Məhkəmə qərarları › İş №2(060)-3958/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3958/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3958/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsinə dair» ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədən görünür ki, hazırda ərizəçinin olduğu yer Bakı şəhəri, 7-ci mikr. ünvanıdır. Göründüyü kimi ərizəçi tərəfindən ərizə aidiyyət qaydaları pozulmaqla Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. MPM-nin 152.1.3 maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə mülki prosessual qanunvericiliyin tələbinə görə xüsusi icraat qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizənin məzmunundan görünür ki, ərizə iddiaçı tərəfindən verilmişdir, yəni müraciət edən subyekt düzgün göstərilməmişdir. Şərh olunanlara ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar