlərin beh münasibətləri olub-olmaması aydınlaşdırılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (491.1.). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (491.2.). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (491.3.). Göründüyü kimi qanunvericilik beh müqaviləsinin yazılı formada bağlanmasını imperativ norma kimi müəyyən etmişdir. Hazırkı iş üzrə tərəflər arasında isə behlə bağlı hər hansı yazılı razılaşma bağlanmamışdır. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğ beh hesab edilə və tərəflər arasında olan münasibətlərə mülki qanunvericiliyin beh müqaviləsi ilə bağlı müddəaları tətbiq edilə bilməz. İddiaçı cavabdehlə mənzilin alqı-satqı qiymətini 100 000 manata razılaşdırdıqlarını, lakin cavabdehin sonradan mənzilin qiymətini 170 000 manata qaldırdığını bildirmişdir. Cavabdeh isə iddiaçıya mənzilin ona kreditlə 150 000 manata baş gəldiyini bildirdikdə, iddiaçının ona narazı qalmayacağı məbləği ödəyəcəyini bildirdiyini və mənzilin qiyməti ilə bağlı aralarında hər hansı konkret məbləğ razılaşdırılmadığını qeyd etmişdir. İstintaq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2021ci il tarixli qərardan da görünür ki, tərəflər istintaq orqanına oxşar məzmunlu ifadələr vermişlər. Tərəflər mənzilin alqı-satqı qiymətinin hansı məbləğdə razılaşdırılması ilə bağlı məhkəməyə əlavə sübut təqdim edə bilmədiklərindən öhdəliyin hansı tərəfin təqsiri ucbatından pozulmasını müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə 20 000 manat pul ödənilməsi işin mübahisəsiz halıdır və həmin məbləğ beh hesab edilə bilmədiyindən Sumqayıt şəhəri,12-ci mikrorayon, ev 6, mənzil 16nın dəyərindən avans kimi ödənilmiş məbləğ hesab edilməlidir. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Göründüyü kimi iddiaçı cavabdehə ünvan 2-nın dəyərindən avans kimi 20 000 manat pul ödəmiş və həmin mənzillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Yəni, cavabdeh iddiaçının məhrum olması nəticəsində əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, 20 000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində gecikməyə görə illik 5 faizlə hesablanmaqla 2000 manat pulun və 10 000 manat mənəvi ziyanın da cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır (439.3.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Məhkəmə hesab edir ki, həmin məbləğlər iddiaçının xeyrinə o vaxt tutula bilərdi ki, iddiaçı cavabdehin öz öhdəliyinə əməl etməyərək ona məxsus pul vəsaitini qanunsuz saxladığını və bunun nəticəsində ona mənəvi ziyan vurulduğunu sübuta yetirsin. Lakin, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında olan şifahi razılaşmanın hansı tərəfin təqsiri ucbatından pozulması işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən iddia həmin hissədə əsaslı sayıla və təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 240 manat dövlət rüsumunun 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 000 (iyirmi min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar