Məhkəmə qərarları › İş №2(060)-3681/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3681/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3681/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «Cavabdeh” MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 7386 manat məbləğində əsas borc, müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş cərimə faizi olaraq 1190 manat, keçirilmiş ekspertizanın xərci olan 300 manat və məhkəməyə ərizə verilməsi üçün nəzərdə tutulmuş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 8906 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 22.10.2020-ci il tarixdə mənzilin təmir işərinin aparılması barədə 19081434 saylı müqavilə imzalayaraq, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, “xxxx” MTK ya məxsus yaşayış binasının 104 saylı mənzilinin müqaviləyə əlavədə qeyd edilən daxili təmir işlərinin ümumilikdə 14 000 manata razılaşmışlar. Müqavilə üzrə cavabdeh işə başladıqdan sonraki 2 ay müddətinə üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək mənzili ona təhvil verməlidir. İlkin olaraq tərtib edilmiş qaimələr vasitəsi ilə 48 gün ərzində cavabdehə 10 000 manat ödəniş etdikdən qısa bir müddət sonra adı çəkilən mənzildə heç bir iş görülmədiyinin, görülən işlərin həcminin isə 2614 manat civarında olduğu müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyni yerinə yetirmədiyinə görə dəfələrlə müraciət etsə də, heç bir nəticə verməmiş, bu səbəbdən də “X1” MMC-yə müraciət edərək, görülən işlərin həcminin müəyyən olunması üçün ekspertiza keçirilməsini tələb etmiş, keçirilmiş ekspertiza nəticəsində həmin mənzildə görülən işlərin dəyəri 2614 manat olduğu müəyyən edilmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasının barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlə müqavilə bağlandıqdan sonra bir neçə gün mənzildə təmir işləri aparıldı. Sonradan isə cavabdeh karantin rejiminin tətbiq edildiyini, ölkədə müharibə şəraiti olduğunu bildirərək təmirə ara verdi. O, əvvəlcə bunu normal qarşıladı. Lakin, müharibə bitdikdən və karntin tədbirləri yumşaldıldıqdan sonra cavabdeh yenə müxtəlif bəhanələrlə təmirdən boyun qaçırmağa başlayıb. O, bu zaman aldandığını başa düşüb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə idiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 30.03.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı kimi Sumqayıt şəhəri, Yaşıl Dərə, ev 87 ünvanı qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış 22.10.2020-ci il tarixli, №19081434 saylı müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, “xxxx” MTK-ya məxsus yaşayış binasının 104 saylı mənzilinin daxili təmir işlərinin görülməsi öhdəliyini öz üzərinə götürmüşdür. Eyni tarixli qiymət razılaşmasına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, “xxxx” MTK ya məxsus yaşayış binasının 104 saylı mənzilində görüləcək təmir işlərinin dəyəri 14000 manat təşkil edir. Razılaşmaya əsasən müqavilə üzrə avans ödənişi 50 faiz, ilkin ödəniş tarixindən 30 gün sonra 2-ci ödəniş 45 faiz, sonuncu ödəniş isə mənzil təhvil verildikdə 5 faiz olmalıdır. Kassa mədaxil orderinin qəbzlərinin surətindən görünür ki, iddiaçı cavabdehə 23.10.2020-ci il tarixdə 1000 manat, 30.10.2020-ci il tarixdə 6000 manat və 11.12.2020-ci il tarixdə 3000 manat, ümumilikdə 10000 manat mələğində ödəniş etmişdir. 18.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən görülməmiş işlərə görə qalan pulun geri qaytarılmasını tələb etmişdir. “X1” MMC-nin 05 mart 2021-ci il tarixli, 132 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərinin istifadə edilməyən materiallarla birlikdə dəyəri 2614 manat müəyyən edilmişdir. 04 mart 2021-ci il tarixli kassa məxaric orderinin qəbzinin surətindən görünür ki, iddiaçı 300 manat ekspertiza xərci ödəmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində pul ödəmişdir. Öncə qeyd edilməlidir ki, tərəflər arasında münasibətlər podrat münasibətləri olduğundan mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsinə aid müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə əzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (759.2.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1.). İşdən göründüyü kimi tərəflər arasında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, “xxxx” MTK ya məxsus yaşayış binasının 104 saylı mənzilinin təmiri ilə bağlı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh həmin mənzilin təmir edilməsi ilə bağlı öhdəlik götürmüş, iddiaçı isə cavabdehə ümumilikdə 10000 manat pul ödəmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Müstəqil qiymətləndiricinin rəyinə əsasən cavabdeh tərəfindən mənzildə aparılmış təmir işlərinin qiyməti 2614 manat müəyyən edilmişdir. İddiaçı həmin məbləği cavabdehə ödədiyi 10000 manatdan çıxaraq qalan məbləğin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddia həmin hissədə təmin edilməlidir. Tərəflər arasında bağlanmış 22.10.2020-ci il tarixli müqavilənin 4.2-ci maddəsinə əsasən gecikdirilmiş hər gün üçün işin ümumi dəyərinin 0,1 faizi həcmində cərimə icraçıdan tutulur. Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı 1190 manat cərimənin də cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçının müstəqil qiymətləndiricinin rəyinin alınması üçün ödədiyi 300 manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1.). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2.). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7386 manat ödəniş məbləği, 1190 manat cərimə, 300 manat ekspertiza tədqiqatının dəyəri və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8906 (səkkiz min doqquz yüz altı) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı oğluna verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar