Məhkəmə qərarları › İş №2(060)-368/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-368/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-368/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi , İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəh, 47-ci məhəllə, ev 9-da yerləşən 47 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “xahiş edirəm” hissəsində yol verilmiş texniki səhvlə əlaqədar mənzil 27 əvəzinə mənzil 47 qeyd olunduğunu bildirmişdir. Bu hissədə “mənzil 47” sözünün “mənzil 27” kimi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 27 olmaqla sahəsi 39,6 kv.m. olan 3 otaqdan ibarətdir. İddiaçı 2-ci qrup əlil kimi qeyd edilən mənzilə 1998-ci ildən köçmüş, yaşamış və sonradan bu mənzilə dair xx.xx.2010-cu il tarixli 02/T saylı order verilmiş və həmin orderdə iddiaçının 5 nəfər ailə üzvləri, o cümlədən də həmin vaxt nikahda olduğu cavabdehin də adı daxil edilmişdir. Halbuki cavabdeh 1998-ci ildən, yəni iddiaçı uşaqları ilə bu mənzilə köçən vaxtdan bu mənzildə yaşamamışdır, onunla aralarında bağlanmış nikah 12 iyul 2012-ci ildə pozulmuşdur. Boşanmadan da 14 il qabaq cavabdeh bu mənzili daimi olaraq tərk etmiş, faktiki olaraq başqa bir qadınla ailə həyatı qurmuş və övladı vardır. Cavabdehin uzun müddət, 24 ildən artıq müddətdə bu mənzildə yaşamamasına baxmayaraq onun mənzildə qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır, belə ki, iddiaçı 2-ci qrup əlil onun qeydiyyatı ilə bağlı əlavə kommunal haqlar ödəyir, bu qeydiyyat üzündən mənzili öz adına özəlləşdirə bilmir. Məhkəmə iclasında iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin verdiyi xx.xx.2010-cu il tarixli, 02/T saylı orderin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 27 olmaqla sahəsi 39,6 kv.m. olan 3 otaqdan ibarət mənzil verilmişdir. - "xxxx" ASC-nin müdiriyyəti ilə Həmkarlar İttifaqı komitəsinin 26 noyabr 2009-cu ildə keçirilmiş birgə iclasının 7 saylı protokolundan çıxarışdan görünür ki, 47-ci məhəllədəki 9 saylı evin 5-ci mərtəbəsindəki 3 otaqlı, 39.6 kv.m sahəsi olan 27 saylı mənzil 1971-ci ildən müəssisədə işləyən 1985-ci ildən mənzil növbəsində dayanan 5 nəfər ailə tərkibi ilə İddiaçı verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi aktdan görünür ki, Cavabdeh 1998-ci ilin may ayından sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 27 ünvanında pasport qeydiyyatında olsa da, həmin mənzildə yaşamır. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin iyul ayının 12-ci günündə 346 № ilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, MŞB/6-7215 mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın olması barədə məlumatdan görünür ki, Sumqayıt şəhəri 5 saylı dövlət notariat kontorunun dövlət notariusunun 12 fevral 2011-ci il tarixli, 4Ə1/24 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzil üzərində 5 mart 2011ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 19 avqust 2014-cü il tarixli dövlət reyestrində cari dəyişikliklərin edilməsi barədə müraciətinə əsasən sözügedən ünvana X1 adına 22 avqust 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9, mənzil 27 olmaqla sahəsi 39,6 kv.m. olan 3 otaqdan ibarətdir. İddiaçı 2-ci qrup əlil kimi qeyd edilən mənzilə 1998-ci ildən köçmüş, yaşamış və sonradan bu mənzilə dair xx.xx.2010-cu il tarixli 02/T saylı order verilmiş və həmin orderdə iddiaçının 5 nəfər ailə üzvləri, o cümlədən də həmin vaxt nikahda olduğu cavabdehin də adı daxil edilmişdir. Halbuki cavabdeh 1998-ci ildən, yəni iddiaçı uşaqları ilə bu mənzilə köçən vaxtdan bu mənzildə yaşamamışdır, onunla aralarında bağlanmış nikah 12 iyul 2012-ci ildə pozulmuşdur. Boşanmadan da 14 il qabaq cavabdeh bu mənzili daimi olaraq tərk etmiş, başqa bir qadınla nikaha daxil olaraq ailə həyatı qurmuş və övladı vardır. Həmin qadının mülkiyyətində mənzil mövcuddur. Cavabdehin uzun müddət, 24 ildən artıq müddətdə bu mənzildə yaşamamasına baxmayaraq onun mənzildə qeydiyyatda qalması iddiaçı üçün bir sıra problemlər yaradır, belə ki, iddiaçı 2-ci qrup əlil onun qeydiyyatı ilə bağlı əlavə kommunal haqlar ödəyir, bu qeydiyyat üzündən mənzili öz adına özəlləşdirə bilmir. Cavabdehin mənzildə formal olaraq pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir və mənzilin hüquqi statusu dövlət mənzil fonduna aiddir. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasə - Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdehin yаşаyış sаhəsinə ehtiyаcı yoxdur və yаşаyış sаhəsinə оlаn ehtiyаclarını mübahisəli mənzildən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyil. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 9-da yerləşən 27 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar