Məhkəmə qərarları › İş №2(060)-3784/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3784/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3784/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 30.08.2017-ci il tarixdə idarə etdiyi etibarnamə əsasında Cavabdeh2 məxsus olan “BMW 523” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xınalıq yolunun Qəçrəş kəndi ərazisində manevr etmə qaydasını pozaraq “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi və Cavabdeh2 nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan Cavabdeh1 idarə etməyə verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2427/2017 saylı İnzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. 13.09.2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə 850 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 042669 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 850 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 850 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Qeyd olunanlara əsasən, “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 850 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 880,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, hadisə 2017-ci il tarixdə olub, Sovet maşını idi, xərc az tələb edirdi. Qarşı tərəflə maşını özü düzəltdirməsi üçün razılaşmış, həmin pula maşını düzəltdirmişdir. İndiyə qədər onu çağırıb və ya zəng vurub bu barədə məlumat verməmişlər. Onun artıq ödəməyə pulu yoxdur. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, Cavabdeh1 izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 26.09.2017-ci tarixli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 850 manat hesablanmışdır. İş materiallarında olan 27 sentyabr 2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 26.09.2017-ci tarixli sığorta aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış 850 manat dəymiş zərər X2 hesabına köçürülmüşdür. İş materiallarında olan 13.09.2017-ci tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 850 manat hesablanmışdır. İş materiallarında olan, 30.08.2017-ci il tarixli TYP 068454 №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 sürücülük vəsiqəsi və etibarnaməsi 30.08.2017ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi Cavabdeh2 məxsus olan “BMW 523” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xınalıq yolunun Qəçrəş kəndi ərazisində manevr etmə qaydasını pozaraq “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14.09.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsi tətbiq olunmaqla 400 manat cərimə edilmişdir. İş materiallarında olan «İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ödənilmiş 850 manat məbləğində sığorta ödənişinin 7 gün ərzində ödəməsi və ödəmədikləri təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan «İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubun surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh2 “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ödənilmiş 850 manat məbləğində sığorta ödənişinin 7 iş günü ərzində ödəməsi və ödəmədikləri təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. Həmin Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan törədilmiş, sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində X3 məxsus ** BK *** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılmasına görə 850 manat məbləğində pul hesablanmış, zərərin aradan qaldırılması üçün «İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən X3 850 manat məbləğində sığorta ödənişi edilmiş və həmin ödəniş üzrə tələb hüququ subroqasiya qaydasında «İddiaçı” Sığorta Şirkəti ASC-nə keçmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC-nin xeyrinə 850 manat məbləğində ziyan, 30.40 manat ödənilmiş dövlət rüsumu cəmi 880.40 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbayjan Respublikası MPM-in 216-220, 360-jı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı «İddiaçı” Sığorta Şirkəti ASC-nin xeyrinə 850 manat məbləğində ziyan, 30.40 manat ödənilmiş dövlət rüsumu, cəmi 880,40 (səkkiz yüz səksən manat qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar