Məhkəmə qərarları › İş №2(060)-4062/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4062/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4062/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himyəçilik Komissiyasına qarşı “soyadın dəyişdirilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himyəçilik Komissiyasına qarşı “soyadın dəyişdirilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, oğlu X1 “İsmayılzadə”dən “Camal”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1988-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuşdur. O, 30 iyun 2008-ci il tarixdə X10iu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu barədə nikahın bağlanması, haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan 3 övladları dünyaya gəlmişdir. X5 19.10.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Şəhid olan ərinin ölümündən sonra yəni 12.02.2021-ci tarixdə kiçik oğlu X4 anadan olmuşdur. Bir ana kimi, şəhid xanımı kimi azda olsa təsəlli tapması üçün ərinin adını kiçik oğlunun soyadı olaraq dəyişdirmək istəyir. Odur ki, bütün bu səbəblərə görə kiçik oğlu X1 dəyişdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət edərək soyadın “İsmayılzadə”-dən “Camal”-a dəyişdirilməsini xahiş etmişdir. Lakin xahişi təmin olunmayaraq 18.03.2021-ci il tarixdə verilən cavabla imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himyəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 570559 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 12.02.2021ci il təvəllüdlü X2 atası X9, anası isə İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X3 arasında 30.06.2008-ci il tarixdə 174 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 19.10.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində digər növ partlayıcıların qəlpələrindən zədələnmiş və baş beyin diffuz travması nəticəsində həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli, 1/İ-17096 nömrəli arayışdan görünür ki, baş gizir X9 19.10.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən baş gizir X9 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himyəçilik Komissiyası tərəfindən verilmiş 18.03.2021-ci il tarixli, 141 nömrəli məktubundan görünür ki, iddiaçının övladı 12.02.2021-ci il təvəllüdlü X1 “Camal” kimi dəyişdirilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 12.02.2021-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində onun soyadı “İsmayılzadə”dən “Camal”a dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 339-340-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 12.02.2021-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydində onun soyadı “İsmayılzadə”-dən “Camal”-a dəyişdirilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydində dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar