Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4011/2024 15.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Mehdiyeva (Əliyeva) Xədicə Rauf qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Alkan (Əliyeva) Xanım Rauf qızı, Cavabdeh3 və Mehdiyeva (Əliyeva) Xədicə Rauf qızına qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Alkan (Əliyeva) Xanım Rauf qızının, Cavabdeh3 və Mehdiyeva (Əliyeva) Xədicə Rauf qızının Sumqayıt şəhəri, Z.Tağıyev qəs., S.Bəhlulzadə küç., ev 3, mənzil 25-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəh, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 25-də yerləşməklə iddiaçının mərhum həyat yoldaşı X4 mülkiyyətində olmuş və onun vəfatından sonra (2014-cü ildə) bu əmlak üzərində vərəsə payları müəyyən edilmiş xx.xx.2014-cü ildə miras şərikləri öz vərəsə paylarını iddiaçıya bağışlamaqla onun mənzil üzərində tam mülkiyyət hüququ qeydə alınmış və adına çıxarış verilmişdir. Cavabdeh1 iddiaçının oğlu Raufun həyat yoldaşı, digər cavabdehlər isə onun övladlarıdır-nəvələridir. Oğlu Rauf 2015-ci ildə dünyasını dəyişmişdir. Cavabdehlər 2000-ci ildən daimi olaraq mübahisəli mənzili tərk edərək köçmüş və artıq 24 ildir ki, bu mənzildə yaşamırlar.Onlar Abşeron rayonu Novxanı kəndində yerləşən və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar, 24 ildir ki, bu mənzillə bütün əlaqələrini kəsmişlər. Lakin cavabdehlərin daimi olaraq bu mənzili tərk etmələrinə baxmayaraq onların formal olaraq mənzildə qeydiyyatda qalmaları bu mənzillə bağlı hüquqlarının həyata keçirilməsində maneə yaradır, cavabdehlərin formal qeydiyyatına görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin evi tərk etməmişdir. o, 2003-2004-cü ildən sözügedən mənzildən çıxsada orada onun əşyaları vardır. Hazırda onun adına torpaq sahəsi olsada, üzərində olan ev ona məxsus deyildir. O, hazırki mübahisəli mənzildən övladı üçün pay istəyir. Digər qızı Cavabdeh2 hazırda Türkiyə Respublikasında ailə qurub orada yaşayır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, atasına məxsus olan paydan ona pay verilməsini istəyir. Belə ki, o, ailəli olub və ailəsi ilə Novxanı qəsəbəsində yaşamış və 2018-ci ildə boşanmışdır. Hazırda onun yaşamağa başqa yeri yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh4 (Əliyeva) iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, nənəsi evindən çıxanda körpə olub. O, Novxanı qəsəbəsində yerləşən həyət evində böyüyüb, orada məktəbə gedib. Hazırda ailə həyatı qurub Binəqədi rayonunda yaşayır. Onun əri məcburi köçkün olduğu üçün və dövlət tərəfindən veriləcək mənzil növbəsində olduqları üçün o, nənəsinin evindən qeydiyyatdan çıxa bilmir. Onun ərinə mənzil verildiyi halda o, həmin mənzildən qeydiyyatdan çıxacaqdır. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 (Əliyeva) qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Alkan (Əliyeva) Xanım Rauf qızı, Cavabdeh3 və Mehdiyeva (Əliyeva) Xədicə Rauf qızı Sumqayıt şəhəri, X7 Qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 25-də qeydiyyatdadırlar. İşə əlavə olan AZ-İ № 746744 saylı, xx.xx.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarı ilə ünvan 1i ünvanında yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində 13 yanvar 2006-cı il tarixli JN-1196A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi ilə Əliyeva (Mikayılova) İlhamə Salam qızının iki nəfər ilə ümumibirgə mülkiyyət hüququ qeydiyyata alınmış, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2021-ci il tarixli 2V-255 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 0.0788 ha həyətyanı torpaq sahəsi üzərində 29 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 6 oktyabr 2021-ci il tarixli 4Ə-2169 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.0788 ha həyətyanı torpaq sahəsinin 0.0322 ha hissəsi özgəninkiləşdirilmiş, 17 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0.0382 ha (0.0084 ha ümumi yol) həyətyanı torpaq sahəsi üzərində 24 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı mənzil kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı gəlini Cavabdeh1, nəvəsi Əliyeva Xədicə Rauf qızı, Cavabdeh3 və X12 S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 25-də qeydiyyatdadırlar. 2000-ci ildən qeyd olunan ünvanda yaşamırlar. İşdə olan xx.xx.2014-cü il tarixli “X10 müqaviləsi”nin surətindən görünür ki, X13, X14, X1 Səidə Arif qızı və X6 xx.xx.2013-cü il tarixli, 2V-740 №-li reyestrdə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını anaları İddiaçı bağışlamışlar. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X4 vərəsələri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, ev 3, mənzil 25-də qeydiyyatda olan arvadı-İddiaçı, oğlanları- X13, X14 qızı-X5 və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, məhəllə 24, ev 2-də qeydiyyatda olanlar qızı-X6, X9 bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzildən ibarətdir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlətqeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “RX seriyalı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 3, mənzil 25 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan şəxs haqqında elektron məlumatdan görünür ki, Alkan (Əliyeva) Xanım Rauf qızı xx.xx.2022-ci il tarixdə Ankara şəhərinə uçmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, cavabdehlər mübahisəli mənzili daimi olaraq könüllü şəkildə tərk edib və daimi yaşamaq üçün ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsində yerləşən fərdi evdə 2000-ci ildən yaşayırlar. Hazırda cavabdehlər formal olaraq iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmışdırlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlər ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin mənzildən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Alkan (Əliyeva) Xanım Rauf qızı, Cavabdeh3 və Mehdiyeva (Əliyeva) Xədicə Rauf qızına iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, X7 Qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 25 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4011/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4011/2024
15.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver