Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3574/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «qanunsuz hərəkətlərin cavabdehlərə qadağan olunması, ölçmə və intentarlaşdırma işlərinə şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «qanunsuz hərəkətlərin cavabdehlərə qadağan olunması, ölçmə və intentarlaşdırma işlərinə şərait yaradılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********64 nömrəli çıxarışdakı qeydə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi 1917 ünvanında yerləşən və 18/198 hissə pay torpağına malik X3 əmlakı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya qaydasında birinci növbədən olan vərəsələrə- İddiaçı1, İddiaçı2, İddiaçı3 keçmişdir. Sözügedən torpaq sahəsində vərəsələrin paylarının müəyyən edilməsinə dair 15 yanvar 2014-cü il tarixli 13 saylı dövlət notariat ofisinin notariusu K.N.Hüseynzadə tərəfindən 06 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X4 məxsus olan və vərəsəlik üzrə keçən 18/198 hissə əmlak payının İddiaçı1, İddiaçı2 və İddiaçı3 əmlak pay hissələrinə hər biri ümumi payın 1/3 hissəsi olmaq etibarilə əlavə edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və dövlət reyestrindən yeni çıxarışın alınması zərurəti yaranmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi 1917 ünvanında yerləşən torpaq sahəsi üzərində İddiaçı1 aid olan payla bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə xx.xx.2023- cü il tarixli, ********** nömrəli ərizə ünvanlanmışdır. Ərizəyə baxılması ilə bağlı xx.xx.2023 tarixli 3-2-3-31/2-1251/2023 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarə mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamış və payçılar arasında mübahisəli hal olduğu üçün mütəxəssisin öz işini yerinə yetirməsi mümkünsüz olmuşdur. Belə ki, cavabdehlər qeyd edilən dairənin əməkdaşlarına qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən əmlaka mülkiyyət sənədi verilməsi üçün ölçmə və inventarlaşdırma işlərinin aparılmasına maneəçilik yaratmış, hay-küy salaraq əməkdaşların öz xidməti vəzifələrinin icrasına maneə olmuşdur. Onlar hətta ərazi üzrə polis sahə inspektorunun da xəbərdarlığına məhəl qoymamışlar. Göstərilənlərə əsasən dövlət reyestrindən **********64 nömrəli çıxarışdakı qeydə əsasən Sumqayıt şəhəri, Noxvanı bağ massivi 1917 ünvanında yerləşən torpaq sahəsi üzərində ölçmə və inventarlaşdırma işlərinə şərait yaradılması və buna maneəçilik törədən digər hərəkətlərdən çəkinmə öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə işə digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
13. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu K.N.Hüseynzadə tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən surətindən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X5 vərəsəsi- oğlu, xx.xx.2011-ci ildə vəfat etmiş X3 vərəsələri, ünvan 4 ünvanında qeydiyyatda olan arvadı İddiaçı3 və övladları - oğlu İddiaçı2 və qızı İddiaçı1dır və onlar miras əmlakdan hər biri 1/3 hissə irs almalıdılar. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X3 xx.xx.2010-cu ildə vəfat etmiş atası X6 məxsus olmuş Azərbaycan Respublikası DTXK-nın Sumqayıt şəhəri şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixli, JN-400H KOD 30800118 nömrəli, 416 nömrə ilə kitabda qeydiyyata alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci İİ tarixdə verilmiş 14/3161 nömrəli arayışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1917 ünvanda yerləşən 0,19 ha ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən X5 mülkiyyətində olmuş 1/11 pay hissəsinin 1/6 hissəsindən və Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cü il tarixli 1033 nömrəli reyestr kitabında, səhifə 155223, 30/155223 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 11/9902 nömrəli arayışa əsasən, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 58.0 kv.m., ümumi sahəsi 78.2 kv.m olan 4 (dörd) otaqlı 136 saylı mənzilin 1/6 hissəsindən ibarətdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,19 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1917 19/198 hissədə İddiaçı1, 19/198 hissədə İddiaçı2, 21/198 hissədə Cavabdeh1, 18/198 hissədə X1, 18/198 hissədə Kərimova Mədinəyə, 18/198 hissədə Kərimli Mədətə, 21/198 hissədə X2, 18/198 hissədə Cəlilova Günaya, 18/198 hissədə X4, 3/198 hissədə Cavabdeh4, 3/198 hissədə X7, 3/198 hissədə Cavabdeh2, 19/198 hissədə İddiaçı3 məxsusdur və bu barədə 209 nömrəli reyestr kitabının 86 nörməli vərəqində **********, ********** nömrələr ilə qeydiyyat aparılmışdır.
15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1917 ünvanda yerləşən torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və ərizəyə əlavə olunmuş sənədlərə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamış və payçılar arasında mübahisəli halın olduğu müəyyən olunmuşdur. Bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar və cavabdehlər qohumdurlar. Mübahisəli əmlak tərəflərin paylı mülkiyyətindədir. İddiaçı1 Sumqayıt şəhəri, Novxanı bağ massivi 1917 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamış və payçılar arasında mübahisəli halın olduğu müəyyən olunmuş, bu səbəbdən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Hazırda iddiaçılar mübahisəli əmlakın üzərində ölçmə və inventarlaşdırma işlərinə şərait yaradılması və buna maneəçilik törədən digər hərəkətlərdən çəkinmə öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir, cavabdehlər iddia tələbinə etiraz edirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.
19. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər.
20. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Noxvanı bağ massivi 1917 ünvanında yerləşən əraziyə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-ölçü) işlərinin aparılması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən şərait yaradılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
23. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********64 olan çıxarışda müəyyən olunmuş paylara əsasən Sumqayıt şəhəri, Noxvanı bağ massivi 1917 ünvanında yerləşən torpaq sahəsi üzərində ölçmə və inventarlaşdırma işlərinə şərait yaradılmalı və buna maneəçilik törədən digər hərəkətlərdən çəkinmə öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulmalıdır.
25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********64 olan çıxarışda müəyyən olunmuş paylara əsasən Sumqayıt şəhəri, Noxvanı bağ massivi 1917 ünvanında yerləşən torpaq sahəsi üzərində ölçmə və inventarlaşdırma işlərinə şərait yaradılsın və buna maneəçilik törədən digər hərəkətlərdən çəkinmə öhdəliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva