Məhkəmə qərarları › İş №2(060)-378/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-378/2023

02.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-378/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı «Unibank KB” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Unibank KB” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı «Unibank KB” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Unibank KB” ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin tərəfindən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********56-05101-093024 reyestr nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən əldə etdikləri arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. Həmin şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildə qeydiyyatda olması və orada yaşaması qeyriqanunidir. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçı «Unibank KB” ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «Unibank KB” ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin olunması üçün zəruri sübutlar əldə olunmuş və iş materiallarına əlavə olunmuşdur. Məhkəmədən idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 SMS xəbərdarlıq edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə «Unibank KB” ASC-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Din-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, vətəndaş Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ********** nömrəli, xx.xx.2021-ci il tarix ilə «Unibank KB” ASC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında № 7- 60 protokolundan görünür ki, «Unibank KB” ASC ünvan 1 ünvanında yerləşən əmlakı 33150 manata almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ünvlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-338/2019 nömrəli qətnaməsi ilə cavabdeh İsayev Teyyub Kazım oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(060)-175/2017 saylı və 19 iyul 2018-ci il tarixli, 2(060)-1214/2018 saylı qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5244/2019 nömrəli qərarı ilə cavabdeh İsayev Teyyub Kazım oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-388/2019 nömrəli iş üzrə 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32 ünvanında yerləşən 59 saylı mənzili qanuni əsaslarla iddiaçı «Unibank KB” ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, 59 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar