Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3703/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1850 manat məbləğində pulun, hadisə səbəbindən sağlamlığa görə dəymiş zərərin əvəzi olaraq 500 manat pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,5 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi daha əvvəl tanımamışdır. İnternet üzərində 2024-cü il iyun ayında reklam olunan “Volvo” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənmiş və həmin avtomobili satın almaq məqsədilə cavabdehlə əlaqə saxlamış, maşına baxmaq üçün Abşeron rayonu, Ceyranbatan qəsəbəsində onun dediyi ünvana getmiş, maşına baxmışdır. Cavabdeh avtomobildə heç bir problemin olmadığını ona bildirmişdir. Avtomobilə baxış keçirdikləri günün axşamı ona avtomobilə görə 1800 manat, etibarnaməyə görə isə 50 manat olmaqla, ümumilikdə 1850 manat pul vermişdir. Səhəri gün cavabdehlə rəsmiləşdirilmə üçün notariusa getmişlər. Lakin həmin gün Qurban Bayramına təsadüf etdiyi üçün heç bir notariat ofisi fəaliyyət göstərmirdi. Daha sonra maşını yoxlatdırmaq məqsədilə ustaya apardığında usta ona avtomobilin əsas hissələrinin (motor, sürətlər qutusu və s.) xarab olduğunu və təmirinin baha başa gəldiyini bildirmişdir. Daha sonra cavabdehlə əlaqə saxlayaraq maşının əsas hissələrinin yararsız vəziyyətdə olduğunu və maşını geri qaytarmaq istədiyini söyləmişdir. Cavabdeh isə öz növbəsində maşının qaytarilmasını qəbul etdiyini bildirmişdir. Həmin gün avtomobili cavabdehin dediyi ünvana, Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə aparmışdır. Avtomobili təhvil verdikdən sonra cavabdeh ona yazılı və şifahi şəkildə pulu 3 həftə müddətində 1850 manatı tam şəkildə qaytaracağını bildirmiş, lakin verdiyi vədə əməl etməmiş və hər dəfə bunu müxtəlif bəhanələrlə yubatmışdır. Dəfələrlə cavabdehə pulun qaytarmasını bildirsə də heç bir nəticəsi olmamışdır. Baş verən hadisə nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan da dəymişdir. Belə ki, həmin hadisə nəticəsində çəkdiyi əsəb və stressə görə xeyli müalicə almışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin tam təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. O, əlavə etdi ki, pul tələbi barədə əvvəllər Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və iddiası təmin olunmuşdur. Orada hazırki cavabdeh iştirak etmiş və izahatlar vermişdir. Lakin qətnamənin icra vaxtı bəlli oldu ki, cavabdehin soyadında hərf səhvi vardır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - sadə yazılı formada tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 maşın alqı-satqısından aldığı 1800 çmanatı 3 həftə ərzində qaytaracaqdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4413/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, X2 1860 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4413/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh həmin məhkəmə prosesində iştirak etmiş, iddiaçıya özünə məxsus olan “Volvo” markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və ondan 900 manat vəsaiti almışdır. Həmin məhkəmə işi üzrə şahid kimi ifadə vermiş X3 göstərmişdir ki, o, usta işləyir, İddiaçı oğlu onun yanında fəhlə işləyir Belə ki, iddiaçı sosial şəbəkədə elanda ** FM *** dövlət qeydiyyat nömrəli, “Volvo” markalı maşını görmüş və almaq istəmişdir. O, iddiaçı ilə birlikdə cavabdehin dediyi yerə, Abşeron rayonunun, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Qaranlıq olduğundan maşına tam baxa bilməmiş, lakin cavabdeh maşına qarantiya vermişdir. Onlar maşını almış və iddiaçı cavabdehə 1850 manat pul vermişdir. Bundan sonra onlar maşını iddiaçının həyətinə aparmışlar. Növbəti gün notariusa getməyi planlasamışlar. Lakin o, maşını tanıdığı ustalara aparmış, ustalar ona maşının motorunun pis vəziyyətdə olduğunu və maşının bir çox problemləri olduğunu bildirmişdir. Bundan sonra iddiaçı maşını cavabdehə qaytarmış, lakin cavabdeh iddiaçıya pulu qaytarmamışdır. Məhkəmə bu hallara qiymət verərək qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə avtomobillərin alqı-satqısı bu qaydada deyil, müvafiq qurumda aparılmalı və təsdiq olunmalıdır. Başqa sözlə, avtomobilin alınması barədə tərəflər arasındakı münasibətlərin hüquqi əsası yoxdur. Bununla belə, işin fakyiki hallarından görünür ki, heç bir hüquqi əsas olmadan cavabdeh iddiaçıdan 1850 manat almış, bunula da S.Z.Xəlilovun hesabına əsassız varlanmışdır. Qüvvədə olan normalara görə isə əsassız varlanmış şəxs əldə etdiyi vəsaiti məhrum olana qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 1850 manat tutularaq İddiaçı oğluna ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzi kimi 500 manat ödənilməsi hissəsinə isə tənqidi yanaşır və onun rədd edilməsi nəticəsinə gəlir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. İddiaçı cavabdehin ona mənəvi zərər vurmasını göstərsə də, bunu təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi bir neçə tibbi sənəd isə xəstənin müayinə olunması ilə bağlıdır və iddianın bu hissədə təmin edilməsinə əsas hesab edilə bilməz. Dövlət rüsumunun tutulması hissəsinə əsasən məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 1850 manat olduğundan ödənilmiş 43,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1850 manat tutulub İddiaçı verilsin. İddianın verilməsi üçün ödənilmiş 43,50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-3703/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3703/2025
12.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver