Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-375/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh2 (övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə birlikdə) və Cavabdeh1 (övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı ilə birlikdə) Sumqayıt şəhəri 17-ci mikrorayon, 40 saylı evin 48 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının oğullarıdır. Hazırda cavabdehlər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçının mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin hər ikisinin Sumqayıt şəhəri Yaşıldərə yaşayış fərdi yaşayış evi mövcuddur və hal-hazırda həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayış sahəsinə ehtiyacı ödənildiyindən onların istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Cavabdeh1 oğlu İddiaçı yetkinlik yaşına çatdığından işin məhkəmə baxışı zamanı iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsimnin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1953-cü ildə, Cavabdeh1 xx.xx.1981-ci ildə, Cavabdeh2 xx.xx.1982-ci ildə, İddiaçı isə xx.xx.2003-cü ildə anadan olmuşlar. Tərəflər ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. Mübahisəli mənzildə həmçinin Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı xx.xx.2005-ci il təvəllüdlü X4, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 qeydiyyatdadırlar. xx.xx.1983-cü il tarixli, 10/611 saylı orderə əsasən mübahisəli mənzil iddiaçıya verilmişdir. Orderdə sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin iddiaçı ilə yanaşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da adları qeyd edilmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli.. qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında iddiaçıya verilmişdir. Mənzil hal-hazırda özəlləşdirilməmişdir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi mübahisəli mənzil 1983-cü ildə order əsasında iddiaçıya verilmişdir. Cavabdehlər iddiaçının ailə üzvləri olmaqla mənzildən istifadə hüquqları yaranmışdır. Mənzil hal-hazırda özəlləşməmişdir. Bu səbəbdən mübahisəyə mənzilə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). Yuxarıda qeyd edilən normalardan göründüyü kimi icarədarın ailə üzvləri yaşayış sahəsindən istifadə hüququnu o vaxt itirə bilərlər ki, daimi yaşamaq üçün başqa yerə getsinlər və ya 6 aydan artıq müddətdə yaşayış sahəsində yaşamasınlar. Göründüyü kimi cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar və onların həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacları yoxdur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan uşaqlarının da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşağı xx.xx.2005-ci il təvəllüdlü X4 ilə birlikdə), Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə birlikdə) və İddiaçı ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-375/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-375/2023
17.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver