Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3902/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, əmlak və mənəvi zərər barədə ilkin və Cavabdeh İddiaçı qarşı pul və mənəvi zərər tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu (vicdansız sahib) vaxtdan, yəni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2872/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi qəbul edildiyi gündən başlayaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təhvil verdiyi günədək - 4 mart 2021-ci il tarixədək olan dövr üzrə həmin fərdi yaşayış evinə görə tərəfindən edilmiş aylıq 510 manat olmaqla, cəmi 17340 manat kredit ödənişlərinin əvəzinin, mübahisəli fərdi yaşayış evinin kirayə verilməsinin bazar qiymətinin 400 manat civarında olması nəzərə alınaraq həmin dövr üzrə əldən çıxmış faydanın əvəzi kimi aylıq 400 manat olmaqla, cəmi 13600 manat, dəymiş mənəvi ziyana görə 20.000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 50.940 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C ünvanında yerləşən evi Köçərli Rüfət Rizvan oğlu alqı-satqı müqaviləsi əsasında Cavabdeh satın almış, sonra isə 05.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə 118.000 manata iddiaçıya satmışdır. Həmin ev "xxxx" da ipoteka ilə yüklü edilmiş, illik 4% ödənilməsi müəyyənləşdirilmiş, məbləğin 24.000 manatı iddiaçı, qalan 94.000 manatı isə bank tərəfindən ödənilmişdir. Sonra isə iddiaçı cavabdehin mübahisəli evdə yaşaması, 24.000 manat ilkin, həmçinin qaldığı müddətdə aylıq kredit ödənişlərini ödəməsi şərtilə əmlakın sonuncuya satılması barədə onunla razılığa gəlmişlər. Belə ki, onsuz da hərbçi kimi ona yaşayış sahəsi verildiyindən bu evi satmaq qərarına gəlmişdir. O, Bafadara ipoteka ödənişlərindən sonra evin ona qalacağına əmin olması üçün ödəniş kodunu vermişdir. Lakin, bir neçə aydan sonra cavabdehin ödənişləri dayandırmasına, habelə ilkin ödənişi etmədiyinə görə cavabdehdən evdən çıxmasını tələb etsə də, sonuncu ailəsi ilə birlikdə orada yaşamasını davam etdirmiş, müxtəlif orqanlara şikayətlər yazaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını gecikdirmiş, nəticədə o, mülkiyyətində olan əmlakdan uzun müddət istifadə edə bilməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh və digər cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş, Cavabdeh onunla Rüfət Köçərli arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qarşılqılı iddiası rədd edilmişdir. Bu qətnamə həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələri tərəfindən müvafiq olaraq 06.11.2018-ci və 10.04.2019-cu ildə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə 04.03.2021-ci il tarixdə icra olunmuşdur. Bu dövr ərzində cavabdehin ərizəsi əsasında iddiaçı barədə cinayət işi başlanılmış, cinayət tərkibi olmadığından iş üzrə icraata xitam verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18.06.2019-cu il tarixli qərarı ilə mübahisəli əmlakın üzərinə həbs qoyulmuş; həmin məhkəmənin 11.07.2019-cu il tarixli qərardadı ilə mübahisəli əmlaka dair icra hərəkətlərinin aparılması Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qadağan edilmiş; Cavabdeh əmlakın həbsdən azad olunması tələbi həmin məhkəmənin 21.11.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuş, bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin qərarı ilə iddia üzrə icraata xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2018-ci il tarixli qətnaməsi qəbul edildiyi gündən yaşayış evi təhvil verilənə - 04.03.2021-ci il tarixədək onun tərəfindən edilmiş aylıq 510 manat olmaqla, cəmi 17.340 manat kredit ödənişləri; evin kirayə haqqının bazar qiymətinin 400 manat civarında olması nəzərə alınaraq həmin dövr üzrə cəmi 13.600 manat əldən çıxmış fayda, əsəbstres keçirməyinə və mənəvi əziyyətinə görə 20.000 manat mənəvi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 50.940 manat pul tutularaq ona ödənilməlidir. İddiaçı sonra iddia ərizəsinə dəqiqləşmə verərək ilkin tələblərinə əlavə olaraq iddiaçıya məxsus bir ədəd televizor, televizor altı, bir ədəd şkaf, divan və kreslo, mətbəx mebeli və istilik sisteminin (kombi) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək ilkin iddia üzrə iddiaçıdan 2044 manat maddi, 10.000 manat isə mənəvi ziyan, cəmi 12044 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, evin təmiri ilə əlaqədar 25.000 manata yaxın yaranmış borcunu qaytarmaq məqsədilə ipoteka krediti alınması üçün evi Əyyub adlı şəxsin vasitəçiliyi ilə bankın işçisi olan Rüfətə formal satmış, lakin krediti götürmək mümkün olmamış, həmin şəxslər Samir adlı hərbçinin adına 30 illik ipoteka krediti götürdüklərini bildirərək ona ödəniş qrafiki təqdim etmişlər. Onlar ödənişləri edəcəyi təqdirdə evin ona qalacağını bildirmişlər. Bundan sonra o, İddiaçıla əlaqə saxlamış, aldadıldığını demiş, sonuncu isə evi almaq niyyətinin olmamasını, bu pulu ödəyə bilməyəcəyini həmin şəxslərin onu da aldatdıqlarını söyləmişdir. Samir onu ailəsi ilə birlikdə mübahisəli yaşayış sahəsinə pasport qeydiyyatına saldırmışdır. Bu da onda əminlik yaratdığından dörd ay kredit ödənişləri etmiş, sonra isə Samirə polisə müraciət edəcəyini bildirmiş, təxminən bir aydan sonra sonuncu ona qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı hesab edir ki, İddiaçı onun hesabına hüquqi əsas olmadan əmlak əldə edərək əsassız varlanmış, eyni zamanda ona mənəvi zərər vurmuşdur. Odur ki, Samirin yerinə hər ay 510 manat olmaqla dörd ay ərzində ödədiyi, cəmi 2044 manat kredit ödənişi və 10.000 manat mənəvi ziyan qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. O, həmçinin ilkin iddiaya iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etdi. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə ilkin iddia üzrə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, həmçinin qarşılıqlı iddiaya iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etdi. Bundan əlavə cavabdeh tərəfindən 4 (dörd) ay ipoteka üzrə kredit ödədiyini qeyd etdi. Nümayəndə, bundan əlavə, iddianın məişət əşyalarının (bir ədəd televizor, televizor altı, bir ədəd şkaf, divan və kreslo, mətbəx mebeli və istilik sisteminin (kombi)) cavabdehdən alınması hissəsi ilə bağlı bildirdi ki, mübahisəli ev ipoteka qoyulan zaman həmin əşyalarla birlikdə qiymətləndirilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 05.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Köçərli Rüfət Rizvan oğlu ünvan 1 ünvanında yerləşən evi İddiaçı 118.000 manata satmışdır. Daşınmaz əmlakın satış qiyməti 118.000 manatdır, mənzilin dəyərinin 24.000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 94.000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən 04 avqust 2017-ci il tarixli 57İPO/17 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 26.08.2017-ci ildə qeydiyyata alınmışdır. - Oruczadə Elxan tərəfindən verilmiş 03.08.2020-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin kirayə verilməsi həmin günkü bazar qiymətləri ilə 400 (dörd yüz) manat civarında qiymətləndirilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2872/2018 saylı, 25.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X3 və onların uşaqları 07.02.2002-ci ildə anadan olmuş X6, 19.03.2007-ci il tarixdə anadan olan X5 Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmasına dair ilkin iddiası təmin, Cavabdeh və X3 İddiaçı ilə Köçərli Rüfət Rizvan oğlu arasında 05.08.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş çıxarışın ləğvi barədə qarşılıqlı iddiası rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3498/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2872/2018 saylı, 25.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2251/2019 saylı, 10.04.2019cu il tarixli qərarından görünür ki, ilkin iddia üzrə Cavabdeh və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3498/2018 saylı, 06.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6601/2019 saylı, 11.07.2019-cu il tarixli qərardadından görünür ki, Cavabdeh iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C nömrəli evə dair hər hansı bir icra hərəkətlərinin aparılması cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qadağan edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6601/2019 saylı, 20.1.2019-cu il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6601/2019 saylı, 11.07.2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, iddianı təmin etmə tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6601/2019 saylı, 11.07.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. - 04.11.2019-cu il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin cinayət işinin icraatına xitam verilməsi barədə qərarından görünür ki, X1, Köçərli Rüfət Rizvan oğlunun və İddiaçı əməlində cinayət tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. - Daşınmaz əmlakın qiymətləndirilməsi haqqında ERA26/07/2017 №-li hesabatdan görünür ki, Köçərli Rüfət Rizvan oğluna məxsus Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin bazar dəyəri 118.000 manat; torpağın dəyəri 22.000 manat; fərdi yaşayış evinin dəyəri 96.000 manat; likvid dəyəri 100.300 manat qiymətləndirilmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanlanmış 01.06.2021-ci il tarixli məktubundan görünür ki, 04 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə hal-hazıradək ümumilikdə 19.763.70 manat məbləğində ödəniş edilmişdir. 01 iyun 2021-ci il tarixə qeyd edilən kredit müqaviləsi üzrə bank qarşısında 87.436.27 manat əsas borc, 291.45 manat faiz borcu, ümumilikdə 87.727.72 manat ödənilməmiş borc mövcuddur. - Oruczadə Elxan tərəfindən verilmiş 20.05.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinin həmin günkü bazar qiymətləri ilə kirayəsi 350-400 manat civarında qiymətləndirilmişdir. - İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsindən görünür ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, onun pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. - Cavabdeh ərizəsindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, onun dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04.03.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evi borclu Cavabdeh tərəfindən tələbkarın nümayəndəsi Vəkil açarlarla birlikdə təqdim edilmişdir. - X8 aid mədaxil qəbzlərindən görünür ki, İddiaçı adından Azərbaycan İpoteka Fondu ASC-nin hesabına 2.012,83 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mübahisəli əmlakı alqı-satqı və ipoteka müqaviləsinə əsasən 05.08.2017-ci ildə Rüfət Köçərlidən almış, ev hazırda birincinin mülkiyyətindədir. Həmin evi Rüfət Köçərli 19.11.2015-ci ildə Cavabdeh alqı-satqı müqaviləsi ilə almışdır. İddiaçıla Cavabdeh sonuncunun mübahisəli evdə yaşaması, 24.000 manat ilkin, həmçinin qaldığı müddətdə aylıq kredit ödənişlərini ödəməsi şərtilə əmlakın ona satılması barədə razılığa gəlmiş, lakin cavabdeh dörd ay ərzində 2.012,83 manat ödəniş etmiş, sonra isə tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2872/2018 saylı, 25.05.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı evdən çıxarılmaya dair iddiası təmin edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən 06.11.2018-ci və 10.04.2019-cu il tarixdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 04.03.2021-ci tarixdə icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə, ilkin iddianın Sumqayıt Şəhər Məhkəməsinin cavabdehin evdən çıxarılmasına dair 25.05.2018-ci il tarixli qətnaməsi qəbul edldiyi gündən başlayaraq mübahisəli əmlak təhvil verildiyi- 04.03.2021-ci il tarixədək olan dövr ərzində aylıq 510 manat olmaqla, cəmi 17.340 manat kredit ödənişlərinin əvəzinin qarşı tərəfdən alınması tələbi ilə əlaqədar hesab edir ki, iddia bu hissədə özü özlüyündə əsassızdır. Belə ki, cavabdeh iddiaçı qarşısında belə bir öhdəliyin daşıyıcısı olmamış, onun əvəzindən birincinin müqavilə öhdəliyi olan kredit ödənişini ödəmək vəzifəsini daşımamışdır. Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin əmələ gəlməsi əsaslarından hər hansı biri cavabdehin belə vəzifə daşımasını şərtləndirmir, həmin əsaslar bu hala münasibətdə mövcud deyildir. Məhkəmə, ilkin iddianın əldən çıxmış faydanın əvəzi olaraq aylıq 400 manat olmaqla, cəmi 13.600 manat pulun cavabdehdən tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı bu tələbini irəli sürərkən Mülki Məcəllənin 157.5-ci maddəsinə əsaslanmış, həmin maddi hüquq normasını qanuni əsas olaraq göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin, yəni qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin, həmçinin zərərin əvəzinin ödənilməsini, onun vicdanlı və ya vicdansız sahib olmasından asılı olaraq müvafiq zaman ərzində toplamını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, bu normada əmlakdan məhrum olunma, əmlakın itirilməsi mənasında nəzərdə tutulmuşdur. Əks halda bu ifadə qanunvericilik tərəfindən real zərər kimi müəyyənləşdirilməz və həmin anlayışla əhatə olunmazdı. Bu Məcəllənin 21.2-ci maddəsinin məzmunundan aydın olur ki, əldən çıxmış fayda da zərər anlayışına daxildir və hüquq pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn götürülməməsi mümkün olmayan (məsələn, sağmal inəkdən süd, həmişə məhsul verən bitkinin barı) və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların olması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən Cavabdeh mübahisəli əmlakdan gəlir əldə etməsi, zədələməsi (real zərər), o cümlədən İddiaçı gəlir (fayda) götürməsi və götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilmədi. Məhkəmə, şərh olunanlara əsasən, hesab edir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən tələbi əsassızdır. Məhkəmə, bununla yanaşı qeyd edir ki, AR MM-nin 157.5-ci maddəsi mülkiyyətçiyə əmlakı qanunsuz sahiblikdən geri tələb edərkən, bu şəxsin, yəni qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılmasını və ya əvəzinin, həmçinin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olmasını təsbit edir. Göründüyü kimi, maddi hüquq norması bu iddianın əmlakı geri tələb edərkən qaldırılmasını nəzərdə tutmuşdur. Lakin, qanunsuz sahiblik zamanı əldə olunmuş gəlirin mülkiyyətçiyə qaytarılması öhdəliyi əsassız varlanma nəticəsində yaranır. Belə ki, qanunsuz sahib müqavilə və ya qanuni əsas olmadan başqasının əmlakından gəlir əldə edir. Ona görə də bu şəxs Mülki Məcəllənin tələblərinə uyğun olaraq həmin əldə etdiyi gəlirləri mülkiyyətçiyə qaytarmaq öhdəliyi daşıyır. Odur ki, AR MM-nin 1092-ci maddəsində əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsinin bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil olunduğu göstərilmişdir. Qeyd olunanların hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, yuxarıda göstərildiyi kimi ilkin iddia üzrə cavabdehin iddiaçının əmlakından gəlir (fayda) götürməsi və götürəcəyi işin faktiki halları və təqdim olunmuş sübutlarla sübuta yetirilmir. Belə olduqda, əsassız varlanma halının mövcudluğu istisna olunur. Məhkəmə delikt nəticəsində öhdəliyin yaranmasını da bu əsasla istisna edir. Belə ki, ilkin iddia üzrə cavabdehin iddiaçıya istər real, istərsə də əldən çıxmış fayda şəklində zərər yetirməsi işin faktiki halları və sübutlarla təsdiq olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassızdır. Məhkəmə, ilkin iddianın məişət əşyalarının cavabdehdən alınaraq ona verilməsi hissəsi ilə əlaqədar hesab edir ki, həmin əşyaların İddiaçı məxsus olması və ya onun xeyrinə özgəninkiləşdirilməsi barədə sövdələşmə və digər sübutlar təqdim edilmədiyindən, bu dəlillər işin faktiki halları və materialları ilə təsdiqlənmədiyindən, eyni zamanda Mülki Məcəllənin müvafiq maddələrinin dispoziyasına cavab vermədiyindən, qanunsuz sahiblik mövcud olmadığından iddia əsaslı deyildir. Məhkəmə, ilkin iddiaçının mübahisəli ev ipoteka qoyulan zaman tələb olunan əşyalarla birlikdə qiymətləndirilməsi barədə dəlilini əsassız sayır. Belə ki, həmin hal əmlakın qiymətləndirilməsinə dair rəydən görünmür, bu əsas həmin sənədlə təsdiqlənmir. Məhkəmə, qarşılıqlı iddia ilə əlaqədar qeyd edir ki, İddiaçı Cavabdeh hesabına hüquqi əsas olmadan əmlak əldə etməsi işin faktiki halları ilə təsdiq olunur. Belə ki, Cavabdeh əsassız varlanmasına, yəni İddiaçı onun kredit borclarını ödəməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Məhkəmə, tərəflərin Cavabdeh mübahisəli evdə yaşayaraq Samir Rəhmovun həmin əmlakla bağlı kredit ödənişlərini ödəməklə, müəyyən müddətdən sonra bu yaşayış sahəsini əldə edəcəyi barədə razılıqlarını hüquqi əsas kimi qiymətləndirmir. Çünki, AR MM-nin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Göründüyü kimi tərəflərin danışığı mülki qanunvericiliyə uyğun olmamış, həmin sövdələşmə qanunun tələblərini ödəməmiş, həmçinin göstərilən normalarda nəzərdə tutulmuş rəsmiləşdirmə qaydalarına riayət edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə ki, Cavabdeh əmlakı qaytarmaq hüququ Sumqayıt Şəhər Məhkəməsinin 25.05.2018-ci il tarixli qətnaməsi çıxarıldığı vaxtdan məlum olmuşdur. Buradan aydın olur ki, Mülki Məcəllə ilə müəyyən olunmuş – iki illik müddət keçmiş, ona görə də sözügedən hüquq qüvvədən düşmüşdür. Odur ki, məhkəmə, ilkin iddiaçının nümayəndəsinin iddia müddətinin tətbiq olunması barədə vəsatətini, onun məzmununda müqavilə tələbləri üzrə iddia müddətinə istinad edilsə də, niyyətin iddia müddətinin tətbiqi olduğundan əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. AR MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.04.2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 2044 manat məbləğində maddi ziyan tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının ilkin tələbə AR MM-nin 372-375 maddələrinə əsasən iddia müddətinin tətbiqi barədə vəsatətini əsassız hesab edir. Belə ki, ilkin iddianın qanuni əsası müqavilə münasibətləri deyil, əmlaka qanunsuz sahiblik zamanı əldə olunmuş gəlirin tələb olunmasıdır. Əsassız varlanmaya gəldikdə isə, məhkəmə, bu hal mövcud olmadığından iddia müddətinin tətbiq olunmasına zərurət görmür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul, əmlak və mənəvi zərər barədə ilkin və Cavabdeh İddiaçı qarşı pul və mənəvi zərər tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 17340 manat kredit ödənişlərinin əvəzinin, 13600 manat əldən çıxmış faydanın, 20.000 manat dəymiş mənəvi ziyanın, 30 manat məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun tutulması və bir ədəd televizor, televizor altı, bir ədəd şkaf, divan və kreslo, mətbəx mebeli və istilik sisteminin (kombi) cavabdehdən alınaraq ona verilməsi tələbləri barədə ilkin və Cavabdeh İddiaçı qarşı 2044 manat maddi, 10.000 manat isə mənəvi ziyan, cəmi 12044 manat pulun tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3902/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3902/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver