Məhkəmə qərarları › İş №2(060)-395/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-395/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-395/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2013-cü il tarixli, 2(060)-3693/2013 saylı qətnaməsinə əsasən ondan 17 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş hər ay 87 manat sabit pul məbləğində alimentin 2017-ci ilin fevral ayından 2023-cü ilin avqust ayınadək mövcud qalıq 7000 manat borc məbləğinin uşaq onun himayəsi altında yaşadığı üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə qeyri-rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3693/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq və cavabdeh 2017-ci ilin fevral ayından 2023-cü ilin avqust ayınadək onun himayəsində (bir ailə kimi) Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 56 saylı evin 18-ci mənzilində yaşamışlar. Bütün bunlara baxmayaraq cavabdeh onların birgə qeyri-rəsmi ər-arvad kimi yaşadıqları dövrdə (2017-ci ilin fevral ayından 2023-cü ilin avqust ayınadək) yaranmış borcu qalıq borc kimi hesablayaraq ondan tələb edir. Sözügedən tarixdə uşağın və cavabdehin bütün xərclərini o ödəmişdir. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Hazırki mübahisə uşağın hüquq və mənafeləri ilə birbaşa əlaqəli məsələdir. Uşaq hazırda 13 yaşındadır və hər şeyi dərk edir. İddiaçı aliment öhdəliyindən yayınmaq üçün belə edir. Cavabdehin alimenti vaxtında tələb etməməsi bir tərəfdən onun hüquqi savadsızlığından irəli gəlir. Digər tərəfdən əgər iddiaçının dediyi kimidirsə o zaman iddiaçı nəyə görə cavabdehi İcra İdarəsinə apararaq ondan aliment tələbi üzrə icraata xitam verilməsi barədə ərizə almamışdır. Əgər 2 aylıq aliment borcuna görə iddiaçı 8 gün inzibati qaydada həbs olunubsa iddiaçı, həmin pulu ödəyərək məsuliyyətə cəlb olunmaqdan yaxa qurtara bilərdi. Qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır, təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsinin göstərdiklərini müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin və onların nümayəndələrinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. AR MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar