Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3985/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən 01.11.2009-cu il tarixdən 01.01.2019-cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pulun, 2020-ci və 2021-ci illərin cari ayları üzrə ödənilməyən əmək haqqının hesablanaraq ödənilməsi, mənəvi ziyan olaraq 2000 (iki min) manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı onun atasıdır. İddiaçı 05.10.2007-ci il tarixdən etibarən "xxxx" ASCnin Həmkarlar İttifaqı Komitəsinin Gəncə “Gil-Torpaq” İstehsalat sahəsi üzrə təmsilçi vəzifəsinə təyin olunmuş və hal-hazıradək əmək fəaliyyətini davam etdirir. 01.11.2009-cu il tarixdən 01.01.2019-cu il tarixədək "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat əmək haqqı borcu yaranmışdır. Belə ki, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin əmək haqqı borcu 2009-cu ilin noyabr və dekabr ayları üzrə 202,18 manat, 2010-cu il üzrə 1213,08 manat, 2011-ci il üzrə 1212,96 manat, 2012-ci il üzrə 1227,24 manat, 2013-cü il üzrə 1250,64 manat, 2014-cü il üzrə 1486,56 manat, 2015-ci il üzrə 1729,20 manat, 2016-cı il üzrə 1722.48 manat, 2017-ci il üzrə 1746 manat, 2018-ci il üzrə 1737 manat təşkil edir. Həmçinin 2020-ci il və 2021-ci ilin yanvar, fevral və mart ayları daxil olmaqla əmək haqqı ödənilməməkdə davam edir. "Azəralüminium” ASC hər ay işçilərdən qanunla müəyyən olunmuş üzvlük haqqı yığdığına baxmayaraq, X7 İttifaqı Federasiyasının hesabına müvafiq maliyyə vəsaitini köçürmədiyinə görə 2009-cu ilin noyabr ayından indiyədək o, əmək haqqını ala bilmir. Gəncə “Gil-Torpaq” İstehsalat sahəsi istehsalat fəaliyyətini 2013cü ildə dayandırmasına baxmayaraq "xxxx" ASC icarəyə verdiyi sex, sahə və avadanlıqlardan aldığı icarə haqqından Həmkarlar İttifaqı Komitəsinə olan borcunu ödəmək imkanındadır. Cari vəziyyətlə bağlı köməklik göstərilməsi üçün Həmkarlar İttifaqı Konfederasiyasına müraciət olunsa da müsbət nəticə əldə olunmamış və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi kimi 05.10.2007-ci il tarixdən hal-hazırkı dövrədək Həmkarlar İttifaqı Komitəsinin Gəncə "Gil- Torpaq" İstehsalat sahəsi üzrə təmsilçi vəzifəsində çalışmışdır. İddiaçı 20.02.2006-cı il tarixində "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsi əsasında ASC-də əmək fəaliyyətinə başlamış və 15.09.2016-cı il tarixində öz xahişi ilə əmək müqaviləsinə 148-K saylı əmrlə xitam verilmişdir. İddiaçı "xxxx" ASC-də xidməti fəaliyyəti dövründə təyin olunmuş əmək haqqını tamamilə əldə etmiş və əmək müqaviləsinə xitam verildikdən sonra 2017-ci ilin 14 sentyabr və 25 oktyabr tarixlərində son haqq-hesablar iddiaçıya "xxxx" ASC tərəfindən ödənilmişdir. Qeyd olunan tarixlərdən hal-hazırkı dövrədək İddiaçı ilə "xxxx" ASC arasında hər hansı hüquqi bir bağ və ya əlaqə qalmamışdır. Digər tərəfdən iddiaçının idda ərizəsində özünün də qeyd etdiyi kimi 05.10.2007-ci il tarixdən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin Gəncə "Gil-Torpaq" İstehsalat sahəsi üzrə əmək müqaviləsi bağlayaraq təmsilçi vəzifəsində əmək fəaliyyətinə başlamış və hal-hazırkı dövrədək Həmkarlar İttifaqı Komitəsində əmək fəaliyyətini davam etdirir. İddiaçı iddia ərizəsində qeyd etdiyi 13527.34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat əmək haqqı borcu məhz Həmkarlar İttifaq Komitəsi ilə bağlanmış əmək müqaviləsi əsasında göstərdiyi əmək fəaliyyətinə görə almalı olduğu, lakin hal-hazırkı dövrədək ala bilmədiyi əmək haqqıdır. X2 Komitəsi təşkilati-hüquqi forma baxımından müstəqildir və hər hansı bir şəxsi işə götürməsi, işdən çıxartması, əmək haqqlarının ödənilib-ödənilməməsi və s. kimi məsələlərdə "xxxx" ASC ilə hər hansı hüquqi bağlılığı və ya asılılığı yoxdur. Buna görə də iddiaçı cavabdeh kimi Həmkarlar İttifaqı komitəsini qeyd etməli idi. Odur ki, iddianı "xxxx" ASC-yə münasibətdə əsassız hesab edir və rədd edilməsini xahiş edir. Digər cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Metal İşçiləri Həmkarlat İttifaqı Federasiyası "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 05.10.2007-ci il tarixdən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin X9 İstehsalat sahəsi üzrə təmsilçisi vəzifəsinə təyin olunmuş və hal-hazıradək əmək fəaliyyətini davam etdirməkdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Metal İşçiləri Həmkarlat İttifaqı Federasiyası "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin arayışlarından görünür ki, "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinə müvafiq qayadada ödəniş etmədiyinə görə "xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat sahəsi üzrə təmsilçisi olan İddiaçı "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin 01.11.2009-cu il tarixdən 01.01.2019-cu il tarixədək həqiqətən 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat əmək haqqı borcu yaranmış və qeyd olunan əmək haqqını ödəyə bilməmişdir. İşdə olan "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat sahəsi üzrə 15.09.2016-cı il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 15.09.2016-cı il tarixdən xitam verilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat əmək haqqı borcu "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış əmək müqaviləsi əsasında göstərdiyi əmək fəaliyyətinə görə almalı olduğu, lakin hal-hazırkı dövrədək ala bilmədiyi əmək haqqıdır. X2 Komitəsi təşkilati-hüquqi forma baxımından müstəqildir və hər hansı bir şəxsi işə götürməsi, işdən azad etməsi, əmək haqqlarının ödənilib-ödənilməməsi və s. kimi məsələlərdə "xxxx" ASC ilə hər hansı hüquqi bağlılığı və ya asılılığı yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh "xxxx" ASC-yə qarşı hissəsi əsassızdır. Lakin iddiaçının tələb etdiyi borc onun əmək haqqı olduğuna görə, həmin pul məbləği cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən onun xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ-cı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddia tələbindən görünür ki, iddiaçı əmək haqqı ilə yanaşı cavabdehlərdən mənəvi ziyan olaraq 2000 (iki min) manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşin araşdırılan halları ilə və işdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə müvafiq ödənişlər edilmədiyinə görə, bununla da cavabdeh "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi özündən asılı olmayan cəbəblərə görə iddiaçıya əmək haqqını ödəyə bilməmişdir. Ona görə də, məhkəmə iddia tələbinin bu hissəsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə əsasən əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən 01.11.2009-cu il tarixdən 01.01.2019cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pul, 2020-ci və 2021-ci ilin cari ayları üzrə ödənilməyən əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3985/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3985/2021
25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver