Məhkəmə qərarları › İş №2(060)-3599/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3599/2021

30.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3599/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, iddiaçı Sumqayıt “xxxx” Kiçik müəssisəsinin nümayəndəsi, direktoru X1 və vəkili X2 iştirakı ilə, iddiaçı Sumqayıt «xxxx» Kiçik müəssisəsinin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt «xxxx» Kiçik müəssisəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən, iddiaçıya məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kiçik Müəssisəsi 35 nömrəli Texniki Peşə Məktəbinin təsisçiliyi ilə 03.02.1992-ci tarixində tərtib olunmuş müqavilə əsasında yaradılmışdır. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin 13.03.1992-ci il tarixli sərəncamına əsasən dövlət qeydiyyatına alınmışdır. Müəssisənin hüquqi şəxs olmaqla bankda sərbəst balansı, möhürü ştampı var. Müəssisənin əsas vəzifəsi təmir-tikinti quraşdırma işləri, inşaat materialları və kommersiyadan ibarət olmalı idi. Müəssisə fəaliyyətini davam etdirmək məqsədlə torpaq sahəsi ayrılması üçün Sumqayıt şəhər XDSyə müraciət etmişdir. Sumqayıt şəhər X5 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X5 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən, iddiaçıya istesalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində layihə-smeta sənədlərinə müvafiq olaraq ambar, emalatxana, tambur, kabinet, dəftərxana və yardımçı sahələr inşa edilmişdir. Cavabdeh müəssisənin rəhbəri Çingiz Allahverdiyevin xəstəliyindən istifadə edərək həmin tikilini zəbt edərək çayxana-kafe kimi istifadə etmiş və hazırda da istifadə edir. Dəfələrlə ona müəssisənin tikilisini boşaltmağı təklif edilmişdir. Lakin cavabdeh həmin sahənin ona məxsus olmadığını bildirərək müxtəlif bəhanələrlə müəssisənin ərazisini boşaltmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, müəssisə əvvəlcə peşə məktəbinin nəzdində yaradılsa da, sonradan müstəqil olaraq fəaliyyət göstərib. O, həmin tikilini əvvəlcə Lyuba adlı bir qadına icarəyə vermişdi. Həmin qadın 2005-ci ilə qədər həmin obyekti işlədib. Sonra isə cavabdehə icarəyə verib. Bütün bu müddət ərzində o, xəstə olduğu üçün bu məsələlərə müdaxilə edə bilməyib. Həmin tikili bir mərtəbəli kiçik bir binadır. Hazırda isə cavabdeh həmin obyektdən çayxana kimi istifadə edir və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin tikilidən çıxmır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıya XDS İcraiyyə Komitəsinin Qərarı ilə torpaq sahəsi ayrılıb və tikintiyə icazə verilib. İş materiallarında tikilinin plan-sxemi də var. Həmin tikilinin müəssisəyə məxsus olması təsdiq olunur. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o başqa bir müəssisənin rəhbəridir. Onun qeyd edilən obyektə hər hansı aidiyyəti yoxdur. O, həmin obyekti zəbt etməyib və orada hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçının nəyə görə onu məhkəməyə verməsini başa düşmür. Bu səbəbdən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki,cavabdeh xx.xx.1956-cı ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralo kəndində anadan olmuş, hazırda Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35, mənzil 58 ünvanında qeydiyyatdadır. İddiaçının nizamnaməsinin surətindən görünür ki, «xxxx» Kiçik müəssisəsi 1992-ci ildə 357 nömrəli texniki-peşə məktəbinin işçilərinin sosialoji və məişət şəraitini yaxşılaşdırmaq, gələcək işlərini daha səmərəli etmək üçün yaradılmışdır. Nizamnamə peşə məktəbinin direktoru və müəssisənin direktoru Çingiz Allahverdiyev tərəfindən imzalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər X5 Rəyasət Heyətinin "Torpaq sahəsinin ayrılması barədə" 25.03.1994-cü il tarixli, 36 saylı qərarı ilə Sumqayıt şəhər X5 torpaq komissiyasının 24.03.1994-cü il tarixli, 17 saylı protokoluna əsasən, "xxxx" Kiçik Müəssisəsinə istesalat korpusu tikintisi üçün Sənaye zonasında 108 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin qərara pln-cizgi əlavə edilmişdir. İddiaçı hazırkı iddiasında cavabdehin Sumqayıt şəhəri, 42- ci məhəllə, ləğv olunmuş 35 nömrəli Texniki Peşə məktəbinin ərazisində, “xxxx” Kiçik müəssisəsinə məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Hazırkı iddianın təmin edilməsi üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu, cavabdehin qanunsuz olaraq həmin tikilidən istifadə etdiyini sübut etməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin onun mülkiyyətində və ya qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız ona torpaq sahəsi ayrılması barədə Sumqayıt şəhər X5 Rəyasət Heyətinin 25.03.1994-cü il tarixli, 36 saylı qərarına əsaslanmışdır ki, həmçin qərarda iddiaçıya istehsalat korpusu tikintisi üçün 108 kv.metr torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Lakin, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi tikilinin həmin torpaq sahəsində yerləşməsi, torpaq sahəsinin və ya tikilinin yerləşmə kordinatları ilə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, iddiaçı öz iddiasının əsası istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sumqayıt «xxxx» Kiçik müəssisəsinin Cavabdeh qarşı cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “xxxx” Kiçik müəssisəsinə məxsus tikililərdən əmlakı ilə birlikdə çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar