Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3859/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı və Mehdiyeva Sürəyyə Nadir qızının cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı qanun üzrə 1-ci növbə vərəsələrin və onlara miras əmlakdan çatası payın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı və Mehdiyeva Sürəyyə Nadir qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisində X5 vəfatı ilə bağlı açılmış vərəsəlik işi üzrə onların yəni, İddiaçı, Mehdiyeva Sürəyyə Nadir qızının və nəvələri X6 mərhumun 1-ci növbə qanun üzrə vərəsələri kimi tanınması və miras əmlak olan 11.000 manat sığorta haqqı üzərində hər birinin payının 1/3 hissədə müəyyən olunması, bu qaydada qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu X13 hərbiçi olmaqla Azərbaycan Respublikası Milli Ordu sıralarında çavuş rütbəsində xidmət etmiş və 12.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Vəfa Nəsibova Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət edərək qızı X18 vərəsəsi olmasının və bu səbəbdən də dövlət tərəfindən veriləcək 11.000 manat sığorta məbləği ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 2021-ci ilin mart ayının 16-da cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu onu ofisə dəvət edərək bildirmişdir ki, keçmiş gəlini Vəfa Nəsibova öz adından ərizə verməklə o da oğlunun vərəsəsi olduğunu bəyan etmiş və onun da adının 1-ci növ qanun üzrə vərəsələr siyahısına daxil edilməli olduğunu demişdir. O, cavabdehə 17.03.2021-ci il tarixdə ərizə verməklə vərəsəlik işinin dayandırılmasını, bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Vəfa Nəsibova onun mərhum oğlu Elmarın keçmiş həyat yoldaşıdır. Belə ki, onlar 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan 09.04.2011-ci il təvəllüdlü X14 adlı bir uşaqları vardır. Ailə qurduqdan sonra təxminən iki ilə yaxın müddətdə onlar onun mənzilində yaşamış, lakin Vəfa onlarla yola getmədiyi və həyat yoldaşı ilə tez-tez mübahisə etdikləri üçün kirayəyə çıxmışlar. 2017-ci ildə onların münasibətləri daha da pisləşmiş və buna səbəb Vəfanın özünün razılığı ilə lombarda girov qoyulmuş üç adda qızıllarının borca görə lombardda batması olmuşdur. Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli 2(023)-148/2019 saylı qətnaməsi ilə X5 Nəsibova Vəfa Vidadi qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, qarşı tərəfin iddiası da təmin olunmaqda oğlundan ümumi dəyəri 5270 manat dəyərində olan qızıl-zinət əşyalarının tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-641/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və qətnaməyə qızıl tələbi hissəsində dəyişiklik edilmiş və qətnamə qalan hissədə- nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. X27 bu dəfə qətnamənin qızıl-zinət əşyalarının tələbi hissəsini mübahisələndirməklə ondan kassasiya şikayəti vermiş, həmin məhkəmə prosesi pandemiya səbəbindən dəfələrlə təxirə salınmış və bu müddətdə Azərbaycan Respublikası Milli Ordusunun çavuşu olan oğlu Elmar 12.10.2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onlar kassasiya şikayətindən imtina etdikləri üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-40/2021 saylı, 18.02.2021-ci il tarixli qərarı ilə kassasiya icraatına xitam verilmişdir, yəni qətnamə kassasiya qaydasında baxılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etdi. Digər iddiaçı Mehdiyeva Sürəyyə Nadir qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Mehdiyeva Sürəyyə Nadir qızı məhkəməyə verdiyi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisi ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, 12.10.2020-ci il tarixində şəhid olmuş X3 qalmış miras əmlaka dair vərəsəlik işi Sumqayıt şəhər 1 saylı Notariat ofisində açılmışdır. 08.01.2020-ci il tarixində ilk dəfə notariat ofisinə mərhum İddiaçı həyat yoldaşı Vəfa Nəsibova ərizə ilə müraciət etmişdir və qızının adından ərizə vermişdir. Həmin vaxt o, notariat ofisinə Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli qətnaməsini təqdim etmiş və ona izah edilmişdir ki, əgər həmin qətnamə qanuni qüvvəsini almışdırsa o, vərəsə sayıla bilməz. Təklif edilmişdir ki, şəhidin atası və anası da gəlib ərizə ilə müraciət etsinlər. Şəhidin valideynləri notariat ofisinə gələrkən məlum olmuşdur ki, şəhidin özü şəxsən Qazax Rayon Məhkəməsinin qətnaməsindən və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən pul tələbi ilə əlaqədar hissədən şikayət vermişdir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, faktiki olaraq Qazax Rayon Məhkəməsinin qətnaməsi bütövlükdə yəni, boşanma da daxil olmaqla qanuni qüvvəyə minməmişdir. Tərəflərə izah edilmişdir ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən onlar boşanmış sayılacaqdır. Ona görə də Ali Məhkəmənin bu iş üzrə son qərarını gözləmək lazım gələcəkdir. Ali məhkəmə 18.02.2021-ci il tarixində işə baxaraq icraata xitam vermişdir. Beləliklə, Vəfa Nəsibova və Elmar Nəsibovun boşanma haqında Qazax Rayon Məhkəməsinin qətnaməsi faktiki olaraq həmin tarixdən qüvvəyə minir. Beləliklə, tərəfin biri, yəni Vəfa Nəsibova hesab edir ki, o qanuni vərəsədir, digər tərəf şəhidin valideynləri isə bunun əleyhinə çıxaraq hesab edirlər ki, o, şəhidin arvadı deyil və vərəsə ola bilməz. O, da tərəfləri işin məhkəmədə baxılmasına qədər dayandırıldığını xəbərdar edərək, məsələnin məhkəmədə həll edilməsini gözləmək haqqında qərar qəbul etmişdir. Cavabdeh məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsibova Vəfa Vidadi qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Nəsibova Vəfa Vidadi qızının məhkəməyə iddia tələbinə dair etiraz ərizələri daxil olmuşdur. Etiraz ərizələrində göstərilmişdir ki, onunla Elmar Nəsibov arasında bağlanmış nikah sonuncunun şəhid olduğu günə kimi nikahın həqiqiliyi prezumpsiyası ilə qüvvədə olmuşdur. Nikahın xitamı əsası E.Nəsibovun 12.10.2020-ci ildə ölüm əsasıdır. Qanuni qüvvəyə minmiş heç bir məhkəmə qətnaməsi ilə nikah pozulmamış və xitam edilməmişdir. Odur ki, iddia tam həcmdə rədd edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirdi ki, Vəfa Nəsibova tərəflər boşanmamışdan əvvəl evdən getmişdir. Sonradan övladı üçün aliment istəmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, o, X5 xalasının gəlinidir. Vəfa ilə Elmarın münasibətləri yaxşı olmuş, 2017-ci ildə ayrılmışlar. Ayrılmaqlarının səbəbi qısqanclıq olmuşdur. Elmar şəhid olana qədər onlar bir yerdə yaşamayıblar. Məhkəmə iş üzrə iddiaçıların izahatını, şahidlərin ifadələrini və vəkilin çıxışını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X15 arasında 01.10.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1610 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Nəsibova Aylin 09.04.2010-cu ildə Qazax şəhərində doğulmuşdur. Şəxsiyyət vəsiqəsində onun atasının Nəsibov Elmar, anasının isə Quluyeva Vəfa olması qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı 18.02.2021-ci il tarixli arayışından görünür ki, Mehdiyeva Sürəyyə Nadir qızı Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin 29 saylı mənzilində pasport qeydiyyatındadır. - Beyləqan rayon qeydiyyat şöbəsinin verdiyi 28 oktyabr 2020-ci il tarixli AZ-İİ № 127197 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12.10.2020-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. Ölümün səbəbi ürəyin travması, hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmələrdir. - 25.01.2021-ci il tarixli, 000813 nömrəli vəsiqədən görünür ki, Mehdiyeva Sürəyya Nadir qızı şəhid ailəsi üzvüdür. - 25.01.2021-ci il tarixli, 000812 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Səhəsinin 29.03.2021-ci il tarixli aktından görünür ki, Nəsibova Vəfa Vidadi qızı 2013-cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin 29 saylı mənzilində yaşamır. Qeyd olunanları 12 saylı MKS-nin sahə ustası X19, qonşular X11 və X8 öz imzaları ilə təsdiq etmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin 16 nömrəli arayışından görünür ki, İddiaçı və Mehdiyeva Sürəyya Nadir qızı Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin, 29 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 12 saylı Mənzil Kommunal Səhəsinin 327 nömrəli arayışından görünür ki, Nəsibova Vəfa Vidadi qızı 2013-cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26A/4 saylı evin 29 saylı mənzilində yaşamır. - Sumqayıt şəhəri 1 saylı notariat ofisində imzalanmış **********711 saylı ərizədən görünür ki, Nəsibova Vəfa Vidadi qızı mirasın tərkibinə daxil olan 11.000 manat sığorta məbləğinə dair ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Sumqayıt şəhəri 1 saylı notariat ofisində imzalanmış **********170 saylı ərizədən görünür ki, Mehdiyeva Sürəyya Nadir qızı mirasın tərkibinə daxil olan 11.000 manat sığorta məbləğinə dair ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(023)-148/2019 saylı qətnaməsindən görünür ki, X1 Vəfa Vidadi qızına qarşı nikahın pozulması tələbi barədə ilkin, Nəsibova Vəfa Vidadi qızı X9 qarşı qızıl-zinət əşyaları tələbi barədə qarşılıqlı iddia ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişlər. Qazax Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin olunmuş, X13 ilə Nəsibova Vəfa Vidadi qızı arasında bağlanmış 01 oktyabr 2011-ci il tarixli 1610 nömrəli nikahın pozulması, 09.04.2010-cu il təvəllüdlü X6 Nəsibova Vəfa Vidadi qızının yanında qalması, X3 1000 manat dəyərində bir ədəd 750 əyarlı, çəkisi 6,5 qram olan brilliant qaşlı nişan üzüyü, 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəsti, 1900 manat dəyərində 583 əyarlı, çəkisi 32 qram olan kale-boyunbağı, 720 manat dəyərində 583 əyarlı, çəkisi 12 qram olan qaşlı kale-qolbağı, 270 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4,5 qram olan sadə qaşlı üzük, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 5 qram olan sadə qaşlı üzük, 300 manat dəyərində bir ədəd 583 əyarlı, çəkisi 4 qram olan sadə qaşlı üzük və ya əşyaların özləri olmadıqa onların dəyəri olan 5270 manat pulun alınıb Nəsibova Vəfa Vidadi qızına verilməsi qət edilmişdir. - Qazax Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli 2(023)-148/2019 saylı qətnaməsindən çıxarışdan və 29 iyul 2019-cu il tarixli məktubundan görünür ki, həmin qətnamənin nikahın pozulması hissəsi Qazax rayon qeydiyyat şöbəsinə icraya yönəldilmişdir. Həmin çıxarışda qətnamənin 29.07.2019-cu ildə qanuni qüvvəsini aldığı göstərilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-641/2020 saylı, 13.01.2020-ci il tarixli qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli, 2(023)-148/2019 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, X3 alınmalı olan 840 manat dəyərində 583 əyarlı, çəkisi 14 qram olan sadə qaşlı sırğa-üzük dəstinin çəkisi və dəyəri, buna müvafiq olaraq da qızıl-zinət əşyalarının ümumi dəyəri hissəsində dəyişdirilərək, sırğa-üzük dəstinin çəkisi 9.1 qram, dəyəri 540 manat, qızıl-zinət əşyalarının ümumi dəyəri isə 4970 məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-40/2021 saylı, 18.02.2021-ci il tarixli qərarı ilə X5 hüquqi varisləri Mehdiyeva Sürəyya Nadir qızı və İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 13.01.2020-ci il tarixli qətnaməsinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin tutulmasına dair hissələrindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilmiş, X5 hüquqi varisləri Mehdiyeva Sürəyya Nadir qızı və İddiaçı münasibətdə hazırki iş üzrə kassasiya icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların övladı X13 12.10.2020-ci ildə şəhid olmuşdur. Onunla Nəsibova Vəfa Vidadi qızı arasında 2010-cu ildə nikah bağlanmış, 2010-cu ildə Aylin adlı uşaqları doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli qətnaməsi ilə X26 Nəsibovaya qarşı nikahın pozulmasına dair ilkin, sonuncunun mərhuma qarşı əmlak tələbi barədə qarşılıqlı iddiası təmin olunmuş, E.Nəsibov qətnamənin qarşılıqlı iddianın təmin olunmuş hissəsini apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsində şikayəti qismən təmin edilmiş, iş kassasiya baxışında olduğu zaman isə o, şəhid olmuşdur. Bundan sonra E.Nəsibovun valideynləri hüquqi varis kimi tanınmış və onların şikayətdən imtina ərizəsinə əsasən kassasiya icraatına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 01.05.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, miras əmlakında iddiaçıların payı müəyyən edilməlidir. Belə ki, məhkəmə, birinci instansiya məhkəməsinin nikahın pozulmasına dair ilkin iddianın təmin olunması hissəsinin deyil, əmlak tələbi barədə qarşılıqlı iddianın təmin edilməsi hissəsinin apellyasiya və kassasiya qaydasında mübahisələndirilməsini, yuxarı instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddiaya münasibətdə qərarlar qəbul edilməsini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müvqeyinə əsaslanaraq belə nəticəyə gəlir ki, hazırki mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin tələblərinə uyğun həll olunmamalıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Qazax Rayon Məhkəməsinin sözügedən qərarından aydın olur ki, iş üzrə cavabdeh Nəsibova Vəfa Vidadi qızı ilkin iddianı qəbul etmiş, nikahın pozulmasına razılığını bildirmişdir. Həmin qətnamənin nikahın pozulması hissəsi deyil, əmlak tələbi hissəsi ilkin iddia üzrə iddiaçı X13 tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, nikaha xitam verilməsi üçün iş üzrə yuxarı məhkəmə qərarının qanuni qüvvəyə minməsi zəruri olduğundan, nikahın pozulması barədə məhkəmədə iddianın qaldırılması ər-arvadın biri-birini vərəsəlik hüququndan məhrum etməsi üçün kifayət deyildir. Belə ki, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iddiaçı iddiadan imtina edə bilər, tərəflər barışa bilər və s. hallar baş verə bilər. İşin faktiki hallarından görünür ki, Vəfa və İddiaçılar barışmamış, iddiaçı iddiadan imtina etməmiş, hər ikisi nikahlarının pozulmasında israrlı olmuş və məhkəmə qətnaməsini nikahın pozulması ilə bağlı mübahisələndirməmişlər. AR Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında göstərilmişdir ki, məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış şəxsin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən ölməsi iş üzrə icraata xitam verilməsinə səbəb olur, bu isə nikahın pozulması haqda məhkəmə qərarının qanuni qüvvəyə minməməsi və tərəflərin ər-arvad statusunun ləğv edilməməsi, eləcə də onların bu statusdan irəli gələn hüquq və vasitələrinin davam etməsi ilə nəticələnir. Hazırki iş materiallarından aydın olur ki, Qazax Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv olunmamış, habelə iş üzrə icraata xitam verilməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Qazax Rayon Məhkəməsi həmin qətnamədən çıxarışı, nikahın pozulması hissəsini Qazax rayon qeydiyyat şöbəsinə icraya yönəltmişdir. Həmin çıxarışda qətnamənin 29.07.2019-cu ildə qanuni qüvvəsini aldığı göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Elmar Nəsibovla nikahı ləğv edildiyindən Vəfa Nəsibova onun vərəsəsi ola bilməz. Miras əmlak üzərində vəfat etmiş şəxsin birinci növbə vərəsələri, övladı X14, atası İddiaçı və anası Mehdiyeva Sürəyyə Nadir qızının bərabər payı müəyyən olunmalıdır. Məhkəmə, hesab edir ki, iddia iddiaçıların və onların nəvələrinin 1-ci növbə vərəsələr kimi tanınmaları, eləcə də vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin olunmamalıdır. Belə ki, mülki qanunvericilikdə 1-ci növbədə olan vərəsələrin dairəsi müəyyən olunmuş və iddiaçıların, habelə nəvələrinin bu kateqoriyaya aid olmaları Mülki Məcəllənin müvafiq normasında nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçıların birinci növ vərəsə olmaları hazırki mülki işdə mübahisə predmeti deyildir. Həmçinin, vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbində münasibətdə də məhkəmə hesab edir ki, məsələ iş üzrə araşdırma predmeti deyildir. Belə ki, notariat ofisi şəhadətnamə verilməsindən imtina etməmiş, eyni zamanda bu hərəkətin edilməsi həmin orqanın qanunvericiliklə ona həvalə olunmuş vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-ci maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Qeyd olunan maddi və prosessual qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar yetkinlik yaşına çatmayan nəvələrinin miras payının müəyyən edilməsinə dair iddia irəli sürməyə subyektiv hüquqa malik deyildirlər. Belə ki, 09.04.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatmamışdır və məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatanadək anası Nəsibova Vəfa Vidadi qızının yanında saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, belə bir iddia qaldırmaq üçün Aylin Nəsibovanın anası, onun qanuni nümayəndəsi Vəfa Nəsibovanın subyektiv hüququ vardır. Məhkəmə qeyd edir ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçılar İddiaçı və Mehdiyeva Sürəyyə Nadir qızının miras əmlak, 11.000 manat bidəfəlik ödəmə üzərində hər birinin payı 1/3 hissədə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı və Mehdiyeva Sürəyyə Nadir qızının miras əmlak, 11.000 manat bidəfəlik ödəmə üzərində hər birinin payı 1/3 hissədə müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3859/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3859/2021
31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver