Məhkəmə qərarları › İş №2(060)-3850/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3850/2023

15.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3850/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nuralı qızının, Cavabdeh4 oğunun və Cavabdeh3 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nuralı qızının və Cavabdeh4 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh1 onun oğlu, digər cavabdehlər isə sonuncunun ailə üzvləridir. Cavabdehlər 2002-ci ildən mübahisəli mənzili daimi olaraq tərk etmiş və Rusiya Federasiyasına köçmüşlər. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsa da faktiki olaraq uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. Lakin, cavabdehlərin mənzildə qeydiyyatda olmağı onun mənzil barəsində sərəncam vermək hüquqlarını həyata keçirməyə maneə yaradır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 ailəsi ilə birlikdə 2002-ci ildə ölkəni tərk edərək Rusiya Federasiyasına getmişdir. Mənzil order əsasında verilmiş, sonradan özəlləşdirilmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 Nuralı qızı və Cavabdeh4 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qonşuların dediklərimə görə cavabdehlər 2002-ci ildən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilində yaşamırlar. Onlar həmin mənzildə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, ildən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - 11 saylı Mənzil Kommunal Səhəsinin 612 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 1978-ci ildən, Cavabdeh2 Nuralı qızı 2003-cü ildən və Cavabdeh4 2000-ci ildən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər DTİ, MHQ VƏ ŞKİ-nin xx.xx.2005-ci il tarixli, 44 №-li protokolu əsasında İddiaçı adına xx.xx.2005-ci il tarixində 14 №-li reyestr kitabında 36-cı səhifədə 34078 reyestr nömrəsi ilə qeydə alınmışdır. - Həmin məktubla göndərilən xx.xx.1997-ci il tarixli, 11/2278 №-li orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinin icarədarı İddiaçıdur. - Rusiya Federasiyası Vətəndaşının Pasportlarının notarial təsdiqlənmiş surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nuralı qızı və Cavabdeh4 Rusiya Federasiyası Vətəndaşıdırlar və onlar Rusiya Federasiyasında pasport qeydiyyatındadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinin icarədarı xx.xx.1997-ci il tarixli orderə əsasən iddiaçı olmuşdur. Cavabdeh1 iddiaçının oğludur və o, 2002-ci ildə ölkəni tərk edərək Rusiya Federasiyasına getmişdir. Digər cavabdehlər isə sonuncunun ailə üzvləridir. Cavabdehlər mübahisəli mənzildə yaşamır və onların mübahisəli mənzildə heç bir əmlakı yoxdur. Cavabdehlər Rusiya Federasiyası vətəndaşlaridır və orada pasport qeydiyyatındadırlar. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt həmin yaşayış sahəsinin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh 6 aydan artıq müddətdə sözügedən mənzili daimi yaşamaq üçün başqa ünvana köçməsi ilə əlaqədar könüllü tərk etdiyindən cavabdehlərin bu mübahisəli yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Odur ki, iddia əsaslıdır. Belə ki, cavabdehlərin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. Cavabdehlərin 20 ildən artıq müddətə mübahisəli mənzili və respublikanı tərk etmələri, xarici ölkə vətəndaşı olmaları onların daimi yaşamq üçün yaşayış sahəsinə sahiblənmələrinə dəlalət edir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nuralı qızının və Cavabdeh4 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 65 saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar