Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4045/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Oktay qızına qarşı məzar daşının dəyişdirilərək yenisi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid övladı X1 Sumqayıt şəhər şəhidlər xiyabanındakı qəbirüstü abidəsinin baş daşında əks edilmiş orden və medalların düzülüşündə yol verdiyi qanunazidd ardıcıllığa və medalın təkrar həkk edilməsinə görə yaratdığı xoşagəlməz görünüşə və ziyarətçilərin haqlı iradlarına görə Cavabdeh Oktay qızının üzərinə qəbirüstü abidənin baş daşı onun öz hesabına dəyişdirilərək və qeyd edilən nöqsanlar aradan qaldırılaraq yenisi ilə əvəz edilməsi öhdəliyinin qoyulması və yeni baş daşı hazır olduqdan sonra əvvəlki baş daşının sökülməsi və yenisinin qoyulmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladı X2 torpaqların azadlığı uğrunda gedən 2014cü il avqust döyüşlərində, 2016-cı il aprel döyüşlərində və 2020-ci ildə 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə gizir kimi iştirak etmiş, müharibədən sonra isə hərbi kurs keçərək zabit rütbəsi almışdır. Oğlu Respublikanın Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən xx.xx.2022-ci ildə keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. Oğlu Cavabdeh Oktay qızı ilə rəsmi qaydada ailə qurmuş, iki övladı olmuşdur. Övladının həlakından sonra gəlini Aynur onunla bütün əlaqəni kəsmiş, şəhid övladının yadigarları olan nəvələri ilə görüşməsinə əngəl törədir, onlara qarşı hörmətsizlik etməyə başlamışdır. Belə ki, Aynur “mən heç kimi hərləmirəm, ərimdən qalan hər şey mənə aiddir, heç kim mənim işimə qarışa bilməz, istədiyim kimi yaşayacam, evimdən çıxın və sairə” bu kimi ürək bulandıran söz və hərəkətlərlə ana kimi çəkdiyi iztirablara yeni bir iztirab qatmışdır. Aynurla dialoqa girərək onu düz yola dəvət etməyə çalışsa da müsbət nəticəsi olmamışdır. Bu qeyd edilənlər azmış kimi gəlini olan Cavabdeh Oktay qızı sosial şəbəkədə şərəf və ləyaqətini alçaldan ifadələr yazaraq yaxın qohum-əqrabasında ona qarşı mənfi fikir formalaşdırmağa çalışmışdır. Bu səbəbdən də o, cavabdehə və bacısı olan qudasına qarşı İsmayıllı Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırmış, iddia hələ ki, məhkəmənin icraatındadır, son nəticə verilməmişdir. Lakin, gəlinin ona və şəhid oğlunun ruhuna qarşı özbaşınalıqları və hörmətsizliyi davam etməkdədir. Belə ki, dövlət şəhid övladının xatirəsini əbədiləşdirmək üçün Sumqayıt şəhər şəhidlər xiyabanındakı qəbirüstü abidəsini düzəltmişdir. X4 qəhrəmancasına vuruşaraq şəhid olduğuna görə sağlığında və ölümündən sonra 13 müxtəlif orden və medallara layiq görülmüşdür. Övladının qara mərmərdən olan baş daşında ona dövlət tərəfindən verilən orden və medalların şəkli rəssam tərəfindən qanunamüvafiq qaydada orden və medalların düzülmə ardıcıllığı ilə həkk edilmişdir. Lakin, cavabdeh olan gəlini özbaşına olaraq və onların, eyni zamanda xiyabana nəzarət edən səlahiyyətlilərin razılığı olmadan Elnur Səmədovun ölümündən sonra təltif edildiyi “Vətən uğrunda” medalı baş daşında həkk olunmasına baxmayaraq səlahiyyətsiz bir həvəskar rəsasamı dəvət edib təkrarən həmin medalı baş daşında həkk etdirmiş, həmçinin 3cü dərəcəli “Rəşadət” ordenini “Azərbaycan bayrağı” ordenindən əvvəl yerləşdirmiş, ordenlərin dərəcələrinə görə düzülüş sırasını kobudcasına pozmuşdur. Bu nizamsızlıq və bir medalın baş daşında təkrar əks edilməsi şəhidlərin ziyarətinə gələn və orden-medallardan və onların düzülüş qaydasından başı çıxan şəxslərin nəzərindən qaçmamışdır. Belə ki, belə şəxslər etirazlarını gizlətməyərək “nə ehtiyac vardır bir medalı iki dəfə baş daşında əks etdirməyə?” deyərək tənə etmişlər. Bu isə həqiqətən ona böyük utanc vermiş və qüruruna toxunmuşdur. Hazırda qeyd edilən baş daşında cavabdehin göstərişi ilə yol verilən bu özbaşınalığın aradan qaldırılması yalnız baş daşının dəyişdirilməsi yolu ilə mümkündür. Bununla bağlı çəkilən xərclər cavabdehin üzərinə düşür və bu qeyri-müəyyənlik sonuncu tərəfindən onun vəsaiti ilə aradan qaldırılmalıdır. Yəni şəhid Elnur Səmədovun baş daşı yenisi ilə əvəz edilərək baş daşı üzərində orden və medalların əks edilməsi qanunvericiliyə uyğun düzülüş qaydasında, heç nəyi artırmadan və azaltmadan həyata keçirilməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, o, X2 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 2 övladı doğulmuşdur. X2 hərbiçi olmuş və 2014-cü il avqust döyüşlərində, 2016-cı il aprel döyüşlərində və 2020-ci ildə 44 günlük Vətən savşında iştirak etmiş və müharibədə zabit rütbəsi almışdır. Kəlbəcər bölgəsində zabit kimi hərbi xidmətdə olarkən xx.xx.2022-ci il tarixdə keçirilən qisas əməliyyatı zamanı şəhid olmuşdur. İddia tamamilə əsassızdır və qəbuledilməzdir. İddiçının öz iddia ərizəsində qeyd etdiklərinə dair heç bir əsaslı sübutu ola bilməz. İddiaçı məhkəməyə bir çox yalan məlumatlar vermişdir. İddia ərizəsində iddia tələbinə heç bir aidiyyəti olmayan ifadələr fikirlər vardır. Bu fikirlərin iddiaya aidiyyəti olmasa da o bu iddialara, fikirlərə cavab vermək məcburiyyətindədir. Belə ki, qarşı tərəf bu fikirləri iddiada yazmaq ilə onun barəsində mənfi fikrin yaranmasına çalışır. İddiaçının dediyi hərəkətləri o əsla etməmişdir. İddiaçı nə zaman öz nəvələri ilə görüşmək istəmişdirsə, o buna şərait yaratmışdır. Bu hal hələ də belədir. Həmçinin, iddiaçı nə zaman onun övladları ilə yaşadığı evə gəlmək istəmişdirsə, o buna etiraz etməmişdir. Həyat yoldaşının şəhid olmasından sonra da bu hal belə davam etmişdir. İddiaçı öz iddia ərizəsində ona və anasına qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırdığını söyləmişdir. Lakin, bu da yalandır, çünki həmin iddia ona və anasında qarşı deyil, ona və iddiaçının öz bacısı olan Qəmər Calalova adlı xalasına qarşı qaldırılmışdır. Qarşı tərəfin bu iş üzrə iddiaçı olması ümumiyyətlə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, HP021223 nömrəli cavabına əsasən o, şəhid həyat yoldaşı - X1 hüquqi varisi qismində tanınmışdır. Buna görə də iddiaçının bu barədə ona qarşı iddia qaldırması düzgün deyildir. Məhkəmə bu hala hüquqi münasibət bildirməlidir. Hətta fərz edilsə ki, iddiaçının iddia qaldırmaq hüququ vardır, belə olan təqdirdə belə iddia düzgün qaldırılmamışdır. Qanunvericiliyin tələbini o deyil, iddiaçı pozmuşdur. Yoldaşının məzar daşına “Vətən uğrunda” medalını qanuna zidd olaraq iddiaçı həkk elətdirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti bu barədə sərəncam imzalamazdan və siyahılar açıqlanmazdan da öncə iddiaçı bu medalı məzar daşına həkk etdirmişdir. O isə bu barədə hansısa orqana şikayət etməyərək mübahisə yaranmasını istəməmişdir. Sadəcə olaraq Prezident bu barədə, yəni adı keçən medalın şəhid həyat yoldaşına verilməsinə dair sərəncam imzaladıqdan sonra o həmin medalı şəhidin hüquqi varisi olaraq məzar daşına həkk etdirmişdir. Lakin, bundan sonra iddiaçı tərəf bundan şikayətlənərək qərəzli halda onun əks etdirdiyi medalı ağardaraq xoş olmayan mənzərənin yaranmasına səbəb olmuşdur. Bu isə ciddi qanun pozuntusudur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İ-5245 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X2 (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. - İ-318 №-li Azərbaycan Respublikası Ordeninin Vəsiqəsinin surətindən görünür ki, X2 (ölümündən sonra) “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif olunmuşdur. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Cavabdeh Oktay qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh Oktay qızının cinayət işi üzrə zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində iştirakı təmin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının övladı X2 şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” medalı və “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh cinayət işi üzrə zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində iştirakı təmin edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəlik daşımadığından iddia ona münasibətdə əsassızdır. Belə ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh Oktay qızına qarşı məzar daşının dəyişdirilərək yenisi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4045/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4045/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver