Məhkəmə qərarları › İş №2(060)-3627/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3627/2023

10.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3627/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair ilkin, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 3-də yerləşməklə xx.xx.2019-cu ildən mənzil üzərində tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış və adına çıxarış verilmişdir. Mənzili iddiaçı mərhum həyat yoldaşı X6 ilə birgə nikah dövründə almış, o, xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh olan oğlu Cavabdeh miras əmlakdan ona çatası paydan onun xeyrinə imtina etdiyi üçün mənzil üzərində hüquqlar iddiaçının adına qeydə alınmışdır. Cavabdeh olan oğlu Cavabdeh 2014-cü ildən mübahisəli mənzili daimi olaraq tərk etmiş, ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli mənzildə yaşamır. Cavabdeh həyat yoldaşı X2 ilə birlikdə 15 aprel 2017-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzili (hazırda yeni ünvan: ünvan 1ə cavabdehin həyat yoldaşının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmışdır. Cavabdeh mübahisəli mənzili 10 ilə yaxın bir müddət qabaq daimi olaraq tərk etməsinə və bu mənzildən köçməsinə, başqa bir daimi yaşayış yerinin olmasına baxmayaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və bu da bir mülkiyyətçi kimi iddiaçının mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b-də yerləşən 15 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Əvvəllər həmin mənzil Cavabdeh mərhum anasının adına olmuşdur. Anası rəhmətə gedəndən sonra həmin mənzil Cavabdeh və bacısının razılığı ilə atasının adına sənədləşdirilmişdir. Cavabdeh vaxtaşırı olaraq həmin mənzildə yaşamışdır. Sonradan atası yeni ailə qurduqdan sonra o, mənzildən müvəqqəti köçmək qərarına gəlmiş, lakin mənzildə onun şəxsi əşyaları qalmışdır, çünki o, qayıtmaq niyyətindədir. Həmçinin Cavabdeh artıq bir müddətdir ki, həyat yoldaşından boşanmış və kirayə qalır. Hesab edir ki, iddiaçının tələbi üzrə mənzildən istifadə hüququna xitam, yalnız ona kompensasiya ödənilməklə həyata keçirməlidir. Cavabdeh həmin mənzildə anadan olmuş (1990-cı ildə) və hər zaman o mənzildə qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən İddiaçı 20.000 manat kompensasiyanın Cavabdeh xeyrinə tutulmaqla Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b, 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququna xitam olunması ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh yaşayış yeri yoxdur, hazırda kirayədə yaşayır. Ona 20.000 manat kompensasiya məbləği veriləcəyi təqdirdə sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsinə razıdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı, 474777 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası isə X4r.

9. İş materiallarında olan AZ-İ seriyalı, 960134 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

10. İş materiallaında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə verilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir.

11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 yanvar 2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş **********77-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59,77 kv/m olan daşınmaz əmlakın ½ hissəsindən ibarətdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 21 saylı reyestr kitabının 48 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 4 may 2021-ci il tarixli, 06 nömrəli protokolundan çıxarışına, 120 nömrəli maliyyə arayışına, “kooperativ mənzil tikintisi haqqında” 15 aprel 2017-ci il tarixli 192 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 206 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 307, M15, m3) nömrəli mənzil üzərində 26 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1984-cü il) X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2002-ci ildən etibarən Cavabdeh ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b, 15 saylı mənzildə qeydiyyatdadırlar.

15. İş materiallarında olan 6 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 aprel 2022-ci il tarixində verilmiş AZ-İ № 396820 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasındakı nikah ər-arvadın birgə ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 33 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Dadaşova soyadı verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir, hazırda ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin mənzilə istifadə hüququna xitam verilməsini, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən kompensasiya tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə həm ilkin, həm qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

20. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.

21. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir.

22. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri).

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir.

25. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı övladı kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

27. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

28. Məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilinə ilkin iddia tələbinin əvəzində kompensasiya ödənilməsi təklif edilsə də, tərəf bu təkliflə razılaşmamışdır.

29. Göstərilənlərə görə məhkəmə hesab edir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi tələbi»nə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar